Kraudfandinq platforması üzərindən əldə edilən mənfəət və gəlir vergidən azad ediləcək.
Azərbaycanda elektron ticarətdə də "ƏDV geri al" tətbiqi təklif olunur
FED.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov Milli Məclisin plenar iclasında "Kraudfandinq haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"İqtisadi stimullarla bağlı nə üçün məhz kraudfandinq platformasının seçilməsi məsələsinə gəldikdə, bizim təqdim etdiyimiz layihədə, hazırda ikinci oxunuşda olan başqa bir layihədə Vergi Məcəlləsinə düzəlişlər nəzərdə tutulub. Orada kraudfandinq platforması vasitəsilə həyata keçirilən fəaliyyətdən əldə edilən mənfəətin və gəlirin vergidən azad olunması norma şəklində təsbit edilib", - o qeyd edib.
Onun sözlərinə görə, digər bir sual platformadan kənarda baş verən maliyyələşdirmənin qiymətləndirilməsi ilə bağlıdır: "Bu məsələ ilə əlaqədar dövlətin mövqeyinin nə olduğu soruşulub. Platformadan kənar maliyyələşdirmə həyata keçirilə bilərmi? Bu, artıq digər sahəvi qanunvericiliyin predmetidir. Digər tərəflər üçün aydın olan məqam odur ki, dövlət kraudfandinq platformasının hüquqi və qanuni əsasını təsdiq edib. Nəticə etibarilə, buradan yaranan münasibətlərin tənzimlənməsini dövlət həm investor, həm də layihə sahibi üçün qanuni tələb kimi qəbul etdiyinə görə, bu cür mübahisələrdə istinad edəcəyimiz tənzimləmə məsələsi artıq həllini tapmış olur". (Report)














