“Lotereyalar haqqında” qanuna “virtual lotereya” anlayışı daxil edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.
Qanuna əsasən, virtual lotereya uduşlu lotereya biletlərinin sahiblərinə uduşların təqdim edilməsi ilə müşayiət olunan və ya mərc imkanları yaradan kompüter alqoritmləri vasitəsi ilə keçmişdə baş vermiş real idman və digər yarışlar sırasından seçilmiş yarışlar əsasında və ya kompüter alqoritmləri vasitəsi ilə simulyasiya edilən və ya yaradılan lotereya formasıdır.
Virtual satıcı idman mərc oyunlarının operatoru ilə bağlanmış müqaviləyə əsasən yalnız idman mərc oyunlarının operatorunun əmtəə nişanından istifadə edərək onun təşkil etdiyi idman mərc oyunlarının satışını həyata keçirən və idman mərc oyunlarının iştirakçıları ilə idman mərc oyunlarının operatoru arasındakı bütün əlaqələri virtual mühit vasitəsilə mərkəzi mərc sisteminə bağlı olaraq təmin edən hüquqi şəxsdir.
Virtual mühit lotereya təşkilatçısının lotereyaların oynanılması üçün yaratdığı telekommunikasiya şəbəkələri, informasiya sistemləri və şəbəkələri, informasiya-telekommunikasiya şəbəkələri, o cümlədən internet şəbəkəsi, mobil rabitə şəbəkələri, sosial media platformaları, digər elektron rabitə vasitələri, internet və mobil telekommunikasiya tətbiqləri, habelə digər texnologiyalara əsaslanan texnologiyalardır.
Bununla əlaqədar elektron lotereyanın təsnifatı da dəyişir. Hazırda qüvvədə olan qanuna görə, elektron lotereya lotereyanın keçirilmə formasından asılı olmayaraq, lotereya təşkilatçısının lotereya biletlərinin yayılmasını və lotereya iştirakçıları arasında uduş fondunun oynanılmasını informasiya sistemləri və şəbəkələri vasitəsilə həyata keçirdiyi lotereyadır. Dəyişikliyə əsasən, elektron lotereya lotereya iştirakçıları arasında uduş fondunun lotereya terminalları və ya virtual mühit vasitəsi ilə oynanılması həyata keçirilən lotereya olacaq.