Fiziki şəxslərin lotereya təşkilatçısı tərəfindən keçirilən lotereyalardan və idman mərc oyunları operatoru tərəfindən keçirilən idman mərc oyunlarından pul şəklində əldə etdiyi 500 manatadək uduşlar gəlir vergisindən azad edilir.
Eləcə də bax: Azərbaycanda idman mərc oyunlarının və lotereyaların reklamı - QADAĞAN EDİLİR
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Vergilər Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Eyni zamanda, lotereya biletlərinin satıcısı ilə bağlanmış müqavilə əsasında və onun tapşırığı əsasında lotereya biletlərinin bütün mərhələlərdə agent qaydasında satışının həyata keçirilməsi üzrə göstərilən xidmətlərdən əldə olunan gəlirlər də gəlir vergisindən azad olunur.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, hazırda lotereyalardan pul şəklində əldə edilən uduşların 10 manatadək olan hissəsi gəlir vergisindən azaddır.
Layihə üçüncü oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.