Azərbaycanda keçirilən beynəlxalq idman tədbirləri ölkəmiz üçün böyük faydalar gətirib, gənclərimiz geniş təcrübə əldə edilib. Bunu gənclər və idman naziri Azad Rəhimov böyük idman yarışlarına ev sahibliyi etməyin Azərbaycan üçün faydaları ilə bağlı keçirilən konfransda çıxışı zaman deyib.
A.Rəhimov bildirib ki, keçirilən yarışlar sayəsində idmançılarımızın təcrübəsi genişlənir, hər il Azərbaycan idmançılarının qazandığı medalların sayı artır.
Nazir bildirib ki, Azərbaycanda dünya standartlarına cavab verən maddi texniki baza yaradılıb: “Həm Bakıda, həm regionlarda müasir idman kompleksləri tikilib. Biz görürük ki, Afina olimpiya oyunlarından sonra orada olimpiya kəndi tamamilə dağılmış vəziyyətdədir. Baxmayaraq ki. Rio de Janeyro olimpiyadasından qısa bir müddət keçib orada bir neçə stadion acınacaqlı vəziyyətdədir, istifadəsiz qalıb. Bizim işimiz ondan ibarətdir ki, bizdə tikilən idman infrastrukturları xalqımızın, gənclərin istifadəsinə verilsin. Misal üçün Su hovuzu kompleksinin 2 mindən çox üzvü var, Bakı sakinləri, idmançılar hr gün kompleksdən istifadə edir. Eyni zamanda stend atıcılığı kompleksinə idmançılar, Bakı sakinləri gəlir, orada iş fəallaşır. Çimərlik oyunları kompleksi gözəl şəraitdə saxlanılıb. Milli Gimnastika Arenasında müxtəlif yarşlar keçkirilir. Voleybol üzrə Avropa çempionatı Milli Gimnastika Arenasında keçiriləcək. Yəni demək istəyirəm ki, bütün idman infrastrukturları insanlarımızın üzünə açıqdır. Orada çalışan insanlar da bu yarışmalarda təcrübə qazanmış gənclərdir”.
Nazir bildirib ki, ümumiyyətlə iki il ərzində Azərbaycanda keçirilən yarışlar gənclərimiz və ölkəmiz üçün böyük bir təcrübə olub: “Yarışlara 17 mindən artıq könüllü cəlb olunub. Könüllülərin, texniki heyətin formaları Azərbaycanda tikilib, idmançılara təqdim olunan medallar Azərbatcanda istehsal olunub. Bununla bağlı onlarla misal gətirmək olar”.
A.Rəhimov vurğulayıb ki, bu yarışlar həmçinin Azərbaycanda turizmin inkişafı üçün mühüm rol oynayıb: “Sahmat olimpiyadasında bizə əlavə 10 otaq lazım idi, lakin tapa bilmirdik, çünki otellər qonaqlarla dolu idi. Bu tədbir həm də Azərbaycanın dünya xəritəsində yerini tapmağa kömək edir. Bir neçə il əvvəl Azərbaycanı o qədər də yaxşı tanımırdılar. İndi ən uzaq ölkələrdə də Azərbaycanı tanıyırlar. Bütün bunlar ölkədə keçirilən idman yarışlarının, mədəniyyət tədbirlərinin, qlobal forumların keçirilməsinin nəticəsidir”.