Bu gündən başlayaraq Rusiya Federasiyasının Kazan şəhərində YUNESKO-nun Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Məmurların növbəti Beynəlxalq Konfransı (MİNEPS VI) öz işinə start verir. İki gün davam edəcək konfransda Azərbaycanı gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Nazirlikdən FED.az-a bildirilib ki, konfransın əsas məqsədi idman sahəsində beynəlxalq tendensiyaların qiymətləndirilməsi, bədən tərbiyəsi və idman sahəsində beynəlxalq strategiyalar üçün mexanizmlərin hazırlanmasıdır ki, onlar gələcəkdə idman siyasətinin reallaşmasında məsul dövlət orqanları və idman təşkilatları üçün əsas istiqamət rolunu oynayacaqdır. Konfransda həmçinin Kazan deklarasiyasının müzakirə olunub qəbul edilməsi də planlaşdırılır.
Konfransda YUNESKO-ya üzv 196 ölkənin bədən tərbiyəsi və idman sahəsinə məsul rəhbərlərinin və nazirlərinin, həmçinin dövlət, beynəlxalq, qeyri-hökumət və elmi idman təşkilatlarının nümayəndələrinin və ekspertlərinin iştirakı gözlənilir.
Konfrans çərçivəsində nazir Azad Rəhimovun çıxışı nəzərdə tutulur. Çıxışı zamanı Azad Rəhimov hər bir şəxsin, istər təhsil, istərsə də digər sahələrdə cəmiyyətdə inkişafında, sağlam nəslin formalaşmasında idmanın müstəsna rolundan, bununla yanaşı, Azərbaycanın idman uğurlarından və hal-hazırda bu istiqamətdə görülən işlərdən, ölkəmizin 2015 Avropa oyunları, Formula 1 Grand Prix turniri, 2017 IV İslam Həmrəyliyi oyunları və digər mötəbər idman tədbirlərinə uğurla ev sahibliyi etməsindən, oyunlar zamanı ölkəyə olan turist axınından, ölkədə fəaliyyət göstərən idman qurğularından və eyni zamanda, həyata keçirilməsi nəzərdə tutulan iri layihələr barədə məlumat verəcək.
Ümumilikdə konfransda 3 əsas mövzuda panel müzakirələrin təşkili nəzərdə tutulmuşdur ki, buraya, “hamının idmanla məşğul ola bilməsi üçün hərtərəfli yanaşmanın işlənib hazırlanması” mövzusu ətrafında baş tutacaq panel iclasda- dövlət idman strategiyası və planları, hökumət orqanları ilə maraqlı tərəflər arasında əməkdaşlıq, gender bərabərliyi, diskriminasiya və keyfiyyətli bədən tərbiyəsi, “idmanın davamlı inkişafa və sülhə dəstəyinin artırılması” mövzusu ətrafında panel iclasda- fiziki fəallıq və sağlamlıq, sosial inteqrasiya, vətəndaş tərbiyəsi və dəyərlərin təşviqi, gənclərin hüquq və imkanlarının artırılması, milli və ənənəvi idman oyunları, konflikt vəziyyətlərdə idman, idmanın ekologiya, iqlim dəyişikliklərinə və iqtisadiyyatın inkişafına təsiri və “İdmanın təmizliyinin qorunması” mövzusu ətrafında panel iclasda isə idman təşkilatlarının səmərəli idarə olunması, idman yarışlarının manipulyasiyası, dopinqlə mübarizə, iştirakçıların, tamaşaçıların, uşaqların müdafiəsi və s. məsələləri daxildir.
Qeyd edək ki, beynəlxalq konfrans YUNESKO-nun Bədən tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsi, Beynəlxalq Olimpiya Komitəsi, Beynəlxalq Paralimpiya Komitəsi, Hər kəs üçün İdman Beynəlxalq Assosiasiyası, Bədən tərbiyəsi və İdman Beynəlxalq Şurası və Rusiya Federasiyasının İdman Nazirliyi ilə birgə təşkil olunur.
Nazir Azad Rəhimov Kazan şəhərinə gedib
10:34
14 İyul 2017