“Qəbələ” bəyanat yayıb. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” Azərbaycan Premyer Liqasının XX turunda “Kəpəz”lə oyundan sonra baş verən neqativ hallarla əlaqədar kluba kəsilən cəzalardan narazılıq bildirib: “Kəpəz”lə oyunda baş verən hadisələrlə bağlı AFFA İntizam Komitəsi 02.03.2017-ci il tarixində klubumuzun üzvlərini cəzalandırıb. “Qəbələ” İK bu haqda artıq AFFA Apellyasiya və Ekspert Komitəsinə müraciət edərək, məsələyə yenidən baxılmasını xahiş edib. Futbolçumuz Nika Kvekveskirinin 3 oyunluq cəzalandırılması həddən artıq sərt qərardı. Videotəkrardan bəlli olduğu kimi, ən sərt hakim Kvekveskirini maksimum iki sarı vərəqə ilə cəzalandıra bilərdi. Çünki “Kəpəz”in futbolçusu Nicat Qurbanovun gözlənilməz və yolverilməz hərəkətindən sonra futbolçumuz özünü müdafiə etmək üçün instinktiv reaksiya verərək rəqibi əli ilə itələmişdi”.
Bəyanatda qeyd olunur ki, həmin hadisə vaxtı və hadisədən sonra onun hərəkətlərində hər hansı aqressiya müşahidə edilmir. Bu haqda klubun etirazı oyunun protokolunda əksini tapıb: “Hesab edirik ki, Kvekveskiriyə verilmiş cərimə həddindən artıq ağırdı və minimuma endirilməlidi. Həmçinin, klubun əməkdaşları Səbuhi Qarayev, Səməd Nəsibov, Səbuhi Səfiyarlı və Zaur Əzizova verilmiş cərimələr də çox yüksəkdi. AFFA İntizam Komitəsi hakimlər briqadasının yazdığı qeyri-obyektiv raporta əsaslanaraq bu qərarı çıxarıb. Qeyd etmək istərdik ki, sözügedən əməkdaşlarımız, həqiqətən də, birinci hissədən sonra hakimlər briqadasına etirazını bildirib. Lakin bu etiraz fiziki təsir həddinə çatmamış, hakimlər polislərin müşayiəti ilə soyunub-geyinmə otağına daxil olmuşlar. Bu zaman yan xətt hakimi Rza Məmmədovun klubumuza qarşı qeyri-etik ifadə işlətməsi hadisələrin daha da böyüməsinə səbəb olmuşdu”.
Bəyanatda bildirilir ki, çempionat sona yaxınlaşdıqca, klub əməkdaşlarının hakimlərə etirazının səbəbləri başadüşüləndi: “İndiyədək dəfələrlə AFFA rəsmiləri belə “Qəbələ”yə qarşı saysız-hesabsız hakim səhvlərinin olduğunu etiraf ediblər. Lakin heç vaxt klubumuz tərəfindən “ədalət təmsilçilərinə” qarşı aqressiya nümayiş etdirilməyib. Xüsusilə, Avropa meydanlarında layiqli idarəçiliklə diqqət çəkən perspektivli hakim Əliyar Ağayevin “Qəbələ”nin oyunlarında yol verdiyi səhvlərin nədən qaynaqlandığını anlamaq mümkün deyil. Məhz həmin Ə. Ağayev “Kəpəz”lə oyunda son 2 mövsümdə 4-cü dəfə futbolçularımıza mübahisəli qırmızı vərəqə göstərərək, komandamıza qarşı qərəzli mövqe göstərib. Başqa oyunlarda analoji vəziyyətlərdə loyallıq göstərən, açıq mübarizəyə şərait yaradan FİFA referisi briqadası ilə birlikdə cəmi 2 tur əvvəl (“Zirə”, 2:2) “Qəbələ”nin 2 xal itirməsinə səbəb olmuşdu. Təəssüf ki, ölkə idman ictimaiyyətinin böyük ümidlər bəslədiyi referi Ə. Ağayev belə idarəçiliklə həm öz, həm də təmsil etdiyi qurumun nüfuzuna zərbə vurmaqdadı”.
“Qəbələ” daim ədalətli oyun prinsiplərinin tərəfdarıdı və Premyer Liqanın qarşıdakı 8 turunun məhz bu prinsiplər əsasında keçiriləcəyinə ümid bəsləyir.