Yerli kosmetik vasitələrinin istehsalçısı “Gazelli Group” şirkəti bu il Bakıda keçiriləcək Azərbaycan Qran Prisi çərçivəsində “Bakı Marşal Klubu”-na dəstək göstərəcək.
Əldə olunan razılığa əsasən “Gazelli Group” şirkəti 23-25 iyun 2017-ci il tarixlərində Bakıda baş tutacaq Azərbaycan Qran Prisində fəaliyyət göstərəcək marşalları öz məhsulları ilə təmin edəcək.
“Gazelli Group” şirkətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Yelena Eyvazlı ölkəmizdə keçirilən yarışa dəstək göstərməkdən böyük məmnunluq duyduğunu bildirib: “Şirkətimiz Azərbaycanda baş tutan əksər ictimai, mədəni və idman tədbirlərinə hər zaman öz dəstəyini göstərir. Azərbaycan Qran Prisinə də istehsal etdiyimiz məhsullarla töhfə verəcəyimizə görə olduqca şadıq. Biz növbəti illərdə də oxşar tədbirlərə dəstək verməkdə davam edəcəyik.”
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin direktoru və bu qurumun tərkibində fəaliyyət göstərən “Bakı Marşal Klubu”-nun rəhbəri Çingiz Mehdiyev göstərilən əməkdaşlığa görə öz təşəkkürünü bildirib: “Marşallar müxtəlif hava şəraitində təlim keçirək yarışa hazırlaşırlar və xüsusən də uzun çəkən yarış sessiyaları zamanı əksər hallarda günəşdən qorunma vasitələrinə ehtiyac duyurlar. İnsanı hər zaman diqqət mərkəzinə qoymaq “Bakı Marşal Klubu”-nun başlıca dəyərlərindəndir və biz bunu rəhbər tutaraq marşallarımız üçün hər zaman ən keyfiyyətli vasitələri seçirik. Bu il yarış zamanı marşallarımız “Gazelli Group” şirkətinin bizə təqdim etdiyi xüsusi kosmetik vasitələrini istifadə edəcəklər. Biz də öz növbəmizdə göstərilən diqqətə və dəstəyə görə “Gazelli Group” şirkətinə dərin minnətdarlığımızı bildiririk.”
Qeyd edək ki, "Gazelli Group” şirkəti artıq 18 ildir ki, fəaliyyət göstərir.