Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları üçün biletlər mart-aprel aylarında satışa çıxarılacaq.
Bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə Koordinasiya Komissiyasının 4-cü iclasından sonra keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, biletlərin satışı birinci Avropa Oyunlarında olduğu qaydada həyata keçiriləcək: “Bakıda bir neçə yerdə, o cümlədən tərəfdaş olan ticarət mərkəzlərində satış mərkəzləri olacaq, həmçinin internet vasitəsilə biletlərin satışı həyata keçiriləcək”.
Biletlərin qiymətlərinə gəlincə, nazir qeyd edib ki, qiymətlər Avropa Oyunlarında olan biletlərin qiymətindən artıq olmayacaq.