Mart ayının 19-dan etibarən Bakı 2017 Oyunlarına bilet satışına start verilmişdir. Qeyd edək ki, iTicket.az Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları biletlərinin satışını həyata keçirən rəsmi bilet satışı təşkilatçısı və dəstəkçisidir.
FED.az xəbər verir ki, iTicket.az, 2016-ci ildən etibarən öz fəaliyyətinə başlamışdır. iTicket.az həm onlayn, həm də oflayn olaraq konsertlərə, teatrlara, idman və əyləncəli tədbirlərə bilet satışını reallaşdırır. Bakı şəhərində 15-ə yaxın satış nöqtəsi iTicket.az idarəçiliyi altında fəaliyyət göstərir. Onlayn alınmış biletlər şəhərin hər bir nöqtəsinə 24/7 saat ərzində çatdırılır.
Bakı 2017 Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov bildirmişdir: “Biletlərin satışa buraxılması ən vacib addımlardan biri idi və əminik ki, oyunları, eləcə də açılış və bağlanma mərasimlərini seyr etmək üçün hər kəs öz yerlərini təmin etmək və öncədən biletlərini tez bir zamanda almaq arzusundadır. Biletlərin qiymətləri Bakı 2015 Avropa Oyunları zamanı olduğu kimi münasib qalacaq.”
iTicket.az şirkətinin Baş Direktoru Ziya Məmmədov qeyd etmişdir: “Sözsüz ki, bizim üçün təkçə Bakı 2017 Oyunlarının rəsmi dəstəkçisi deyil, həmçinin bilet sisteminin təminatçısı olmaq böyük şərəfdir. Bizim qarşımıza çox növlü idman tədbirinin beynəlxalq stardartlara cavab verən bilet sistemini hazırlayıb tətbiq etmək kimi asan olmayan bir tapşırıq qoyulmuşdur. Qürur hissi ilə qeyd edirəm ki, bizim komandamız bu tapşırığı uğurla yerinə yetirdi və bügün iTicket.az Azərbaycanda özünün bu sahədə olan Avropalı həmkarlarını əvəz edə bilən yeganə şirkətdir.”
Artıq biletləri həm Bakı 2017-nin rəsmi veb səhifəsindən (www.baku2017.com/tickets), həm də Park Bulvar, Gənclik və 28 Mall ticarət mərkəzləri də daxil olmaqla Bakının müxtəlif yerlərində yerləşən 12 bilet satışı məntəqələrindən (ASAN xidmətin 5 nöqtəsi də daxil olmaqla), eləcə də oyunların keçiriləcəyi 17 yarış obyektində açılacaq bilet satışı kassalarından əldə etmək mümkündür.
iTicket şirkəti Bakı 2017 Oyunlarına bilet satışına dəstək verir
10:26
23 Mart 2017