Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları çərçivəsində futbol yarışlarının iştirakçı komandaları açıqlanıb.
İslamiadanın Əməliyyat Komitəsindən verilən məlumata görə, 8 kollektivin mübarizə aparacağı turnirdə ev sahibi Azərbaycan milli komandası ilə yanaşı Türkiyə, Səudiyyə Ərəbistanı, Kamerun, Mərakeş, Oman, Fələstin və Əlcəzair komandaları çıxış edəcək. Hər bir ölkə 23 yaşadək futbolçulardan ibarət yığma ilə təmsil olunacaq. Lakin bununla yanaşı, yaşı 23-dən yuxarı olan 3 oyunçu da heyətdə yer ala bilər.
Püşk nəticəsində 8 komanda 2 qrupa bölünəcək. Qrup mərhələsinin oyunlarından sonra hərəsindən 2 ən güclü yığma yarımfinala yüksələcək. 1/2 final görüşlərinin qalibləri finalda, məğlubları isə 3-cü yer uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, futbol yarışları mayın 8-də başlayacaq və qalibin adına həmin ayın 21-də aydınlıq gələcək. İslamiadada 23 yaşadək oyunçular mübarizə aparacaq.