İdman

İslamiada 34 ölkədə yayımlanacaq

İslamiada 34 ölkədə yayımlanacaq | FED.az
15:19 12 Aprel 2017
Bakı 2017 İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi bu gün Oyunları 34 ölkənin tamaşaçılarına təqdim edəcək hüquq sahibləri ilə yayım razılıqlarını elan edib.

Oyunların keçirilməsinə bir ay qaldığı müddətdə elan olunan razılığa əsasən hüquq sahibi olan bütün yayım şirkətləri aşağıda qeyd olunan bölümlər əsasında oyunlarla əlaqədar yayım materiallarından eksklüziv istifadə hüququna malik olacaqlar:
  • Müvafiq olaraq 12 və 22 may tarixlərində Bakı Olimpiya Stadionunda baş tutacaq Açılış və Bağlanış Mərasimlərinin canlı yayınlanması;
  • Oyunların ən yaxşı idman yarışlarından və medal uğrunda mübarizələrindən ibarət bir saatlıq gündəlik proqram;
  • Türkiyə, Kamerun, Seneqal, Səudiyyə Ərəbistanı, Oman, Fələstin, Əlcəzair və Azərbaycan komandaları arasında keçiriləcək futbol üzrə 16 qarşılaşmanın canlı yayımlanması;
  • Oyunlar haqqında iki saatlıq proqram.
Şimali Afrika və Orta Şərq ölkələrində yayım hüququnu Ərəb Dövlətlərinin Yayım Birliyi (Arab States Broadcasting Union ASBU) əldə edib. 22 ölkənin əsas ödənişsiz dövlət yayım şirkətlərini Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarını öz kanallarında nümayiş etdirmək imkanı əldə ediblər.
TV Media Sport (TVMS) Saxaradan cənubda yerləşən Afrika ölkələrinin eksklüziv agenti qismində razılığı imzalayıb. Agent 12 ölkənin yayım şirkətləri - Fil Dişi Sahili (RTI), Nigeriya (NTA Sports 24), Tanzaniya (AZAM MEDIA GROUP ZBC2), Uqanda (UBC), Mozambik (TVM), Çad (ONRTV), Mali (ORTM), Qvineya (RTG), Niger (ORTN), Konqo Demokratik Respublikası (RTNC), Mavrikiy (MBC) və Burkina-Faso (RTB) - qarşısında oyunlardan canlı yayımların və proqramların yayınlanması ilə bağlı öhdəlik götürüb.

TV Media Sport şirkətinin prezidenti Hedi Hamel bu razılıq haqqında danışaraq deyib: "Beynəlxalq idman tədbirlərinin diversifikasiyası hər zaman TV Media Sport şirkətinin güclü fəaliyyət istiqaməti olub və olmaqdadır. Bakı 2017 IV İslam Həmrəyliyi oyunları bu strategiyamızın mükəmməl təcəssümü olacaq".

Bakı 2017 Əməliyyat Komitəsi eyni zamanda Türkiyənin aparıcı yayım şirkəti TRT ilə də razılıq müqaviləsi imzalayıb. Bununla da, 2021-ci ildə keçirilməsi planlaşdırılan 5-ci İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək Türkiyə, Bakıda keçiriləcək oyunları canlı izləmək imkanı əldə edəcək.
TRT Spor kanalının rəhbəri Mehmet Şahin əlavə etdi: "TRT Bakı 2017 ilə əməkdaşlığından və qarşıdan gələn Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının Türkiyədə yayımlanması üçün eksklüziv hüquqa malik olmasından çox məmnundur."

"Biz Oyunları TRT Spor və TRT AVAZ kanallarımızda Türkiyə xalqına təqdim etmək üçün ev sahibliyi edən ölkənin yayım şirkəti BMM ilə və bütövlükdə AİHOƏK komandası ilə əməkdaşlıq etdiyimizə görə şadıq."

Oyunlar həmçinin IP vasitəsilə müvafiq olaraq ATV və Milli Rabitə Şəbəkəsi (NCN) tərəfindən Surinam və Qayanada da yayınlanacaq.
Bakı 2017-nin Baş Əməliyyat üzrə Direktoru Mayk Loynd bu yayım razılıqları haqqında danışaraq qeyd edib: "Biz çox şadıq ki, üç qitədə yerləşən 34 ölkənin tamaşaçıları Bakı 2017 İslam Həmrəyliyi Oyunlarını izləmək imkanına malik olacaq".

"Beynəlxalq yayım şirkətləri Bakı 2017 IV İslam Həmrəyliyi oyunlarının yayımına çox böyük maraq göstəriblər. İslam ölkələrində yaşayan əhalinin IV İslam Həmrəyliyi oyunlarına böyük maraq göstərməsi bizi çox sevindirir. Düşünürəm ki, 12 may tarixində baş tutacaq Açılış Mərasiminə qalan növbəti həftələrdə daha çox yayım tərəfdaşlıqları haqqında məlumat verə biləcəyik".

Bakı 2017 İslam Həmrəyliyi Oyunlarında İHİF-in dörd qitədə yerləşən 57 üzv ölkəsinin hər birindən olan idmançılar iştirak edəcək. İdmançılar futbol, atletika, gimnastika, güləş və boks daxil olmaqla 20 idman növü üzrə medal uğrunda 270 mübarizədə yarışacaq.

Bakı 2017 İslam Həmrəyliyi Oyunlarına biletlər Baku2017 veb-saytı www.baku2017.com vasitəsilə onlayn rejimdə və ya Bakıda yerləşən 12 satış məntəqəsində satışdadır.

Digər xəbərlər

Banner