Dünya şöhrətli "Formula 1" pilotu Devid Kulthard Azərbaycana səfər edərək yarışın ən yeni treki Bakı Şəhər Halqası ilə yaxından tanış olub.
FED.az xəbər verir ki, D.Kulthard bu gün Bakıda keçirilən mətbuat konfransında Bakıya növbəti səfərindən olduqca məmnun qaldığını bildirib:
"2017 Formula 1 Azərbaycan Qran Prisi öncəsi Bakıya dəvət olunmağım mənim üçün böyük şərəfdir. Həqiqətən də Bakı sahib olduğu tarixi və müasir gözəllikləri və həmçinin özündə daşıdığı şərq və qərb mədəniyyətinin izləri baxımından ziyarət olunacaq möhtəşəm şəhərdir. Mən tam əminəm ki, bu ilin yayında Bakıda baş tutacaq növbəti Formula 1 yarışı ötən ildəkindən daha maraqlı olacaq. Xüsusən, trekin dar hissələri 2017-ci ilin eyni təkərli bolidləri üçün daha da çətinlik yaradacaq. Nəticədə biz bu il daha gərgin mübarizənin şahidi olacağıq. Mən həqiqətən də bu yay yenidən Bakıya qayıtmağı səbirsizliklə gözləyirəm".
Bu gün baş tutan trek gəzintisindən başqa, D.Kulthard yerli azarkeşlərin iştirakı ilə paytaxtda baş tutacaq bir sıra tədbirlərə də qatılacaq. O, həmçinin Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin kollektivi ilə görüş keçirəcək.