Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçlarına start veriləcək.
Apasport.az saytının məlumatına görə, Azərbaycan futbolu tarixində ilk dəfə ölkəmiz bu raundda təmsil olunacaq. Ardıcıl 4 dəfə ölkə çempionu olan “Qarabağ” qitənin ən nüfuzlu klub turnirində qrupa düşmək üçün son addımı atmağa çalışacaq. Son 3 ildə pley-offun astanasında ilişən Qurban Qurbanovun yetirmələri bu raunddakı ilk matçını evdə keçirəcək. Ağdamlılar Tofiq Bəhramov adına Respublika stadionunda “Kopenhagen”lə üz-üzə gələcək. Əyalət klubu Danimarka çempionunu zərərsizləşdirməklə daha bir tarix yazmağın astanasındadır.
Bu, Azərbaycan klublarının şimal ölkəsinin təmsilçiləri ilə ikinci duelidir. İlk qarşılaşmalar da məhz bu iki komanda arasında olub. 1998/99 mövsümünün Kuboklar kubokunda “Qarabağ”la “Kopenhagen”in yolları kəsişib. Həmin vaxt iki oyunun cəmində 0:10 (0:6 və 0:4) hesabı ilə uduzan “Qarabağ” 19 il sonra revanş almağa köklənib.
Qeyd edək ki, “Qarabağ”la “Kopenhagen” arasında cavab oyunu avqustun 23-də keçiriləcək. Cütün qalibi Çempionlar Liqası, məğlub komanda Avropa Liqasının qrupunda oynayacaq.