Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) 23 əməkdaşı həm sağlamlığı təmin etmək, həm də ehtiyacı olanlara dəstək göstərmək məqsədilə aprelin 30-da “Bakı Marafonu 2017”-də iştirak edəcək.
Şirkətdən FED.az-a verilən məlumata görə, “Sağlamlıq naminə qaç!” devizi altında marafona qoşulan BŞH-nin əməkdaşları aparılan qaçış kampaniyası çərçivəsində toplanan vəsaiti ürək çatışmazlığından əziyyət çəkən doqquz yaşlı Leyla Rəfizadənin əməliyyatı üçün sərf edəcəklər.
BŞH-nin İnsan Resursları şöbəsinin rəhbəri və builki marafonun iştirakçısı İranə Əhmədova əməliyyat şirkətinin əməkdaşlarının yarışa qatılmağına belə münasibət bildirib: “Sağlam həyat tərzinin təbliği, gənclərin inkişafı və xeyriyyə tədbirlərinin keçirilməsi Bakı Şəhər Halqası Əməliyyat şirkətinin əsas dəyərlərindəndir. Bakı marafonunda iştirak etməklə biz cəmiyyətdə öz dəyərlərimizi təbliğ edir və hər kəsi bu ideyaya qoşulmaqda fəal olmağa çağırırıq.
Şirkətimizin hər bir əməkdaşı Leyla üçün keçirdiyimiz aksiyanı dəstəkləyir və biz inanırıq ki, göstərilən yardımlar nəticəsində Leyla tezliklə şəfa tapacaq. Biz BŞH əməliyyat şirkəti olaraq xeyriyyəçiliyin cəmiyyətimizdə daha geniş vüsət alması və eyni zamanda bunun cəmiyyətin əsas dəyərlərindən birinə çevrilməsi üçün bundan sonra da öz dəstəyimizi göstərməyə davam edəcəyik. Hamını keçirdiyimiz xeyriyyə aksiyamıza qoşulmağa dəvət edirik!”
Marafonda iştirak etmək BŞH-nin əməkdaşları arasında artıq ənənəyə çevrilib. Builki marafona qatılanlardan Ayan Ağayeva və Bülənt Özərdim həm də beynəlxalq marafonların iştirakçılarıdır. Ötən il baş tutmuş Bakı marafonunda əməliyyat şirkətini 3 nəfər təmsil etmişdi və iştirakçılardan Ayan Ağayeva həmin marafonu qadınlar arasında 21-ci yerdə başa vurmuşdu.
Qeyd edək ki, əməliyyat şirkəti 2016-cı ilin dekabrında keçirilmiş “Soyuq əllər, isti ürək” kampaniyası çərçivəsində “Sən də yardım əlini uzat!” devizi altında ürək çatışmazlığından əziyyət çəkən azyaşlı Zeynəb üçün 3500 manat həcmində vəsait toplamışdı. İndiki kampaniya çərçivəsində isə şirkət Leylanın ürək əməliyyatı üçün tələb olunan 3500 manatlıq vəsaiti yığmağa çalışır. Toplanan vəsait əməliyyata sərf olunması üçün “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyinə təqdim olunacaq.
BŞH-nin əməkdaşları Bakı marafonunda xeyriyyə üçün qaçacaqlar
17:00
28 Aprel 2017