Bu gün BP şirkəti və Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi tərəfdaşlıq haqqında saziş imzalayıblar.
Saziş Azərbaycan gənclər və idman naziri, İslam Həmrəylik Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell tərəfindən imzalanıb.
FED.az xəbər verir ki, bu tərəfdaşlıq BP-nin Azərbaycanda idmanın inkişafına dəstək üzrə öhdəliyinin bir hissəsidir və şirkətin London-2012 Yay Olimpiya Oyunları və Bakı 2015 Avropa Oyunlarında uğurlu təcrübəsi və əməkdaşlığına əsaslanır.
Həmçinin Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı olmaqla BP şırkəti oyunlara və sonrakı yarışlara hazırlaşdığı müddətdə yeddi milli idman elçisinə dəstək olmaqda davam edəcək.
A.Rəhimov bildirib ki, BP ilə əməkdaşlıq sazişindən məmnunluğunu ifadə edib: “Bu bizim ilk sponsor müqaviləmizdir. Müqavilə BP şirkəti ilə imzalanır. BP ötən 25 il ərzində Azərbaycanda idman, mədəniyyət və təhsil sahəsindəki təşəbbüslərə sərmayə qoyan bir şirkət olaraq yüksək nüfuz qazanıb”.
A.Rəhimov qeyd edib ki, 2017-ci il Azərbaycanda Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəylik İli” elan edilib: “Bu baxımdan İslam Hərməylik Oyunları bu ilin ən böyük tədbiridir. Biz buna çox ciddi hazırlaşırıq”.
Q.Birrell isə bildirib ki, İslam Həmrəylik Oyunları mühüm əhəmiyyət kəsb edir: “2017-ci il bizim üçün əlamətdar bir ildir. Biz Azərbaycan hökuməti və xalqı ilə tərəfdaşlığımızın 25 illiyini qeyd edirik. 25 illiyimizin qeyd olunması çərçivəsində biz Bakı 2017 İslam Həmrəylik Oyunlarının rəsmi tərəfdaşı oluruq və eləcə də Milli Olimpiya və Paralimpiya komitələri ilə olan tərəfdaşlıq sazişimizin müddətini 2020-ci ilə qədər uzatmaqla onlara dəstəyimizi gücləndirəcəyik”.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları mayın 12-dən 22-dək Bakıda keçiriləcək.