Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İllik Müşavirəsi öz işinə başlayıb.
FED.az xəbər verir ki, Trend-in məlumatına görə, tədbirin açılışında iştirak edən FIG prezidenti Morinari Vatanabe tədbirin keçirilməsində göstərdiyi köməyə görə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə minnətdarlığını bildirib.
O deyib: "Azərbaycan Gimnastika Federasiyası dünya çempionatları, dünya kubokları, digər turnirlər təşkil edib və bu sahədə öz qonaqpərvərliyi ilə böyük uğura imza atıb".
M.Vatanabe əminliklə ifadə edib ki, FIG Müşavirəsi yaxşı nəticələr verəcək.
O, həmçinin Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbovun fəaliyyətini yüksək qiymətləndirib və qeyd edib ki, o, gimnastika ictimaiyyətinin ən vacib üzvlərindən biridir.
Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanın gimnastika sahəsində böyük təcrübəyə malik olduğunu vurğulayıb.
O deyib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidentidir: "İdman ölkəmiz üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında idmanın inkişafı ölkənin prioritetinə çevrilib".