Banner

İdman

Bakı 2017 Könüllülərinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib

Bakı 2017 Könüllülərinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib | FED.az
16:35 4 Aprel 2017
Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİHOƏK) və BP Şirkətinin birgə tərəfdaşlığı ilə fəaliyyətə başlayan “Uğurlu gələcək” Könüllülərin İnkişaf Proqramının tərkib hissəsi olaraq 4 aprel tarixində ağacəkmə aksiyası keçirilib.

Aksiya Bakı 2017 Könüllülərinin sosial fəallığını artırmaq, eləcə də təbiətimizin qeydinə qalmaq və cəmiyyətimiz üçün sağlam yaşamı vəd edən ekoloji mühit təmin etmək uğruna ətrafı yaşıllaşdırmaq məqsədi ilə təşkil edilib.

Ceyranbatan Su Anbarı ərazisində keçirilən ağacəkmə aksiyasına 50 nəfəri könüllü olmaqla, ümumilikdə 100 nəfər qatılıb. Bakı 2017 Könüllülərinin xüsusi fəallığı ilə baş tutan aksiyanın sonunda 500 ədəd ağac əkilərək ətraf mühitin mühafizəsinə töhfə verilib.

Könüllülərdən başqa, 4-cü İslam Həmrəyliyi Oyunlarının ulduz səfiri, xeyriyyəçi və televiziya aparıcısı Hacı Nuran Hüseynov, eyni zamanda idmançı səfirlər – Bakı 2015 Avropa Oyunlarının, həmçinin, yüngül atletika üzrə Yeniyetmələr arasında keçirilmiş Avropa Çempionatının qızıl medal mükafatçısı Nazim Babayev, boksçular Aynur Rzayeva və Leyla Cavadova də bu ağacəkmə aksiyasında iştirak edərək, öz dəstəklərini əsirgəməyiblər.

Ulduz səfir Hacı Nuran ağacəkmə aksiyası ilə bağlı öz fikirlərini bildirərkən qeyd edib: “Ətraf mühitin qorunması üçün sosial tədbirlərin həyata keçirilməsi təşəbbüsü çox təqdirəlayiq hadisədir. İslam Həmrəyliyi Oyunlarının ulduz səfiri olaraq, belə bir önəmli aksiyaya dəstək olmaqdan məmnunluq duyuram. İnanıram ki, bu gün burada əkilən ağaclar sağlam bir gələcək üçün zəmin yaradır.”

Beləliklə, bu tədbirin həyata keçirilməsi ilə, həm Bakı 2017 Könüllülərinin sosial fəaliyyətinin artmasına nail olunub, həm də təbiətə qayğı hissinin aksiya iştirakçılarına verdiyi həvəs və məsuliyyət hissi sayəsində gələcək nəsillərə təmiz və təhlükəsiz bir mühitin irs qoyulması adına əhəmiyyətli bir addıma imza atılıb.

Digər xəbərlər

Banner