Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının başlamasına cəmi bir ay vaxt qalır. Artıq bir sıra yerli və xarici şirkətlərlə Oyunların Əməliyyat Komitəsi arasında rəsmi tərəfdaşlıq haqqında sazişlər imzalanıb.
FED.az xəbər verir ki, ötən müddət ərzində AZAL, BP, Microplus, SOCAR kimi önəmli və yüksək nüfuza malik şirkətlər İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı oldular. Eyni zamanda, Fresco, ITicket.AZ, Milla və RedBull şirkətləri də rəsmi dəstəkçilər arasında yer alırlar. Tezliklə yeni tərəfdaşların da sıralarımıza qoşulması planlaşdırılır.
SOCAR və BP şirkətləri, Oyunların rəsmi neft və qaz tərəfdaşları olaraq, Azərbaycanda idman potensialının inkişafına dəstək olmaq və gənclərimizin sağlam gələcəyinə töhfə vermək niyyətindədirlər.
Son illərdə Azərbaycanda idmanın inkişafına göstərilən diqqət və qayğı nəticəsində, beynəlxalq idman qurumları tərəfindən ölkəmizdə bir sıra nüfuzlu idman tədbirlərinin keçirilməsinə qərar verildi. Beləliklə UEFA Euro-2020 oyunlarının dörddə bir final görüşü və qrup görüşlərinin Bakıda keçirilməsi planlaşdırılır. Qeyd edək ki, Bakı şəhəri, eyni zamanda, UEFA Çempionlar Liqası 2019-un final oyununun ev sahibliyini edəcək iki namizəd şəhərdən biridir.
Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının tərəfdaşları artmaqda davam edir
12:04
11 Aprel 2017