Bu barədə FED.az-a İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.
Məlumatda deyilir ki, Bakı 2015 Avropa oyunlarında olduğu kimi, əhalinin bu mötəbər idman tədbirindən yüksək zövq alması məqsədi ilə, İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi biletləri münasib və əlverişli qiymətlərlə satışa çıxaracaq.
Qeyd edək ki, biletlərin qiyməti 2 manatdan başlayacaq.
Komitədən bildirilir ki, ümumiyyətlə 20 idman növü üzrə 500.000-dən artıq biletin satışa çıxarılması nəzərdə tutulur.
İdman həvəskarları izləmək istədikləri yarışlara biletləri baku2017.com rəsmi veb-saytından və şəhərin müxtəlif yerlərində açılacaq 12 satış məntəqəsindən əldə edə biləcəklər.
Biletlərin satışa çıxarılacağı əsas ticarət mərkəzlərinə Park Bulvar, Gənclik və 28 Mall -Ticarət Mərkəzləri daxildir. Bununla yanaşı, oyunların keçiriləcəyi 16 idman obyektində də biletlərin satış köşkləri açılacaq.
Bütün 190 idman sessiyaları üçün nəzərdə tutulmuş biletlərin qiyməti 2-5 AZN civarında dəyişəcək. Bakı 2017 16 yaşına kimi bütün gənc nəsli 13 idman arenasında güzəştli biletlərdən yararlanmağa səsləyir, belə ki, idman sessiyalarının əksəriyyətinə onlar pulsuz buraxılacaq.
2-16 yaşlı uşaqlar üçün Heydər Əliyev adına arena, Milli Gimnastika arenası və Tofiq Bəhramov adına stadionlara təyinatlı biletlərin qiyməti 1 AZN, digər idman obyektlərində keçiriləcək yarışlara isə biletlər pulsuz olacaq.
Möhtəşəm Bakı Olimpiya Stadionu dünyanın hər yerindən açılış və bağlanış mərasimlərini izləmək üçün təşrif buyuracaq qonaqları qəbul edəcək.
Açılış mərasiminə biletlərin qiyməti 20-200 AZN civarında, Bağlanış mərasimi üçün isə 10-100 AZN arası dəyişəcək.
Nəzərinizə çatdıraq ki, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının biletləri ilə bağlı son yenilikləri rəsmi vebsaytın müvafiq bölməsindən əldə edə bilərsiniz.
Diqqətinizə çatdıraq ki, Bakı 2017 İslam Həmrəyliyi Oyunları 2017-cu il may ayının 12- 22 tarixlərində Bakı, Azərbaycanda keçiriləcək İslam dünyasını birləşdirən maraqlı, multi-idman tədbiridir. İslam ölkələrindən gələn idmançılar yarışın 10 günü ərzində öz ölkələrini 20 müxtəlif idman növləri üzrə 24 kateqoriyada (Atletika və Para Atletika, Su İdmanı Növləri - Suya tullanma, Su idman növləri — Üzgüçülük, Su İdmanı Növləri -Vaterpolo, 3x3 Basketbol, Futbol, İdman gimnastikası, Bədii gimnastika, Uşu, Stolüstü Tennis, Həndbol, Cüdo və görmə qabiliyyəti olmayanlar üçün cüdo, Yunan-Roma güləşi, Sərbəst güləş, Atıcılıq, Tennis, Voleybol, Boks, Zorxana, Karate, Taekvondo, Ağır atletika) Bakıda yerləşən 16 müasir yarış məkanında təmsil edəcəklər.