Azərbaycan Stolüstü Tennis Federasiyasından Fed.az-a verilən məlumata görə, “Şüa” İdman-Sağlamlıq Kompleksində Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə oktyabrın 11-dən start verilən stolüstü tennis üzrə gənclər və yeniyetmə idmançılar (1999-2001, 2002-ci il və daha kiçik təvəllüdlü) arasında Azərbaycan Kuboku uğrunda yarışlar başa çatıb. Şəxsi-komanda xarakteri daşıyan yarışda Bakı və Sumqayıt şəhərlərindən, eləcə də respublikanın digər bölgələrindən 130-a yaxın idmançı iştirak edib.
Oktyabrın 15-də yarışlara yekun vurulub. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov ölkəmizdə idmana böyük diqqət və qayğı göstərildiyini, müasir standartlara cavab verən idman və sağlamlıq infrastrukturunun yaradıldığını vurğulayıb. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan bir sıra mötəbər tədbirlərlə yanaşı, beynəlxalq idman yarışlarına da ev sahibliyi edir. F.Məmmədov son illərdə stolüstü tennisin inkişafı istiqamətində görülən işlərdən bəhs etmiş, qalibləri təbrik edib. Qalib idmançılara diplom, kubok və mükafatlar, təqdim olunub.
Tədbirdə Azərbaycan Stolüstü Tennis Federasiyasına yeni təyin olunmuş vitse- prezident Səbuhi Mehdizadə idman ictimaiyyətinə təqdim olunub.
Azərbaycan Kuboku uğrunda stolüstü tennis yarışlarları başa çatıb
12:34
17 Okt 2016