Milli Gimnastika Arenasında Bakıda təşkil olunan 42-ci Ümumdünya Şahmat Olimpiadasının bağlanış mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Repsublikası Baş nazirinin birinci müavini, Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov və təşkilatın digər nümayəndələri, şahmat üzrə dünya çempionları, dövlət və hökumət rəsmiləri iştirak ediblər.
Bakının ev sahibliyi etdiyi və sentyabrın 2-dən start götürən Olimpiada indiyədək Azərbaycanda keçirilən ən kütləvi yarış kimi tarixə düşüb. Bu mötəbər yarışda 175 ölkədən 181 kişi və 142 qadın komandası mübarizə aparıb. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstəricidir. Azərbaycan bu Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunub.
On bir turdan ibarət yarışlarda kişilərin mübarizəsində aktivində 20 xal olan ABŞ millisi çempion adını qazanıb. Eyni xala malik Ukrayna isə ikinci yeri tutub. Rusiya millisi isə 17 xalla bürünc medal qazanıb. Hesabında 15 xal olan əsas komandamız yarışı 12-ci sırada tamamlayıb. İkinci yığmamız 14 xalla 26-cı, üçüncü komandamız isə 13 xalla 49-cu pillədə yer alıb.
Qadınların yarışında qalib adını 20 xalla Çin şahmatçıları qazanıblar. Hesabında 17 xal olan Polşa ikinci, Ukrayna isə üçüncü pillədə yer alıb. Azərbaycanın əsas komandası yarışı 16 xalla 8-ci pillədə başa vurub. On üç xal toplayan üçüncü komandamız 30-cu, ikinci yığmamız isə 32-ci olub.
Mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Sonra E, D, C, B, A kateqoriyaları üzrə qaliblər mükafatlandırılıb.
Mükafatları şahmatçılara turnirin direktoru Takis Nikolopulos və Olimpiadanın baş hakimi Faiq Həsənov təqdim ediblər.
Lövhələr üzrə fərdi mükafatları qadın və kişi şahmatçılara Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov verib.
Birinci lövhə üzrə qalibləri Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov mükafatlandırıb.
42-ci Ümumdünya Şahmat Olimpiadasında qadınların yarışında müvafiq olaraq, ilk üç pilləni tutan Çin, Polşa və Ukrayna komandalarına medalları Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov təqdim edib.
Qadınların yarışında Olimpiadanın qalibi Çin millisinə Vera Mençik kuboku da təqdim olunub.
Bakı Şahmat Olimpiadasında kişilərin yarışında ilk üç yeri tutan ABŞ, Ukrayna və Rusiya millilərinə medalları FIDE-nin prezidenti Kirsan İlyumjinov verib.
ABŞ millisi, həmçinin Hamilton Russel kuboku ilə təltif edilib.
Sonra Nona Qaprindaşvili kubokunun qalibləri mükafatlandırılıb. Mükafatı qadınlar arasında şahmat üzrə beşqat dünya çempionu Nona Qaprindaşvili təqdim edib.
Mükafatçılara Azərbaycanın milli geyimlərinin əsas komponentlərindən olan papaq və kəlağayı da hədiyyə edilib.
Mərasimdə qalib komandaların şərəfinə dövlət himnləri səsləndirilib.
Trend©