Vahid məhkəmə təcrübəsinin formalaşdırılması vətəndaşların hüquqlarının məhkəmə müdafiəsi baxımından xüsusi əhəmiyyətə malikdir. Bu məsələ AR Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 604 saylı 03.04.2019 tarixli fərmanında da öz əksini tapmışdır.
Eləcə də bax: Mənimsəmə və ya israf etmə cinayəti – ÜMUMİ İSTİQAMƏTLƏR
Bilidyinizi kimi, Ali Məhkəmə öz qərarlarını rəsmi internet saytında dərc edir. Həmin qərarlar həm vətəndaşlar üçün həm də vəkillər üçün məhkəmə təcrübəsinin öyrənilməsində xüsusi əhəmiyyətə malikdir. Bu nöqteyi nəzərdən hesab edirik ki, həmin qərarlar üzrə apardığımız peşəkar təhlillər oxucular üçün maraqlı olar.
İlk olaraq 2021-ci il iyul ayı üzrə Cinayət kollegiyasının qəbul etdiyi qərarlar üzrə təhlilimizi sizə təqdim edirik:
Cinayət kollegiyası iyul ayı ərzində 61 iş üzrə qərarını dərc etmişdir.
Bu işlərin 22-də dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Həmin işlərin nəticəsi aşağıdakı kimi olmuşdur:
Göründüyü kimi Prokurorluq orqanları tərəfindən verilən kassasiya protestlərinin cəmi 41%-i təmin edilmişdir. Təmin edilən işlər üzrə təqsirləndirilən şəxslər əsasən aşağıdakı maddələr üzrə məhkum edilmişlər:
Cinayət Məcəlləsinin Maddəsinin N-si |
Maddənin adı |
120 |
Qəsdən adam öldürmə |
263 |
Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma |
234 |
Qanunsuz olaraq narkotik vasitələri psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma |
126 |
Qəsdən sağlamlığa ağır zərər vurma |
308 |
Vəzifə səlahiyyətlərindən sui istifadə etmə |
259 |
Qanunsuz ağac kəsmə |
318 |
AR Dövlət Sərhəddini qanunsuz olaraq keçmə |
228 |
Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə |
311 |
Rüşvət alma (passiv rüşvətxorluq) |
320 |
Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə |
312 |
Rüşvət vermə (aktiv rüşvətxorluq) |
313 |
Vəzifə saxtakarlığı |
Məhkum olunmuş şəxslər tərəfindən isə 40 iş üzrə kassasiya şikayəti verilmişdir.
Bunların nəticələri aşağıdakı kimidir.
Göründüyü kimi müdafiə tərəfinin verdiyi şikayətlərin cəmi 22%-i təmin edilmişdir. Şikayəti təmin edilmiş şəxslərə əsasən aşağıdakı maddələr üzrə ittiham irəli sürülmüşdür:
- 178. Dələduzluq
- 234. Qanunsuz olaraq narkotik vasitələri psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma
- 320. Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə
Digər bir maraqlı məqam isə baxılan cinayət işləri arasında Dələduzluq və Qanunsuz olaraq narkotik vasitələri psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma cinayətlərinin ümumi baxılan işlərin 58%-ni təşkil etməsidir. Baxılan işlərin % nisbəti ilə aşağıdakı qrafikdən tanış ola bilərsiniz:
Sonda isə nəzərinizə çatdırmaq istərdik ki, bu cür təhlilləri aylıq olaraq davam etdirməyə və oxucularmızı bu istiqmətdə maarifləndirməyə çalışacağıq.
Xüsusi olaraq FED.az üçün hüquqşünas Pərviz Məmmədov