Azərbaycan əsilli milyarder Fərhad Əhmədovun adı keçən beynəlxalq korrupsiya işi ilə bağlı Fransa vətəndaşı Anass Derrazın barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda təqsirləndirilən Derraz sərbəst ifadə verib.
O bildirib ki, Azərbaycana su ehtiyatları sahəsində investisiya yatırmaq niyyəti ilə gəlib. Lakin gəlişindən bir gün sonra DTX tərəfindən sorğuya cəlb edilib:
“İstintaqın sonunda mənə qarşı passiv korrupsiya və cinayət yolu ilə əldə edilən pulların leqallaşdırılması ittihamları irəli sürüldü. Fərhad Əhmədovla əlaqələrimə gəlincə, 2018-ci ilin sonunda Əhmədovun nümayəndələri mənimlə əlaqə saxladılar. Ona görə ki, mənim Dubayda geniş əlaqələrim var idi, mən biznesmenlərə hər cür çətinlikləri aradan qaldırmaq sahəsində geniş təcrübəyə malikəm. Bu zaman öyrəndim ki, Əhmədov İngiltərədə gedən boşanma prosesi ilə bağlı hüquqi çətinliklər yaşayır. London məhkəməsi onun bütün əmlaklarına həbs qoymuşdu. Mənə müraciəti isə Dubayda olan yaxtası ilə bağlı idi. Yaxtanın da dəyəri 500 milyon dollar hesablanmışdı. Mən də öz bacarığımdan istifadə edib F.Əhmədova kömək edəcəkdim. Avans olaraq mənə 200 min dollar ödənildi. Əsas məbləğ isə iş uğurla başa çatacağı təqdirdə ödənilməli idi”.
Fransız müttəhimin sözlərinə görə, Fərhad Əhmədovun tapşırığı ilə Dubayda yaxtanın dondurulmuş statusunun aradan qaldırılması üçün müxtəlif adamlarla birgə iş görüb. Fərhad Əhmədovdan aldığı pul isə onun Dubaydakı şəxsi hesabına köçürülüb:
“Əgər yaxtanın üzərindəki donma ləğv olunsaydı, 2 milyon dollar əlavə ödəniş ediləcəkdi. Çünki dondurma davam etdikcə yaxtanın dəyəri aşağı düşürdü. Həmin vəsait Əhmədovun özünə məxsus bank hesabından mənim hesabıma göndərilib”, - deyə Derraz fikrini yekunlaşdırıb.
Proses sentyabrın 11-i davam edəcək.
Xatırladaq ki, Anass Derrazın adı Fransa prezidentinin keçmiş mühafizə rəhbəri Aleksandr Benalla ilə birgə Fərhad Əhmədova qarşı həyata keçirilmiş korrupsiya sxemində hallanır. İttihamlara görə, 2018-ci ildə bu şəxslər Əhmədovdan sanksiyalardan qorunması və yaxtasının həbsi məsələsinin həlli müqabilində külli miqdarda rüşvət alıblar. İstintaq sənədlərinə əsasən, Əhmədov tərəfindən köçürülən milyonlarla dollar Derrazın “Al Hilal Bank”dakı, Benallanın isə “Bank of Africa United Kingdom”dakı hesablarına yatırılıb.