Diqqət: Bu material FED.az-ın sifarişi ilə hazırlanıb və onun digər resurslarda yayılması qadağandır.
Bir qədər əvvəl məşhur «Forbes» jurnalının açıqladığı dünyanın ən varlı qadınlarının siyahısında 3-cü yeri Makkenzi Skott tutur.
Eləcə də bax: Varlıların zəif yeri - 38 MİLYARD DOLLARLIQ BOŞANMA
FED.az xəbər verir ki, 53 milyard dolları olan Skott indiyədək heç bir biznes qurmayıb və heç bir şirkətin CEO-su olmayıb. O sadəcə «Amazon»un rəhbəri Cef Bezosdan uğurla boşanıb və bu proses onu dünyanın 3-cü ən vardı qadını edib. Milyardlarla dollar sərvəti olan ailələrdə boşanma da çox sıfırlı rəqəmlərlə ölçülür. Uzağa getməyək – azərbaycanlı milyardçı Fərhad Əhmədovla Tatyana Əhmədovanın London məhkəmələrindəki boşanma prosesində səslənən rəqəmləri sağlam ailələr heç təsəvvür də etməyiblər.
Dünyada boşanmalar fərqlidir – mülkü və sərvəti 50-50-yə bölüşənlər, aylıq ödəniş edənlər, işlərini birgə idarə edənlər də və s. Bəs Azərbaycanda necə, böyük sərfəti olanlar nigah pozulanda əmlakı necə bölürlər?
FED.az Vəkillər Kollegiyasının və ABŞ Hüquqşünaslar Assosasiyasının üzvü, boşanma işləri üzrə ixtisaslaşan vəkil Tahir Əliyevlə müsahibəni təqdim edir.
- Ailənin maddi durumunun hansı səviyyədə olması boşanmada mülkün bölünməsi zamanı hansısa fərq yaradır?
- Ümumi qayda belədir ki, nikah bağlanandan sonra tərəflər hansı əmlak əldə edirlərsə, həmin əmlak birgə mülkiyyət sayılır. Buraya ev əşyalarından tutmuş qiymətli kağızlar, daşınar, daşınmaz əmlaka qədər hər bir şey daxildir. Birgə əmlak isə boşanma zamanı tərəflər arasında bərabər - əlli-əlliyə bölünür. Ailə məcəlləsi tərəflərə onların maddi vəziyyətinə görə yanaşma tətbiq etmir. Ancaq tərəflərdən biri xüsusi şərtlər irəli sürərsə, qayda dəyişə bilər. Tutaq ki, 3 uşağı olan ailə boşanır və uşaqlar anada qalacaq. Ailənin 4 otaqlı evi var və boşanma zamanı qadın iddia qaldıra bilər ki, 2 otaq ona bəs etmir, 3 otaq lazımdır. Bu zaman məhkəmə üçdə iki hissənin qadına verilməsi kimi bölgü apara bilər. Uşaqlar kişi tərəfdə qalarsa, kişi də eyni iddianı irəli sürə bilər.
- Bəs hadiyyələr də birgə əmlak sayılır?
- Xeyr, əvəzsiz, hədiyyə olaraq verilən əşyalar, əmlaklar birgə mülkiyyət sayılmır. Tutaq ki, nikah dövründə sənə babanın vəsiyyəti ilə ev keçib, yaxud valideynlərin rəhmətə gedir, ev sənə qalır. Əvəzsiz qaydada valideynlər övladlarına ev, maşın və s. hədiyyə edirlər ki, bu da birgə mülkiyyət sayılmır.
- Boşanma zamanı ailənin mülkü çox, yoxsa az olanda problem yaşanır?
- Əksər hallarda bölünəcək mülk nə qədər çox olursa, problem də o qədər böyük olur. Ancaq mülk az olanda da, mülkün bölünməsi ilə bağlı böyük problem yaşandığı hallar olub. Bəzən hətta bir televizorun bölünməsini istəyənlər olur. Ümumilikdə, mülkiyyətin azlığı çoxluğu deyil, xarakterlər, münasibətlərin necə olması rol oynayır.
- Dünya təcrübəsində varlı insanların boşanmalarında əsas məqam məhz mülkün bölünməsi olur. Bizdə də belə hallar olurmu?
- Nəzərə alaq ki, ailə həyatı quran şəxslər boşanmayacaqlarını düşünürlər. Ancaq boşandıqdan sonra kifayət qədər maddi durumu dəyişən, böyük maliyyə imkanlarına sahib olan adamlar görmüşəm. Vəkil sirri təşkil etdiyindən kim olması ilə yanaşı, məbləğ və s. ilə bağlı da detallı məlumat verə bilmərəm.
- Bu hallar qadınlarda çox olur, ya kişilərdə?
Eləcə də bax: "Maşın olmadan, maliyyə sərf etmədən “Rent-a-car” şirkəti qurdum" - MÜSAHİBƏ
- Bu mövzuya kimisə gəlir əldə etməsi üçün boşanması kimi yanaşmaq doğru deyil. Çünki birgə nikah dövründə əldə edilən əmlak üzərində hər iki tərəfin bərabər hüquqları var və bu səbəbdən bölünür. Əmlakın bölünməsini istəyənlər arasında bəylər də olur, amma sırf Azərbaycan təcrübəsindən danışsaq, əksər hallarda boşanandan sonra birgə əmlakın bölünməsini tələb edən tərəf qadınlar olurlar.
- Belə niyə?
- Çünki əksər hallarda ailənin əmlakları kişinin adına rəsmləşdirilir. Yəni qadınların daha çox iddiaçı olmasının səbəbi odur ki, bizdə böyük maliyyə imkanlarına sahib şəxslərin çoxu kişilərdir. Qadın maddi imkanı yaxşı olan bir şəxslə ailə qurursa, amma evlilik müddətində işləmir, evdar xanım olursa, boşanma olanda, birgə mülk bölünəndə, onun maddi durumu yaxşılaşır. Eyni hal kişilərə də aiddir.
Eləcə də bax: “Öz adamımızı alıcı adı ilə bahalı maşınla mağazaya göndərdik...” - MÜSAHİBƏ - FOTO
- Tahir müəllim, müşahidə göstərir ki, sırf pula görə, boşanıb yaxşı imkanlara sahib olmaq üçün varlı adamlarla evlənənlər də olur, doğrudurmu?
- Boşanandan sonra mülk sahibi olmağı planlayıb imkanlı şəxslərlə evlənən adamlar da olur. Məhz bu səbəbdən bəzi kişilər ehtiyatlı tərpənib evləndikdən sonar, yəni evlilik müddətində əldə etdikləri əmlakı özlərinin deyil, valideynlərinin, bacı-qardaşlarının adına keçirirlər. Bunu ona görə edirlər ki, nə vaxtsa boşanma filan olarsa, əmlakı həyat yoldaşları ilə bölməsinlər. Necə deyərlər, qanunu pozmurlar, amma yanından keçirlər. Nəticədə məhkəmədə qarşı tərəf həmin əmlakın birgə mülkləri olduğunu nə qədər iddia etsə də, sənəddə göstərilir ki, həmin əmlak 3-cü şəxsin adınadır və onun ailəyə aidiyyatı yoxdur. Mülk başqasının adına sənədləşdirilibsə, bankdakı pullar başqa adamın adı ilə yerləşdirilibsə, bunu qarşı tərəf sübut etməlidir. Xanım həmin halı sübuta yetirsə, həmin əmlakın dəyəri də tərəflər arasında bölünməlidir.
“Uzun saçlı, sırğalı, cırıq şalvarlı oğlan şirkətə 3,5 milyon dollar qazandırdı” - MÜSAHİBƏ
- Belə çıxır, varlı adamlar evlənərkən boşanma ehtimalını öncədən düşünürlər?
- Bəli, bir çox hallarda öncədən düşünürlər. Hətta xanımın həmin evə qeydiyyata düşməsinə qədər xırdalıqlara diqqət yetirirlər. «Qeydiyyata salsaq, bu, boşanma zamanı bizə problem yarada bilərmi?»-deyə bunu araşdırırlar. Mənim icraatımda deyildi, amma belə bir məsələ var idi, bir şəxs xarici şirkətlərin birinə patent hüququ satmışdı. Həmin patent hüququnun dəyəri 5 milyon dollara qədər artmışdı. Həmin şəxsin ailəsi normal idi, boşanma mövzusu gündəmlərində olan məsələ deyildi. Amma maraqlanırdı ki, həyat yoldaşım xaricə patent satdığımı, onun filan qədər gəliri olduğunu bilsə, boşansaq, məsələ necə olacaq, 5 milyonu bölməliyik? Çünki bu sırf mənim əqli mülkiyyətimdir, hər hansı iş görməmişəm, düşünüb icad etmişəm, xaricə satmışam.
Azərbaycanın ilk yerli idman geyim brendini yaradan xanım - MÜSAHİBƏ
- Doğrudan da, belə olanda həmin pul yarı bölünməlidirmi?
- Əlbəttə, Ailə Məcəlləsi deyir ki, əqli mülkiyyət olsa belə, bu, bölünməlidir. Təbii ki, işin halları araşdırılmalıdır, patentin icadı tarixi və digər hallar vəziyyəti dəyişə bilər.
Eləcə də bax: Azərbaycanda işləyib dollar və avro ilə - MAAŞ ALMAQ ŞANSI
- Varlı şəxslərlə evlənənlərlə bəzən nikah müqaviləsi bağlanır, orda “boşanma olarsa, mülk iddiam yoxdur” cümləsi qeyd edilir. Bu tipli nikah müqavilələrinin sayı necə, çoxalıb?
- Bizim ölkədə nikah müqaviləsi təcrübəsi hələ geniş yayılmayıb. Ancaq indi-indi bu müqaviləni imzalamağa gedənlərin sayı artır. Qarşı tərəf də buna normal baxmağa başlayır.
Eləcə də bax: Pandemiyada yaranmış, 3 karantin, 1 müharibə görmüş - 2 XANIMIN BRENDİ - MÜSAHİBƏ
- Hansı hallarda nikah müqaviləsinə gedirlər?
- Çox vaxt hər iki tərəf varlı olanda, buna gedirlər. Evlənməmişdən əvvəl hər iki tərəfin mülkləri, biznesi, yaxşı gəlirləri və s. olur. Boşananda da qarşı tərəfdən nəsə istəmirlər. Gələcəkdə mübahisə olmasın, həm də qarşı tərəfin onunla pula görə evləndiyini düşünməsin deyə, öncədən müqavilə bağlayırlar.
Evlənəndə, boşanmağı düşünmürlər, ona görə nikah müqaviləsində mülk iddiası olmadığını bildirir, boşananda, elə bir müqaviləyə imza atdığı üçün peşman olur.
- Müqaviləyə məhkəmələrdə yanaşma necədir?
- Ölkəmizdə bu təcrübə geniş yayılmadığı üçün nikah müqaviləsinin şərtləri də məhkəmələr tərəfindən bir o qədər də mübahisələndirilmir. Müqavilədə yə yazırlarsa, məhkəmə ona əsasən qərar verir. Ancaq dünya təcrübəsində bu məsələlərə geniş yer ayırırlar. Nikah müqaviləsi ilə razılaşdırılma olduqda belə, burda tərəflərdən birinin hüquq və mənafeyi əhəmiyyətli dərəcədə tapdanırsa, həmin şərtlər əhəmiyyətsiz sayıla bilər. Məsələn, nikah müqaviləsində qeyd olunub ki, nikah bağlandıqdan sonra əldə edilən bütün əmlak kişiyə mənsub olsun, boşanma olarsa, qadın pay istəmir. Amma elə ola bilər ki, məhkəmə belə bir şərtin qadın hüquqlarının əhəmiyyətli qaydada pozulması kimi qiymətləndirər və bu şərti əhəmiyyətsiz hesab edir, ya da məhkəmə həmin şərti qüvvədə də saxlaya bilər. Hər məhkəmə işinin öz spesifik halları olur ki, işin nəticəsinə təsir göstərir.
- Böyük maliyyə imkanlarına sahib olan şəxslərlə evlənən xanımların bir qismi evləndikdən sonra evdar qadın olur. Birgə mülkiyyət bölünəndə, onlarn həyat yoldaşları mülkün bölünməsinə necə yanaşırlar?
Kiçik şirkətlərdən «yox», «Amazon»dan «hə» cavabı alan azərbaycanlı – MÜSAHİBƏ
- Bu, çox vaxt məhkəmələrdə müzakirə mövzusu olur. Kişilər deyirlər ki, nikah dövründə qadın işləməyib, «pulu özüm qazanmışam», ona görə də mülkiyyətin hamısı mənimdir, xanımın heç bir əmlakı yoxdur. Ancaq Ailə Məcəlləsi deyir ki, nikah dövründə ev təsərrüfatı, uşaqlara qulluq etmək, digər üzürlü səbəblərə görə, müstəqil qazancı olmayan ər və ya arvad ümumi əmlak üzərində bərabər hüquqlara malikdir.
- Son vaxtlar zarafatyana belə bir fikir işlədilir: “Əgər atan kasıbdırsa, bu, sənin günahın deyil. Amma qaynatan kasıbdırsa, sənin günahındır”. Bu misaldan yola çıxıb varlı qaynata axtaran kişilərin sayı da artır. Onların boşanma zamanı əldə etdikləri mülkiyyət nədən ibarət olur?
«7 il işsiz qaldım, məni vəziyyətdən bu layihə çıxardı – ÖZ BİZNESİMİ QURMUŞAM»
- Düzdür, bu hüquqi məsələ olmasa da, praktikama əsasən deyə bilərəm ki, varlı qaynata axtaran kişilərə inam daha böyükdür, nəinki qadınlara. Ona görə, varlı qaynatası olan kişilərin boşanandan sonra durumları kifayət qədər yaxşılaşır. Onlara qızın valideynlərinin inamı çox olur. Məsələn, deyirlər ki, qızımın əridir, evi, maşını onun adına yazaq. Yeznəni oğul kimi qəbul edirlər, boşanacağını düşünmürlər. Ancaq gəlindən daha çox ehtiyat edirlər, toydan öncə artıq boşana biləcəyini düşünüb, onun adına nələrsə olmamasına çalışırlar. Ona görə, boşananda, varlı qaynatası olan kişilər daha çox gəlir qazanır, nəinki gəlinlər. Bunun başqa bir səbəbi də var. Müəyyən qrup kişilər atası vəzifədə olan qadın axtarırlar, qadınlar isə imkanlı kişi ilə evlənmək istəyirlər. Çünki kişilər vəzifə axtarırlar, özlərinə karyera qurmaq istəyirlər. Qadınlar isə vəzifə filan deyil, nəticədə pul əldə etməyi düşünürlər. Həm də bu səbəbdən imkanlı ailələrdən boşanan kişilər daha çox şey qazanmış olur. Qaynata dəstək olur, hər şeyi özü əldə etmiş kimi olur. Ancaq bizdə alfons kişilər azdır.
- İmkanlı ailələrdə mülkün bölünməsi neçə faiz hallarda məhkəmədə həll edilir?
«İxtisasım başqa olsa da, öz biznesimi qurmağı qərara aldım» - TOVUZLU SAHİBKAR QADIN - VİDEO
- Biz daha çox məhkəmə səviyyəsinə gələnləri görürük. Ona görə faiz, statistik rəqəm səsləndirə bilmərəm. Məhkəməyə müraciət ediblərsə, deməli, problemləri var, razılığa gələ bilmirlər. Bir çox hallarda problem yaşanır. Müəyyən hallarda razılığa gəlmə məsələsi də olur. Məsələn, elə olur ki birgə nikah dövründə kişi əldə olunmuş əmlakı üçüncü şəxsin adına rəsmiləşdirir. Qadın həmin faktı sübut edə bilmirsə əmlak bölünmür. Bu zaman şirin dillə razılığa gəlib nəsə əldə edə bilir. Boşanma zamanı mülk, əmlakla bağlı kompromisə gələn imkanlı ailə görməmişəm. Boşanmada böyük mülklərin bölünməsində kompromis deyilən məsələ yoxdur. Qanun, məhkəmə həll edir.
- Tərəflərdən birinin evlilikdən öncə hansısa şirkətdə, məsələn, 30 faiz hissəsi olub. Evlənib boşandıqdan sonra qarşı tərəf o hissədən pay ala bilirmi?
«Dedim, başqasına işləməkdənsə, niyə də öz işimi qurmayım» - ŞƏMKİRLİ QADININ BİZNES HEKAYƏSİ
- Yox, hissə istəyə bilməz. Burada bölünmə başqa cür aparılır. Tutaq ki o hissənin maliyyə dəyəri evlənməmişdən əvvəl 1 milyon dollar idi, evlilik müddətində artıb 5 milyon olub. Boşanma zamanı hissənin dəyəri müəyyənləşməlidir. Evlilik müddətində artan dəyərin yarısını istəyə bilməz. Həmin şəxs deyə bilər ki, bu hissə əvvəldən mənim idi, evlilikdən sonra o hissənin artması ilə bağlı hər hansı çaba göstərməmişəm, dəyəri öz-özünə artıb. Onun artması hissəsi qarşı tərəfə aid olmaya bilər.
Əgər evlilik müddətində hansısa şirkətin hissəsini alıbsa, bu zaman boşanma zamanı əlli əlliyə bölünmə olur. Ya hissəni yarı bölə, ya da onun dəyəri məbləğində pul ödəyə bilər.
- Evlilik müddətində tərəflərdən hansısa biri şirkət qurubsa, o da əlli əlliyə bölünür?
- Əgər qadın, yaxud kişi evlilik müddətində şirkət təsis edibsə, qarşı tərəf o şirkətdə heç nə etməsə belə, boşanma zamanı 50 faiz pay sahibi olur. Əgər şirkət evlilikdən əvvəl qurulubsa, evlilik müddətində böyüyübsə, evlilik müddətində əldə olunan gəlirin 50 faizini tələb edə bilər.
- Biznes adamları boşanma zamanı bu məsələni necə həll edirlər – yəni payı verirlər, yoxsa onun əvəzinə pul?
Eləcə də bax: Almaniyada 7 zavodun meneceri olan azərbaycanlı – MÜSAHİBƏ
- Pul verən də olur, payını tanıyan da. Bizdə biznes sahəsi stabil deyil. Bəzən kişinin (yaxud arvadın) biznesi olur. Boşanmaya görə şirkətini iflas vəziyyətinə gətirir. Elə maxinasiyalar qurmaqla heç nə verməməyə çalışırlar. Ona görə boşanmalarda şirkətin bölünməsi təcrübəsini çox az görmüşəm. Gərək şirkət elə səviyyədə, böyüklükdə, çox tanınmış olsun ki, bunu qısa müddətdə iflas edə bilməyəsən.
- Görünən odur ki, maliyyə çox olanda, qarışıq məqamlar da artır.
- Əlbəttə, qarışıq məqamlar çox ola bilir. Məsələn, imkanlı adamlar bankdan depozit qutusu icarəyə götürürlər, orda pullarını, qiymətli əşyalarını, vacib sənədlərini saxlaya bilərlər. Bank belə qutunun içində nə olduğunu bilmir. Bəzən qadın gəlib deyir ki, ərimin bankda qutusu var, orda böyük məbləğdə pul saxlayır, amma bunu məhkəməyə sübut edə bilmirəm. Sübut etmək qadının üzərinə düşür. Məhkəməyə deyəcək, o da qutunun üzərinə həbs qoyacaq. Kişi bəzən həbs qoyulana qədər gedib ordan pulunu götürür. Kişi açıb onu götürsə, sabah gəlib məhkəmədə deyə bilər ki, babamdan qalma tarixi bir əşyanı orda saxlayırdım.
Eləcə də bax: “Google” şirkəti ilə əməkdaşlıq edən yeganə azərbaycanlı - Video
- Özü əvvəldən kasıb olan, varlı biri ilə evlənən, ancaq boşananda, qanunla ona düşən payı istəməyənlər olur?
- Çox imkanlı ailə ilə evlənən, amma boşananda, heç bir mülk, maddiyat iddiası qaldırmayanlar da olur. Qadın deyir ki, boşandıq, münasibətlərimiz yaxşıdır, bilirəm ki, uşaqlarına baxacaq, başqa heç nə istəmirəm. Yaxud tərəflərdən birinin imkanı normal olur, qarşı tərəf çox imkanlı olsa da, ondan heç nə istəmir. Bəzən heç nəyi olmur, amma qarşı tərəfdən nə isə almağı qüruruna sığışdırmır. İmkanı yoxdur, varlı ailə ilə evlənib, iddia qaldırsa, o da varlı ola bilər, amma iddia qaldırmır, istəmir.
Eləcə də bax: «Bloomberg» dünyanın ən varlı ailələrini elan etdi - SİYAHI
- Ər və arvad hər ikisi böyük maliyyə imkanlarına sahibdir, amma biri digərindən daha varlıdır. Burda boşanma zamanı qarşı tərəfdən nəsə istəyənlər olur?
- İstəyirlər. Bu, ehtiyacdan çox prinsip məsələsi olur.
- Bəzən qadınlara deyirlər ki, ailə nə qədər böyük maddi imkanlara sahib olsa da, uşağın yoxdursa, sənə cüzi pay düşür. Uşaq olmaması mülkün bölünməsində hər hansı fərq yaradırmı?
- Hansı nisbətdə bölünməsini artıq məhkəmə müəyyən edəcək. Uşaqların olması faiz nisbətini artıra bilər. Uşaqlar yoxdursa, əgər birgə əmlakdırsa, əlli-əlliyə bölünəcək. Ailə Məcəlləsində belə bir cümlə gedir: Diqqətəlayiq mənafe. Diqqətəlayiq mənafe nədir? Bunu artıq məhkəmənin öhdəsinə buraxırlar. Bir az payı artıra da bilər, azalda da. Tam olaraq məhrum etmə deyə bir şey yoxdur.
- Xüsusilə, varlı ailələrdə belə məsələlər olur. Tərəflərdən biri uzun müddət keçəndən sonra bilir ki, qarşı tərəfin filan yerdə böyük əmlakı və s. olub. Ancaq onun xəbəri olmayıb, boşanma zamanı iddia qaldırmayıb. Sonra bununla bağlı iddia qaldıra bilər?
- Ola bilər ki, ər, yaxud arvad hər hansı əmlak əldə etsin, amma qarşı tərəfin xəbəri olmasın. Boşanırlar, üstündən 5-10 il keçir, xəbər tutur. Xəbəri olduğu tarixdən sonra 3 il müddətində iddia qaldıra bilər. Məsələn, qadın belə bir iddia ilə çıxış edir. Ər bu zaman sübut etməlidir ki, xanım bilirmiş. Sübut edə bilsə, artıq qadına pay verilmir.
- Varlı biri ilə evli olub, boşananda, heç nə istəməyib. Ancaq keçmiş həyat yoldaşı rəhmətə gedib, boşanmış şəxsin onun vərəsəsi olması necə, mümkündür?
- Ər və arvadın vərəsəliklə bağlı bir-birinə münasibətdə hüquqları var. Ər ölsə, bir hissəsi arvada keçəcək, arvadda ölsə kişiyə. Əgər onlar boşansalar, vərəsəlik hüquqlarını itirirlər. Keçmiş həyat yoldaşına heç nə düşmür. Başqa vərəsəsi yoxdursa, yenə də fərqi yoxdur.
- Var-dövlət bölgüsündən danışdıq. Amma böyük maliyyə imkanlarına sahib adamların borclarının məbləği də böyük olur. Bəs ailənin böyük məbləğdə borcu varsa, boşanma zamanı bu necə bölünür?
- Bəli, borc da bölünür. Aktivlər, yəni əmlaklar bölündüyü kimi, passivlər, yəni borclar üçün də ər və arvad birgə məsuliyyət daşıyırlar. Bir şərtlə ki borcu götürəndə, həyat yoldaşının da bundan xəbəri olsun. Tutaq ki ər, yaxud arvad qarşı tərəfə xəbər vermədən böyük borca girib biznesə yatırıb, amma alınmayıb və indi əldə böyük borc qalıb. Bu halda, artıq xəbərsiz tərəf məsuliyyət daşımır. Tutaq ki qadın xəbərdar olmadığını deyirsə, amma kişi xəbəri olduğunu bildirirsə, kişi bunu sübut etməlidir ki, qadın xəbərdar idi. Yəni qarşı tərəfin xəbəri varsa, borc bölünür, yoxdursa, tək öz üzərində qalır.
- Məlum olsa ki, qadının borcdan xəbəri olub, deməli hökmən borcun yarısını o ödəməlidir?
- Xəbəri olanda belə, burda da bir az fərqli situasiya ola bilər. Kişi borc götürüb, qadının da xəbəri var. Bəs bu borcun götürülməsinə necə razılıq verib? Bu məsələlər hamısı işə təsir edir. Birdəfəlik demək olmaz ki borc əlli-əlliyə bölünür. Məhkəmə 70/30, 60/40 deyə də bölə bilər. Tərəflərin məhkəməyə təqdim etdikləri sübutlar çox şeyi dəyişə bilər. Normal halla götürsək, tərəflərin hər ikisi borcdan xəbərdardırsa, əlli-əlliyə bölünür.
- Bəs borc bölünməsi zamanı tərəflərin reaksiyası necə olur?
- Mənzərə heç də ürəkaçan olmur. Çünki hamı düşünür ki, boşanıramsa, ancaq mal-mülk bölünməlidir. Ancaq boşanma zamanı həm də borclar bölünür. Borc filan bölünəndə, çox vaxt qarşı tərəf bunu qəbul etmək istəmir. Ona görə də problemlər yaşanır. Yəni boşanmadan sonra böyük pullar qazanan da olur, böyük borca düşən də.
Biz indi bu təcrübəni bölüşürük. Əslində, maliyyə imkanlarını düşünüb ailə qurmaq mənəvi dəyərlərin arxa plana keçməsi deməkdir. Düzdür, indi maliyyə durumunu düşünüb evlənənlər az deyil, amma ümid edirəm ki zamanla azalar.