FED.az kiçik sahibkar, Bakının Nizami küçəsinin biznes hissəsində («Torqovı»da) obyekti olan, amma üzləşdiyi və dövlət qurumlarının yaratdığı çətinliklər səbəbindən müflis olaraq biznesini bağlamağa məcbur olan Nicat Kazımovla müsahibənin 2-ci hissəsini təqdim edir.
Sahibkar: «Dövlət qurumları da, sakinlər də mane olurdu – BİZNESİMİ BAĞLAYIRAM» - MÜSAHİBƏ-2 (POLİSLƏR VƏ TORQOVI SAKİNLƏRİ)
Nicat Kazımov Azərbaycanda biznes üçün yaradılan şəraitdən və turizm bumundan həvəslənib ailə biznesi qurmağa çalışan minlərlə sahibkardan biridir. 3 il əvvəl xaricdəki tanışlarının kofe biznesindəki uğurlarını görərək həyat yoldaşı ilə eyni sahədə ailə biznesin yaratmağı qəhvəxana açmağı qərara alıb.
Amma üzləşdiyi çətinliklər səbəbindən artıq müflis olmaq həddinə çatıb və cəmi iki ildən sonra biznesini bağlamağı qərara alıb.
Müsahibənin 1-ci hissəsini, və 2-ci hissəsini və 3-cü hissəsini də oxumaq olar.
- Nicat bildirdin ki Reklam Agentliyi ilə də problemin oldu, o nə ilə bağlı idi?
- Təsəvvür edin, Reklam Agentliyindən iki nəfər gəlib, obyektə, protokol yazıb, dərhal da qaçıb gediblər. Xəbərdarlıq etmədən, soruşmadan, dəqiqləşdirmədən protokol yazıblar. Ümumiyyətlə, bir məsələni də deyim, Torqovıda heç bir orqan gəlib xəbərdarlıq etmir, dərhal protokol yazıb gedirlər. Bunu irad tutanda da qanunu əsas gətirirlər ki, biz xəbərdarlıqsız da protokol yaza bilərik. Mən başa düşmürəm, biz məgər cəngəllikdə yaşayırıq? Hər ikimiz insanıq, bir-birimizin dilini anlayırıq, telefon, mail var. Problemi, iradınızı, istəyinizi bildirin, biz aradan qaldırmasaq, cərimə edin.
- Reklam Agentliyi sizə protokolu nəyə görə yazmışdı?
- Guya müqaviləmiz yoxdur və biz obyektimizi müqaviləsiz reklam edirik.
- Müqaviləniz yox idi?
- Əlbəttə vardı, əslində bizim bunlarla müqaviləmiz vardı, müddəti bitmişdi, biz də yeni müqavilə üçün sənədləri Agentliyə təqdim etmişdik və onların cavabını gözləyirdik. Bunu izah etdik, amma bizə dedilər ki, sizdən sənəd verilməyib.
Amma məsələ təkcə bunda deyil. Protokola baxırıq, görün nə yazıblar. Deməli protokol blankında suallar var. Bunlar yazıb ki, «cavab verməkdən imtina ediblər», guya onlar suallar verib, biz də cəvabdan imtina etmişik. Özlərindən doldurublar, qrafaları, yalandan. Sən nə vaxt mənə sual verdin ki, mən də imtina etdim. Yəni yalan olar, amma bu qədər də yox.
- Bəs bu məsələ necə həll olundu?
- Şükür ki, sənədi verdiyimiz adamları tapdıq, onlar da sağ olsunlar, normal adamlar idilər, dedilər ki, bəli bu adam bizə sənədləri təhvil verib. Amma sənədin özün yenə də tapmadılar. Təsəvvür edin, bir şöbənin, o biri şöbədən xəbəri yoxdur, sənəd itib ya yox. Protokol yazan şöbə ümumiyyətlə heç kimə tabe deyil, gəlib protkolu yazıb gedirlər.
Nəsə, işçilər təsdiqləyəndən sonra ki, biz sənədi vermişik, protokolun ləğvini tələb etdik. Dedilər ki, narahat olmayın, məhkəmədə vəkilə deyəcəyik ki, səhv bizdə olub, məhkəmə protokolu ləğv edəcək.
Mənhkəmə olanda, vəkilə yaxınlaşdım, amma məlum oldu ki, onun heç nədən xəbəri yoxdur. Məhkəməni təxirə saldılar. Mən yenidən hay-küy saldım. İkinci dəfə artıq xəbəri oldu və qərarı bağladılar. Yenə də sağ olsunlar, cərimə eləmədilər.
Ümumiyyətlə Reklam Agentliyində sənədləri itirmək, unutmaq kimi problem var. Məsələ bundaır ki, bizim obyekt hələ yeni fəaliyyətə başlayanda mən nəyə görəsə 15 manat rüsum ödəməli idim. Bu rüsumu ödəyib şəklini atıram, bunlar itirirlər, yenidən zəng edirlər ki, bəs rüsum ödənilməyib. Mən də hər dəfə bunlara sübut etməyə vaxt itirməmək üçün rüsumu yenidən ödəyirəm, beləcə həmin rüsumu 3 dəfə ödədim, axır əl çəkdilər.
- Nicat bəy, müsahibədə dövlət qurumlarından ancaq şikayət etdiniz. Bəs indiyədək hər hansı dövlət qurumu sizə kömək edib, dəstək olubmu?
- İnanırsınız, açılan gündən indiyədək bir nəfər, bir qurumdan yaxınlaşıb bizə deməyib ki, biz filan yerdənik, bizə aid nə sualınız var, bəlkə kömək lazımdır. Heç kim deməyib, amma əvəzində, hamı gəlir cərimə etməyə. Özü də axırda gəlib cərimə edirlər, yəni əvvəlcədən demirlər ki, filan işi etmək olmaz, qadağandır və sair. Qaydanı deməmiş cəriməni yazırlar. İmkan versələr ucdantutma hamını cərimə edərlər. Əvvəl pozuntunu de, aradan qaldırım, məsələ həll olunsun, həll olunmasa cərimə edərsiniz.
- Siz bunu deyəndə nə cavab verirlər?
- Deyirlər, büdcəyə pul veririk. Büdcəyə pulu belə yığmırlar, siz şərait yaradın, sahibkarlar vergi ödəsin büdcəyə pul getsin.
Bir sözləri var ki, “siz bunu bilməli idiniz”. Deyirəm ki, sahibkar nə etsin, işini aparsın, yoxsa Azərbaycandakı bütün qaydaları və qanunları öyrənsin? Bəs siz nə üçünsünüz, əgər bunu bizə izah etmirsinizsə? Deyirlər ki, bizim vaxtımız yoxdur hər yeri gəzək. Deyirəm bəs necə oldu ki, Qida Təhlükəsizliyi Agentliyi bütün obyektləri gəzib bir-bir qaydaları izah etdi və bu bukletləri bizə payladı...
- Yeri gəlmişkən, Qida Təhlükəsizliyi Agentliyində probleminiz olmadı ki?
- Xeyr, adamın üstündə Allah var. Onlardan heç bir problem olmadı. Hətta onlarla bağlı bir sualım vardı, yaxınlaşdım. Sahibkarların qeydiyyatı şöbəsinn sektor müdiri olan Vüsal müəllim mənə elə kömək etdi ki, dedim yəqin başqa yerə düşmüşəm.
- Hansı məsələdə kömək etdi?
- Mənə bir sənəd lazım idi, bələdiyyəyə nə qədər dedim, başqa yerlərə dedim, həll olunmadı. Ona dedim, izah etdim ki, kömək etsəniz yaxşı olar, etməsəniz, mən onsuz da kiməsə rüşvət verməli olacam. Dedi narahat olma, bir həftədən sonra gəl sənədini götür, elə də oldu. AQTA-nın işindən tam xəbərim yoxdur, bilmirəm necə işləyirlər. Amma Vusal müəllimin simasında ora mənim üçün əla yerdir.
- Azərbaycaqda kiçik və orta biznesin üzləşdiyi problemlərlə məşğul olan ayrıca qurum var – Kiçik və orta biznesin inkişafı Agentliyi (KOBİA). Oraya müraciət etmisinizmi?
- Sözün düzü KOBİA-ya da müraciət etmədik. Başıma gələnlərdən sonra heç bir quruma etibarım qalmayıb.
Bu qədər idarənin birindən dəstək olmadı, onların mahiyyəti nədir, mən bilmirəm. Mən obyekti açıramsa, hər hansı JEK və ya icra hakimiyyəti gəlib məndən soruşmadılar ki, nə problemin var, necə kömək edək, bəlkə bir dəstək lazımdır?
Hələ icra hakimiyyəti, pandemiya dövründə bir dəfə dəstək vermədi, amma əvəzində nə etdi - gəlib kampaniyanın lövhəsinə ilişdi ki, bəs buna icazə buna icazə yoxdur. Elə davranırlar, elə bil, bizim onlara heç bir aidiyyatımız yoxdur, elə bil ki, biz bir gəmidəyik, bunlar başqa gəmidə, halbuki, biz hamımız eyni gəmidəyik.
İnandırım sizi, obyektin sahibinin sahibkara verdiyi dəstək, bu qurumların dəstəyindən qat-qat artıqdır.
Bizimlə bir vaxtda eyni işi, yaxın tanışım Avropada başladı, indi artıq işini inkişaf etdirib, ciddi biznesə çevrilib. Mən isə belə hallara görə, artıq biznesimi bağlayıram.
Təsəvvür edin, mən evimi satıb bura qoymuşam. İndi soruşuram, mən o evi bir də nə vaxt alacam? Əslində fikirlərim və planlarım böyük idi, hətta işğaldan azad edilmiş torpaqlara getmək, orada biznes qurmaq, bu dirçəliş prosesinə dəstək olmaq niyyətindəydim. İstədim ki, dövlətin arxasında olum, dəstək olum, iqtisadiyyata tövhəmiz olsun, bu da axırı.