Qeyd: Bu material FED.az-ın sifarişi ilə hazırlanıb və başqa resurslarda yayımlana bilməz.
Amerikalıların “Çətini ilk milyonu qazanmaqdır” fikrini o da təsdiq edir - öz təcrübəsində əmin olub. Ancaq deyir ki, ilk milyondan sonra arxayınlaşmaq yox, biznesə diqqəti daha da artırmaq lazımdır. Çünki böyüyəndə etdiyin səhv sənə daha çox zərər verə bilir. FED.az xəbər verir ki, söhbət Amerikanın Filadelfiya şəhərində fəaliyyət göstərən “American Galaxy” və “American Galaxy US” şirkətlərinin rəhbəri, biznes adamı Nakəm Baloğlanovdan gedir.
1986-cı il fevralın 1-də Şəki şəhərinin Böyük Dəhnə kəndində anadan olan N.Baloğlanov 1991-ci ildə kənd məktəbinə getsə də 10-11-ci sinifləri Araz kursunda oxuyub. “Qafqaz Universiteti”nin (İndiki Bakı Mühəndislik Universiteti) beynəlxalq iqtisadi münasibətlər fakültəsində bakalavr təhsili alıb, magistri İqtisad Universitetində davam edib, amma birinci kursun sonunda universiteti yarımçıq buraxıb Amerikaya gedir. Wilmington Universitetində biznes, Delawer Universitetində isə idarəetmə üzrə magistr təhsili alır.
- Nakəm bəy, bir çox biznes adamlarında satışa, biznesə meyillilik uşaq yaşlarından özünü göstərə bilir. Sizdə uşaq yaşlarından hər hansı maraq, yaxud satış təcrübəsi olmuşdu?
- Atam Rusiyada işləyirdi. Əvvəllər işləri yaxşı idi, amma mənim 11-12 yaşım olan dövrdə işləri heç də yaxşı getmirdi. Həmin dövrdən artıq pul qazanmaq meyilləri məndə özünü göstərməyə başladı. O vaxt kənd uşaqlarının pul qazana biləcəyi bəzi işlər var idi. Onlardan biri də kənddən mis yığıb satmaq idi. Mən də mis satıb pul qazanırdım. Pulun xüsusi dəyərini bilmirdim, amma qazanmağa çalışırdım.
- Bəs tələbəlik dövrü?
- 2-ci kursdan sonra davamlı işləmişəm. İlk olaraq “Bank of Baku”da işlədim. Sonra “Spector” elektrik şirkətinə keçdim. “Spector”də menecer vəzifəsinə qədər gəldim. Maaşım da yaxşı idi. Bakalavrın sonuncu kursunda universitet məni təcrübə olaraq Türkiyədə bankda işləməyə göndərdi. Bir il də o təcrübəm oldu. “Spector” şirkətində işlədiyim vaxt kredit təşkilatı ilə də danışmışdım, telefon, kompüter kimi əşyaları götürüb sənədsiz kreditlə satırdım. Çünki çox adam sənəd məsələsinə görə kredit götürə bilmirdi, mən ordan nəsə edirdim. O vaxt kitab qıt idi. Tələbələr hansısa kitabı hardansa tapıb üzünü çıxarıb oxuyurdular. Mən kitabın üzünü çıxarıb tələbələrə satmaqla bağlı işləri də edirdim. Tələbəlik dövründə çoxsaylı işlər görmüşəm.
- Bunları təcrübə, maraq üçün edirdiniz, yoxsa maliyyə qazanmaq tərəfi daha çox idi?
- Mən çalışqan adamam, boş vaxt olanda, dayana bilmirəm. Həm işləmək istəyim var idi, həm də maliyyə qazanmaq. Tələbəlik dövrümdə də atamın işləri yaxşı getmədi. Ümumilikdə, maddi vəziyyətimiz pis olmayıb, amma müəyyən dövrlərdə çöküşlər yaşana bilirdi. İstəsəm, mənə pul göndərərdilər, amma xarakterim elədir ki, o vəziyyətdə onlara da yük olmaq istəməzdim. Ona görə birinci kursdan sonra işə başladım.
- Burda işləriniz də yaxşı gedirmiş. Amerikaya yol necə açıldı?
- Universitetdə iqtisadiyyat üzrə təhsil alırdım. İqtisadiyyatın hansı sahəsindən danışsaq, Amerika öndə gəlirdi və bu, diqqətimi çəkirdi. Xəyal quran adam deyiləm, amma bir şeyləri istəyirəmsə, onu edirəm. Magistr təhsili dönəmində siqaret şirkətində işləyirdim, maaşım da yaxşı idi. Şirkətdə supervayzer səviyyəsinə qalxmaq üçün yüksək səviyyədə ingilis dili biliyi istəyirdilər. Bakalavr vaxtı universitetdə ingilis dilini öyrənmişdim, amma yüksək səviyyədə deyildi. Ona görə 2010-cu ildə 3 aylıq “Work and travel” proqramı ilə Amerikaya getdim. Bu proqram Amerikada tələbələrə iş və səyahət imkanı yaradır. Həm də məqsədim Amerikaya gəlmək, buraya bələd olmaq idi. Proqramla gəlib bələd olandan sonra burda təhsil almaq, yaşamaq, işləmək qərarı verdim.
- “Work and travel” proqramı ilə Amerikaya gedib-gələnlərə bu sual verilir ki, nə qədər pulla gəldiniz?
- İlk getdiyimdə həftəyə 360 dollar qazanırdım. Bu da az idi. Sonra şokolad fabrikində iş tapdım. Bir gündə iki işdə çalışırdım. Səhər saat 10-da biri başlayırdı, 4-də bitirdi. O biri saat 6-da başlayırdı, axşam 11-də bitirdi. Axırda hansısa məbləğlə qayıtmadım, çünki mən, ümumiyyətlə, qayıtmadım (Gülür). Proqramın bitməsinə az qalmış Filadelfiyada magistr təhsili qazandım. Proqram bitəndən sonra qalmaq qanunsuz sayılır, amma təhsilə başlayırdım deyə, hər şey qanuni olurdu. Əslində, əvvəldən Amerikada təhsil almaq fikrim var idi, amma baha olduğu üçün mənə çətin gəlirdi. Düşünürdüm ki, gedərəm, təhsil haqqını ödəyə bilmərəm.
- Bəs Amerikada təhsil haqqını necə ödədiniz?
- O vaxt tələbə idim, ailəm o imkana sahib deyildi, böyük maliyyəsi olan dostlarım yox idi. Hazırda millət vəkili olan Cavanşir Feyziyev o vaxt şirkət rəhbəri idi. Mən Amerikaya gəlməmişdən öncə onun şirkətinə gedib, özü ilə görüşüb “Amerikaya təhsil üçün getsəm, mənə köməklik edərsinizmi?” deyə soruşdum. CV-mə baxdı, İstanbulda bankda işlədiyimi gördü. Mənə dedilər ki, bir az bizim şirkətdə işlə, səni tanıyaq, sonra yardım edərik. Mən onun şirkətində işləməyə başladım. Cavanşir Feyziyev bizim kənddəndir. Bilirdim ki, çox gəncə təhsil məsələsində köməklik edib. Amerika ilə tanış olub, təhsil imkanı qazananda, Cavanşir müəllimə məktub yazdım, “İlkin ödənişi etməkdə mənə köməklik edərsinizmi?” deyə soruşdum. İlkin ödəniş 12 min dollar idi, 5 min dolları özüm yığmışdım. Səhəri gün 7 min dolları göndərdilər. Ondan sonra özüm işləyib maliyyə məsələlərini yoluna qoydum. Sonra pulu yığdım və qaytarmaq istədim, amma Cavanşir müəllim götürmədi. Dedi ki, fəxr edirik ki, təhsil alırsan.
Ödənişi aylığa da bölmək olardı, amma bu zaman 20 min dollar edəcəkdi. Mən Cavanşir müəllimə bunu da yazmışdım. Aylıq ödənişlə çətin olardı. İlkin ödənişin edilməsi mənə zaman qazandırdı.
- “Amerika fürsətlər ölkəsidir” deyirlər. Getdiyinizdə bu fürsəti hiss etdiniz?
- (Gülür) Amerikada gələndə, sizdeyən o qədər də fürsət görmədim. İşçi idim, həftəlik 2 işdə çalışıb 700 dollar alırdım. Bu, Amerika üçün çox deyildi. Məndə çalışqanlıq var və həmişə özümə güvənirəm. Bilirdim ki, Amerikada hansı işə girsəm, bacaracam. Sadəcə bir az təcrübə lazım idi.
- Tələbə olandan sonra Amerikada hansı işləri gördünüz?
- Bir restoranda işə başladım. 4 ay işlədim, sonra restorana ortaq oldum. İşlədiyim pulu götürmədim, bir az da restorana borclandım və restoranın 20 faizini aldım. Restoranın işləri çox yaxşı getdi, ordan başladım.
- Belə başa düşdüm ki, sonra o 20 faiz artıb.
- (Gülür) Bəli, sonra artıq restoranı aldım. Daha sonra o restoranı satıb başqa işlərə keçdim.
- Hansı bizneslərə keçdiniz?
- O vaxt telefonun arxasına yapışdırılan şəkilli keyslər yeni dəbə gəlmişdi. İnsanlar tərəfindən çox maraqla qarşılanmışdı. Mən onun üçün lazım olan cihazları aldım və Amerikada o işi görməyə başladım. Orda çox bacarıqlı ola bilmədik, amma pis də deyildi. O şirkəti başqa adama satıb, tikinti işinə girdik. Ev alqı-satqısı, kirayəsi, ev alıb təmir edib satmaq kimi işləri görürdük. Onu da bir müddət etdik. Sonra avtomobil alış-satışı ilə məşğul oldum. Ondan sonra reklam işinə keçdik.
- Reklama keçid necə oldu?
- Biz restoran işində çox uğurlu olmuşduq. Bunun səbəbi işin keyfiyyəti ilə yanaşı reklamını yaxşı qurmağımız idi. Biz yerləşdiyimiz ərazini yaxşı analiz etmişdik və insanların evinə qədər getmişdik. Belə ki, menyumuzu kağız formatında çıxarıb ərazidə insanlara paylamışdıq. Çox effektli oldu. Çünki indi çox adam reklamı onlayn edir. Yaşlı nəsil, onlayna çox həvəsli olmayanlar ordan sizi görməyə bilər. Ona görə biz kağızla reklam edəndə, maraqlı gəldi, bu şəkildə işimiz böyüməyə başladı. Bir neçə adam restoran təcrübəmi bildiyi üçün məndən bu reklamı onlar üçün də etməyimi istədi. Eyni formada bir neçə restoran üçün bu işləri görməyə başladıq, biznes partner kimi olduq. Onların gəlirindən faiz götürdük. Bu cür müraciətlərin sayı getdikcə artdı, reklam işi bizi içinə aldı və bu işi böyütdük. Əvvəl tikinti sahəsində təmir, alqı-satqı ilə fəaliyyətdəyiksə, hazırda torpaq alıb bina tikmək işinə başlamaq fikrindəyəm.
- ABŞ-da tikinti icazə prosesi necədir?
- Bu işlər lisenziyalıdır. Tikinti işləri şəhərin memarlıq quruluşu əsas götürülərək icra edilir. Məsələn, elə yer var ki, orda 4 mərtəbədən hündür bina tikintisinə icazə verilmir. Hər zonanın öz qanunları var, bunları bilməlisiniz. Tikinti icazəsi almaq rahatdır, sadəcə yol bir az uzun olur. Bina tikmək üçün bələdiyyədən icazə sənədi göndərilir. Bundan sonra tikinti şirkətinin memarı binanın necə tikiləcəyinə dair sxemanı hazırlayır. Ondan sonra bu sxema bələdiyyəyə göndərilir. Ərazidən keçən su, elektrik xətləri, binanın ətrafında nə qədər məsafə qalması, maşın parkı və s. üçün yer olması kimi nüansları nəzərə alaraq o sxema hazırlanır. Memar hansı ərazidə tikintinin hansı formada aparılacağını daha dəqiq bilir. Bələdiyyə təsdiq edəndən sonra qazıntı və bünövrə işlərinə başlanılır. Burda binanın tikintisini bir deyil, 10-15 şirkət edir. İlk mərhələdə 3 şirkət işləyir. Qazma-bünövrəni edən, elektrik işi görən və su-kanalizasiya sistemini quran. Bunlar hamısı lisenziyalı şirkətlərdir. Standartları bilirlər, şəhər bələdiyyəsinin nə istdiyi haqqında məlumatlıdırlar. Birinci mərhələ bitəndə, bələdiyyədən gəlib baxırlar. Əgər qaydasında edilibsə, tikintinin növbəti mərhələsinə keçilir. Ancaq bələdiyyə elektrikin düzgün çəkilmədiyini, bünövrədəki su və betonun keyfiyyətinin yaxşı olmadığını, görərsə, bu zaman tikintinin ikinci mərhələyə keçməsinə icazə vermir. Birinci mərhələ tam qaydasında edilməlidir, sonra ikinci mərhələyə icazə verilsin.
Əgər bələdiyyə icazə vermirsə, tikinti şirkəti də o işi görən şirkətə ödəniş etmir. Çünki iş keyfiyyətli deyil. Pulu tam almağı üçün işi bitirməlidir. O şirkətlər də işlərini bilirlər, ona görə standartlara uyğun iş görürlər.
Hər mərhələdə bu cür yoxlanılır, sonra icazə verilir. Sonlanandan sonra da yoxlayır. Əgər hər şey qaydasındadırsa, yaşayışa icazə verilir.
- Amerikada tikintinin başa gəlmə xərcləri, gəliri necədir?
- Amerikada tikintidə işlər, qiymətləndirmə kvadratmetrlə deyil, “feet”lə (30 sm) aparılır. Mən qiymətləri kvadratla çevirib deməyə çalışacam. 1 kvadratmetr tikinti təqribən 1000 dollara başa gəlir. Bu, ortanın aşağısında bir qiymətdir. Bu qiymətə tikinti və təmir xərcləri daxildir. Burda təmirdə istifadə olunan malların keyfiyyəti ortadır. Çünki 1000 dollara bir az zəif təmir olur. Evlərin ucuz olduğu ərazilərdə bu cür tikilir. Gəlir səviyyəsi yüksək olan yerlərdə təmir üçün daha yüksək keyfiyyətli məhsullar istifadə edilir. Bu kimi evlərdə, mətbəxi geniş, dizaynı daha yaxşı edirlər. Amerikada belə deyim var: “Mətbəxi yaxşı et, evi neçəyə istəyirsən, sat”. Çünki qadınlar ən çox mətbəxə fikir verirlər. Qadının xoşuna gəlirsə, ev alınır. Bu kimi evlərdə artıq kvadratmetrin qiyməti 1000 dollardan artıq olur.
100 kvadratlıq bir ərazi (Bu yerindən asılı olaraq dəyişir) təxminən 100 000 dollara alınır. Bu da hər kvadratda 300 dollar fərq edir.
1000 dollar təmir-tikinti xərcləri, 300 dollar da torpağın qiymətini hesablayırıq. Tikdiyimiz evlərin kvadratmetri təxminən 1300 dollara başa gəlir.
Aldığımız 100 kvadratmetrik 80 faizində tikinti apara bilirik. İndi tikilən binalar minimum 3 mərtəbə olur. Zirzəmi də kvadrata daxil olur. 4 mərtəbə kimi hesablanır. Kvadrat divarın çölü ilə hesablanır və 4-də vurulur. 80 kvadratlıq ərazidə 4 mərtəbəli bina tikilibsə, 320 kvadrat kimi satışa çıxarılır. 300 kvadratmetrlik (4 mərtəbə) bir bina tiksəniz, 400 min dollara başa gəlir. Belə bir evdən 130-140 min xeyir götürmək lazımdır. Yəni gəlir 100-də 25-30 faiz arasında dəyişir.
- Reklam şirkəti necə böyüdü?
- Biz xırda bizneslərə çox fokuslanmışıq. Müştəri xırda şirkət olanda, digər şirkətlər onlara çox da diqqət etmirlər, xidməti zamanında göstərmirlər. Həftəlik 500 dollarlıq iş görür, telefona cavab vermir, işi vaxtında bitirmir, müştərini incidir. Biz həftədə 5000, yoxsa 100 dollar ödədiyinə baxmadan yaxşı xidmət göstəririk, hamısına eyni cür qiymət veririk. Bu səbəbdən, xırda müştərilərimiz çoxdur. Kiçik şirkət bir-iki dənə olsa, sən pul qazana bilməzsən. Amma belə şirkət yüzlərlədir. Biz onları bir şəkildə idarə edirik. Bəzən kiçik müştərilər bizə tanıdığı çox böyük müştərini gətirir.
- Print, reklam sahəsində Amerikada götürdüyünüz böyük işlərdən də danışaq. Hansı işləri sizə həvalə ediblər?
- Marketlər şəbəkəsi olur, onların işlərini görürük. Amerikanın 5 ştatında fəaliyyət göstərən mebel şirkətinin print, reklam, yayım işlərini biz görürük. Həmin şirkət ən böyük müştərilərimizdən biridir. Ən böyük işlərimiz həm də seçkilər öncəsi olur. Amerikada bir çox məsul vəzifələr seçki üsulu ilə seçilir. Prezident, hakimlər, polislərin bəzi yüksək rütbəliləri, millət vəkilləri, və s. seçki yolu ilə seçilir. Bu işi bizə verən menecer var, təbii ki onlar daha çox qazanırlar. Amma biz də yaxşı gəlir əldə edirik. Onların işləri sadəcə olduğumuz yerdə deyil, bir neçə ştatda olur.
- Seçki kampaniyalarında hər namizəd broşüra və çap məhsullarına orta hesabla nə qədər pul xərcləyir?
- Millət vəkillərindən 100-200 min dollar arası ödəniş aldığımız olub. 2-3 həftəlik işdən söhbət gedir.
- Bir “American Galaxy” var, bir də “American Galaxy US”. Bu adlar altında hansı bizneslər cəmləşir?
- “American Galaxy” print, reklam işləri ilə məşğul olan şirkət idi. Sonra işlər böyüdü, fərqli sektorlara keçdik və həmin o işlərin hamısını elə bu şirkətin tərkibində etdik. Amerikan birjasında da alış-satışlar edirik, orda da yatırımlarımız var. “Amazon”da bəzi işlərimiz olur. Çindən məhsul gətiririk, burda işlədiyimiz mağazalarda satışını təşkil edirik. Zamanla reklam işimiz çox böyüdü və onu ayırıb “American Galaxy US” etdik. “American Galaxy”ni sadəcə olaraq Amerikan birjasına yönləndirdik.
- Harda biznes, gəlir imkanı görsəniz, nəsə etməyə çalışırsız…
- Bəli, dəyərləndirməyə çalışırıq. Hansısa sahədə işıq görürəmsə, o istiqamətə yönəlməyə çalışıram. Sonuncu cəhd etdiyimiz sahə tikintidir.
- Niyə tikinti?
- Hansısa biznesə başlamamışdan öncə fikir verirəm ki, burda nə qədər böyümək olar? Restoran işindən çıxmağımın səbəbi də budur. Restoran işində çox uğurlu davam edirdik, amma restoran biznesini çox böyüdə bilməzdin. Çox çətinlikləri var. Hər birinin üstündə nəzarət etməlisən. Gedərək çətinləşir, gəlirlilik də limitli olur. Bir restorandan qazana biləcəyin məbləğ var. Tikinti elədir ki, istədiyiniz qədər böyüyə bilərsiz.
- Kriptovalyuta sektoruna marağınız bu valyutalar məşhurlaşandan sonra oldu?
- Əslində kriptovalyutalara iki il öncə yüngül yatırımlar etmişdim. Tətbiqləri var idi, amma sonra maraqlanmırdım. Pandemiya dövründə bir az işlər dayandı, birja məsələsi dəbə gəldi. Biz də o sektora girdik, şirkətlərin hissə sənədlərini aldıq. Bir il orda olandan sonra kriptovalyuta sahəsinə aktiv şəkildə daxil olduq. Hazırda həm birjada, həm də kriptovalyutalarda yatırımımız var. Araşdırırıq, perspektiv gördüyümüz kriptovalyutalar olursa, yatırımlar edirik. Əvvəl kriptovalyutalara çox inanmırdıq, amma indi dünya bu valyutalara doğru gedir. Hazırda ümumi kripto bazarı 2 trilyon dollardır. 2025-ci ilə qədər 10 trilyona çatacağı proqnozlaşdırılır. Hər il müəyyən düşüşlər gedən dövrlər də olur. Amma ümumi cədvələ baxanda görürsən ki, yuxarı doğru gedir. Ona görə biz də ora riskli yatırımlar etdik və kriptovalyutalarda artımlar olacağını gözləyirik.
- Kripto bazarında və birjada nə qədər yatırım etmisiniz?
- 500 min dollar ətrafında kriptovalyuta, 1 milyon dollar ətrafında isə birjada yatırımlarımız var.
- Hansı şirkətlərin səhmlərini almısınız? Seçimi nəyə əsasən edirsiniz?
- “Tesla”, NİO, “Palantir”, “Space”, BİGC, “Alphabet A” və s. şirkətlər var. “Alphabet A”nın tərkibinə “Google”, “Gmail”, “Youtube”, “Google map” və s. daxildir. Adətən, texnoloji şirkətlərə üstünlük veririk. Çünki bu şirkətlərin böyüməsi dəfələrlə çox olur və sürətli gedir. Digər sahələr onlar qədər sürətli olmur.
- Biznesdə itirdiyiniz ən böyük maliyyə nə qədər olub?
- Biznesdə itirməmişəm, amma birjada itirmişik. Bir neçə ay bundan öncə birjada çöküş oldu, 300 min dollara yaxın ziyan etdik.
- Hansı çöküşlər sizə təsir etdi?
- Son bir ayda kriptovalyuta bazarında qiymətlərdə yüksəliş olsa da, ondan əvvəlki 3 ayda düşmə müşahidə edildi. Bitkoin 65 min dollarlardan 28 min dollarlara düşmüşdü. Hazırda 43-44 min dollarlardadır. Bitkoin bütün kriptomarketin hərəkətinə yön verir. Bitkoin yüksəldiyi zaman bütün kriptomarket yüksəlir. Təbii ki eyni dərəcədə yüksəlmir. Artım faizi Bitkoindən yüksək olan da olur, aşağı olan da. Elə olur ki, Bitkoin 3 faiz artır, başqa kriptovalyuta 5-100-1000 faiz. 10 000 faiz artan da olur. Bitkoin düşəndə də digərlərində eniş olur. Kriptomarket hazırda inkişaf edir. Hazırda 12-13 minə yaxın kriptomarket var. Hər gün yeniləri çıxır. Bəziləri fırıldaq məqsədlidir. Bu tipli şirkətlər bazarda çox davam gətirmir. Uğurluları qalacaq, işlərini yaxşı görə bilməyənlər gedəcək. Düşmə olanda, bizim də burda olan yatırımlarımıza təsir etmişdi. Son bir ayda kriptolarda yüksəlmə var. İlin sonuna artım gözləyirik.
Fond birjasında da qiymətlərdə enmə müşahidə edildi. Amerika fond birjalarını idarə edən “Apple”, “Amazon”, “Google”, “Facebook” kimi şirkətlərdə düşmə olmadı. Böyük, əsas şirkətlər xaric 100-də 80 şirkətdə düşüş oldu. Bəzi tikinti, turizm, texnologiya şirkətləri var idi ki, qiymətləri balon kimi çox şişmişdi. Onların qiymətlərində enmələr getdi. Əslində, bu enişlər kiçik sayılır. Çünki böyük enişlərdə böyük şirkətlərin də qiymətlərində 30-40 faiz enmə müşahidə edilir. Balon qiymətləri olan şirkətlərdə eniş oldu. Bəziləri 50, bəziləri 100 faiz eniş etdi. “NİO” şirkəti var, “Tesla”nın rəqibidir, Çin şirkətidir. Həmin şirkətin səhmlərinin qiyməti 60-70 dollardan 25 dollara düşdü. Hazırda bir az qalxıb. “Telsa”nın səhmlərinin qiyməti isə 889 dollara qədər artmışdı, enmə olan ərəfədə 550 dollarlara düşmüşdü. İndi bir az qalxıb. Texnologiya şirkəti olan “Palantir”in səhmlərinin qiyməti isə 40 dollardan 18-ə gəlmişdi.
Hərəkətlilik yüksək olan şirkətlərdən alanda, risklər var, bunları bilirik. Amma onlara uyğun strategiyalarımız var, onları tətbiq edirik.
- Amerikada bir neçə sahədə biznes quran şəxs olaraq fikirləriniz maraqlıdır. İş qurmaq üçün Amerikada böyük maliyyə lazımdırmı?
- Biz bir az xırda işə başladıq, zamanla böyüdük. Amma avtomobil maşın biznesində ilkin mərhələdə 5-10 maşın lazım oldu. Yavaş-yavaş gəlir əldə etdikcə sayını çoxaltmışdıq. Bizneslə bağlı təcrübən və yaxşı maliyyən varsa, bu, sənin üstünlüyün deməkdir. Ancaq az məbləğlə də iş qurmaq olur, sərmayə hər şey deyil. Ən önəmlisi təcrübədir. Təcrübəniz yoxdursa, Amerika kimi ölkədə istədiyiniz qədər pulunuz olsa da, bir dəyəri yoxdur. Çox böyük maliyyəsi olan adamların Amerikada biznesinin batdığını görmüşəm. Pulu var, amma təcrübəsi yoxdur. Pulun nə qədər azdırsa, işin o qədər çətin olacaq. Amma “pul azdırsa, iş qurulmaz” deyə bir şey yoxdur.
- Amerika bazarında bir biznesi ayaqda saxlamaqdan da danışaq.
- Əsas iş biznesi qurduqdan sonra başlayır. İşin çətin olan qismi məhsulunu, xidmətini bazara çıxarmaqdır. Bunun üçün yaxşı əlaqələrin və ünsiyyət qabiliyyətin olmalıdır. Satış etməyi bacarmalısan. Biznes elədir ki hər kəs satış edə bilmir. Sata bilmirsənsə, iş getməyəcək. Amerikada işi idarə etmək çox çətindir.
- İdarəetmədə çətin olan nədir?
- Amerikada işsizlik yoxdur. İş tapmaq çox rahatdır. Müdirlər heç bir işçiyə söz deyə bilmirlər. Müdirin gözünün yaşına baxmayıb işi anında buraxır. Amerikada müdir olduğunu o qədər də hiss edə bilmirsən (Gülür). İşçi tapmaq burda asan deyil. Xüsusi qabiliyyəti olanlar böyük şirkətlərdə yüksək maaşa işləyirlər. Biz bir müddət “Half way house”dan işçi götürdük. Burda həbsxanada uzun müddət yatanı birbaşa evə buraxmırlar. “Half way house”a götürürlər, orda icazə verirlər ki çölə çıx, insanlara öyrəş. Ordakılar evlərinə çıxıb getmələri üçün iş tapmalı, çalışmalı, özlərini sübut etməlidirlər. Dediyim odur ki, həbsxanadan belə işçi götürürdük. Çünki işçi tapmaq asan deyil.
- Sizin öz təcrübənizdən danışaq. İşçiləri saxlamaq üçün nələr edirsiniz?
- Burda işçiləri saxlamaq istəyənlər maaşını yüksək tutmağa çalışırlar. Başqa yerdə ala biləcəyindən artıq verilir ki, maaşa görə başqa işə getməsin. İcazə istəyəndə götürür, işdən əlavə nəsə problem olursa, əlimizdən gələni edirik. Bunların sayəsində işçilər bizi buraxmır.
- “Hədəf Nyu-Yorkdur” demisiniz. İndiyə qədər o hədəfə nail olmamağınızın səbəbi nədir?
- Filadelfiyadayam. Nyu-York bizdən 2 saatlıq məsafədədir. Əslində, heç bir şey mane olmayıb. Biznesdə belədir ki, ilk növbədə olduğun yerdə qüvvətli olmalı, sonra ətrafını genişləndirməlisən. Biz ilk vaxtlar Filadelfiyada o qədər qüvvətli deyildik. Bizdən əvvəl bu ərazidə reklam sahəsində çox qüvvətli olan şirkətlər var idi. Yavaş-yavaş bu sistemə girdik. Müştərilərdən eşitdiymə görə hazırda ən qüvvətlisi bizik. O vaxtlar isə biz onlarla müqayisə olunmayacaq dərəcədə balaca idik. “Nyu-Yorka giririk” deyib getmək asan bir şey deyil. Araşdırma edilməli, ofis qurulmalı və s. Ofislərimiz Filadelfiyanın bir bölgəsində idi. Sonra yavaş-yavaş bütün Filadelfiya oldu. Növbəti mərhələdə Filadelfiya ətrafına keçdik, ətrafdakı şəhərlərdən də işlər götürməyə başladıq. Filadelfiyaya yaxın Delaver və Nyu-Cersi ştatlarında da ofis açdıq. Nyu-York Nyu-Cersidən sonra gəlir. İş artmalıdır ki, biz də tədbir görək.
- Bizneslər kiçik, orta, böyük deyə bölüşdürülür. Sizin şirkət Amerika bazarında hansı ölçüdədir?
- Kiçik biznesdir. Orta ölçülü şirkətlər 10 milyard dollardan sonra başlayır. Bizdə hələ ki 10 milyon dollar altındadır. Amerikanlarda belə bir fikir məşhurdur: “Çətin olan ilk milyonu qazanmaqdır”. Deyirlər ki, növbəti milyonlar asan olur (Gülür).
- Siz ilk milyonu artıq qazanmısınız. Davamı həqiqətən asan gəlir?
- Əslində, doğrudur. Çünki ilk milyonu qazanmaq illər alır, fiziki cəhətdən də çətin olur. Çünki ilk milyon qazandığın zaman təcrübən daha az olur. Zamanla sərmayə də böyüyür, işin həcmi də. 2-3 və sonrakı milyonları qazanmaq daha asan olur. Çünki təcrübəli olursan.
- İlk milyonu qazanmısansa, növbəti milyonlar mütləq gəlir?
- İki, üç və sonrakılara daha rahat çatmaq üçün daha diqqətli olmaq lazımdır. Ola bilər ki, bir milyondan sonra fiziki olaraq iş azalsın, amma zenhi olaraq daha ağıllı hərəkət etməlisən. Yaxşı nəticə almaq üçün ağıllı addımlar atmaq lazımdır. Ondan növbəti milyonları daha qısa zamanda qazanmaq olur.
Ancaq pulun miqdarı artdıqca bəzən insanlarda dəyişmə gedə bilir. Əslində, dəyişməmək lazımdır. Dəyişmirsənsə, iki-üç və sonrakı milyonlar da olur. Okeanın o biri tayından gələn adamların çoxunda bir az fərqli olur. Pulu gördüyü anda dəyişir. Diqqətsiz olurlar, əvvəlki kimi əziyyət çəkmək istəmir, bir az rahatlıq meyl etmək istəyirlər. İlk milyondan sonra rahatlamaq yox, biznes üzərində diqqəti daha da artırmaq lazımdır. Çünki yüksəlirsən, orda etdiyin bir səhv sənə daha çox zərər verə bilir, enişin də sürətli gedə bilir. İlk milyondan 2-3-4-cü milyonlara sürətli getdiyin kimi eniş də sürətli olur. Ona görə ilk milyondan sonra diqqətli olmaq, işə sərf etdiyin əməyi artırmaq lazımdır.
Amerikada insanların pulu artanda, dəyişmirlər. Onlar kasıblıq görməyib, yaşamaq üçün pul hər kəsdə var. Burda pulunun çoxluğu sənin böyüklüyün anlamına gəlmir. Bunlar da gəlirləri artdıqca dəyişmirlər. Hədəfi olan insanlar ilk milyonda da, yüz milyonda da işinə məsuliyyətlə yanaşır, eyni cür davranır. Onu pul dəyişdirmir və işində uğurla davam edir.
Xüsusi olaraq FED.az üçün Aygün Asimqızı