Diqqət: Bu material FED.az-ın sifarişi ilə hazırlanıb və onun digər resurslarda yayılması qadağandır.
Polşaya magistr təhsili üçün gedir, ancaq bir məqsədi də Avropa iş mühitinə düşmək, burda özünü inkişaf etdirmək olur. Təhsil aldığı müddətdə çalışmaq istədiyi iki şirkəti özünə hədəf seçir. Əvvəlcə hər ikisindən «yox» cavabı alsa da, indi orada çalışır.
Yusif Əfəndizadə təkcə ABŞ məşhur investisiya bankı, dünyanın iri investorları üçün mayak rolunu oynayan «Goldman Sachs»da çalışır. Dövlət İqtisad Universitetinin (UNEC) bakalavr məzunu olan həmyerlimiz «Goldman Sachs»ın Polşa ofisində likvidlik və pul vəsaitlərinin idarə edilməsi üzrə baş mütəxəssis vəzifəsində çalışır.
- Haqqınızda məlumatlara baxdım, iş həyatınıza yalnız universiteti bitirdikdən sonra başlamısız. Tələbə vaxtı işləməməyinizin səbəbi nə idi?
- Universitet dövründə əsas fikrimi təhsilə verirdim. Çünki valideynlərim məni belə yönəldirdilər. Bakalavr təhsili zamanı yalnız sonuncu kursun yay aylarında işlədim. O da özüm istədim. Marketdə operator, mühasib köməkçisi, kiçik mühasib kimi işlərdə çalışdım.
- İşləməsəniz də, bakalavr dövrünü aktiv keçirən tələbələrdən olmusunuz. Bu, daxildən gələn aktivlik idi, yoxsa şərait belə gətirmişdi?
- Məncə, aktivlik insanın içindən gəlməlidir. Mən özüm aktiv olmağa çalışırdım. Birinci kursdan sonra Tələbə Elmi Cəmiyyətinin sədri seçildim, sonra Tələbə Gənclər Təşkilatı və s. ilə də münasibətə, universitetdaxili təşkilatın tədbirlərində iştiraka başladım. İnsan cəhd etdikcə nəticələr də olur.
- Tələbə vaxtı debatla da məşğul olmusunuz. O təcrübə sonradan sizin üçün üstünlüklər verirdimi?
- Bəli, debatda 3 illik fəaliyyətim oldu. Qazandırdığı üstünlüklər o vaxt daha çox köməyimə gəldi. Natiqlik qabiliyyətim çox inkişaf etmişdi. Debat elə şeydir ki, qarşı tərəfin arqumentlərinə qarşılıq fərqli arqumentlər, faktlar ortaya qoymalısan. Bu da adamın düşüncə qabiliyyətini inkişaf etdirir. Tək öz universitetimiz deyil, digər universitetlərin tələbələri ilə debat yarışlarında iştirak edirdim. Netvörkinqimə də yaxşı təsir göstərmişdi.
- İş tapmaqda netvörkinq önəmli amildir. Yəqin universiteti bitirdikdən sonra iş tapmağınız çətin olmaz.
- Dünyanın hansı ölkəsində olursan ol, iş mövzusunda netvörkinq çox vacibdir. Həmin şəxslər yaxşı vəzifədə işləməsə də olar, əsas odur ki yaxşı müəssisələrdə çalışsınlar. Onlar səni öz rəhbərlərinə məsləhət görə bilsələr, bu zaman iş tapmağın daha asan olur, nəinki harasa CV göndərəsən, onlar ona baxa-baxmaya.
Balakavr təhsilimi başa vurub hərbi xidmətə getdim. Elə oldu ki hərbi hissədə idarəçilikdə çalışdım, iş mühiti ilə əlaqəli müəyyən təcrübə yığdım. Əsgərlikdən qayıdan kimi bir SYSLAB təlim-tədris mərkəzinə müraciət etdim, CV hazırlamaq, işi necə tapmaq və s. mövzularda təlimlərinə qatılırdım. Bu, çox motivasiyaverici və öyrədici oldu. Təlimlərə qatıldığım müddətdə artıq öz netvörkinqimizdən istifadə edib işlər axtarmağa başladıq. Dost-tanışlardan bizi öz şirkətlərinə məsləhət görməyi xahiş edirdik. Çalışdıqları şirkətlərə deyirdilər ki, belə CV var, bəlkə bunu dəyərləndirəsiniz. Həmin dostlardan biri “Cahan Motors”da idi. Müsahibə etdilər, kassir kimi işə götürdülər.
- Kassir kimi nə qədər müddət çalışdınız?
- 2013-cü ilin oktyabr ayında “Cahan Motors”da kassir kimi işə başladım. 3-4 ay sonra aktivliyimə görə mühasib işinə keçirdilər. Sonra baş mühasib, ardınca da holdinqin maliyyə rəisinin köməkçisi oldum. Ümumilikdə, 4 il “Cahan Holdinq”də çalışdım.
- Bəzən kassir kimi gördüyümüz adamın illərlə eyni yerdə eyni işi icra etdiyinin şahidi oluruq. Kassir necə aktiv olmalıdır ki onu irəli çəksinlər, digər vəzifələrə keçirsinlər?
- Bu, insanın özündən asılıdır. Ölkədən-ölkəyə dəyişmir. Polşada adam tanıyıram ki, 3 ildir mütəxəssis vəzifəsində çalışır. Ancaq azərbaycanlı tələbə var ki, bir ildir gəlib, ondan yaxşı şirkətlərə, vəzifələrə gedib. Mənə gəlincə, tək öz işimi görməklə kifayətlənmirdim. Mühasibatlığa gedib onların işini də öyrənmək istədiyimi demişdim. Xahiş edirdim ki, mənə də öz işlərindən versinlər, həm öyrənim, həm də onların işini görüm. Belə-belə mühasibatlıq işlərindən məlumatlandım, təcrübəm oldu. Mühasibatlıq şöbəsinə işçi lazım olanda, artıq yadlarına mən düşdüm.
- 4 il müddətində kassirdən maliyyə rəisinin köməkçisi vəzifəsinə gəlmisiniz. Bu təkcə aktivliyin bəhrəsi idi?
- Aktivlik deyəndə çox məsələlər başa düşülür. Məsələn, menecerlər və işçilərlə münasibətimin də rolu önəmlidir. Ən aşağı vəzifədən tutmuş ən yuxarıya qədər bütün vəzifələrdə olan işçilərlə yaxşı münasibət qurmuşdum, hər birinin hörmətini saxlayırdım. Bunlar Azərbaycanda iş həyatında önəmli məsələlərdir.
Bunlar öz yerində, amma daim özümü inkişaf etdirmək üçün çalışırdım. Mühasibatlıq sahəsində irəliləmək üçün kurslara gedirdim.
Münasibət, netvörkinq, özünü inkişaf etdirmək və bunları qarşı tərəfə göstərmək önəmlidir. Hər şey yaxşıdır, amma sakit işə gəlib-gedirsənsə, əlbəttə, heç kim səni dəyərləndirməz. Maliyyə rəisi bizim ofisdə otururdu. Onlara reportlar hazırlamasına köməklik edirdim. Nəticədə dəyərləndirildim.
- Magistr təhsilini Polşada almısınız Bu ölkəyə yalnız təhsil üçün getdiniz, yoxsa həm də işləmək fikri vardı?
- Birinci məqsədim təhsil idi. Ancaq ölkədən çıxanda, Avropa iş mühiti, özümü inkişaf etdirmək də əsas prioritetlərimdən idi.
- Magistr dövründə işə başladınız, yoxsa təhsilin bitməyini gözlədiniz?
- Məqsəd yaxşı təhsil almaq idi deyə, həmin vaxt ixtisas üzrə işlərə gedə bilmirdim. Ona görə ilk vaxtlar 6-7 ay şokolad zavodunda paketləmə, qablaşdırma işində çalışdım. Amma elə oldu ki sonra dərsimlə alınmadı deyə, “Uber” taksi şirkətindən maşın götürüb sürücülüklə məşğul oldum. Univeristeti bitirməyə az qalmış artıq şirkətlərə ixtisasımla bağlı işlərə müraciət etməyə başladım. O demək deyildi ki, tələbə vaxtı şirkətlərdə iş yox idi. Sadəcə olaraq dərsimiz həftədə 3-4 dəfə idi. Poznan İqtisadiyyat Universiteti Polşanın ən güclü iqtisadiyyat universiteti idi, eyni zamanda oxuduğum ixtisas çox ağır idi və dərslər çox vaxt aparırdı. Zavod işi yarımgünlük idi. Üstəlik istədiyim günləri seçə bilirdim. Dərslərimi kənara atmırdım. İxtisasımla bağlı işlərə başlasam, iş vaxtımı çox alacaqdı. Diplom müdafiəmə 10 gün qalmış ixtisasım üzrə işə başladım.
- Yəni Polşada iş tapmaq problem olmadı?
- Polşada iş imkanları çoxdur. Polşada təhsil almış hər bir azərbaycanlı müəyyən sahə üzrə savadı və ingilis dili biliyi varsa, iş tapa bilər. Yəni iş tapmaqla bağlı çətinliklə üzləşmədim, rahat oldu. 2020-ci ildə ilk təklif aldığım şirkətdə - “State Street Bank”da Derivativlər üzrə mütəxəssis kimi işə başladım. Ondan sonra başqa şirkətə - «City bankda» Maliyyə alətlərinin Satışı və Nağd pulların idarə olunması üzrə baş mütəxəssis vəzifəsinə keçdim.
- Sonra isə “Goldman Sachs”a keçdiniz. Sizcə, sizi işə qəbul edəndə, əsas nəyə diqqət yetiriblər?
- İlk olaraq əvvəlki təcrübəyə baxırlar. Mənim ondan əvvəl iki bank şirkətində təcrübəm olub. Polşanın ən yaxşı universitetlərindən birini bitirmişəm. İxtisasım da təbii ki önəmlidir. Fikir verdikləri nüanslar çoxdur. CV-ni necə hazırlamaq da burda önəmlidir. Özünü necə satmağından, keçmiş işlərin haqqında nə dərəcədə inandırıcı danışmağından asılıdır. Bunları bacarırsansa, rahat şəkildə keçə bilirsən. Əlbəttə, bunu hamı bacarmır, bacaranlar varsa, rahat keçir.
- Azərbaycandakı iş təcrübəniz təcrübəniz “Goldman Sachs”da işə qəbulda diqqəti cəlb etdimi?
- Azərbaycanda işlədiyim vəzifə «Goldman Sachs»da işə qəbulda böyük kömək oldu. “Goldman Sachs”da birbaşa baş mütəxəssis kimi işə götürdülər. Burda həm Azərbaycandakı təcrübəm önəmli oldu, həm də Polşadakı il yarımlıq fəaliyyətim.
- Sırf sizin sahədə işə qəbulda hansı sertifikatlara fikir verirlər?
- Böyük şirkətlər həqiqətən də öz üzərində işləmiş - bizim sahədən söhbət gedirsə - hansısa beynəlxalq CFA, ACCA və s. kimi sertifikatlar olmasına baxırlar. Nəticədə bank şirkətidir, maliyyə ilə məşğuldur.
- “Goldman Sachs”a qədər Polşadakı şirkətlərdə iş təcrübələriniz qısa müddət olub. Tez-tez iş dəyişənlərə bəzi İR mütəxəssislərinin münasibəti yaxşı olmur. “Goldman Sachs”da işə qəbulda Polşadakı şirkətlərdə işdən tez ayrılmağınızla bağlı sizə sual verildi?
- Bəli, verdilər və mən onlara səbəblərini bildirdim. Səbəblərim məntiqli olduğu üçün onlar dedilər ki, yerimdə olsalar, eyni addımı atardılar. Düzdür, Azərbaycanda bəzi İR mütəxəssisləri CV-də adamın tez-tez iş yerini dəyişdiyini görəndə, CV-sini bir kənara atırlar. Amma burda elə deyil, sənin səbəblərini öyrənirlər. Əvvəlki iş yerlərindən səni maraqlanırlar.
- Ümumiyyətlə maraqlıdır, iş yerini niyə tez-tez dəyişirdiz?
- Hədəf deyilən bir şey var. Ora çatmaq üçün şansları dəyərləndirmək deyək. Mən Polşada universiteti bitirəndən sonra işləmək istədiyim iki şirkət var idi: “Goldman Sachs” və “JP Morgan”. Hər ikisi böyük qlobal şirkətdir. Təhsilimi başa vurduğumda müraciət etdim, amma məni işə götürmədilər. Çünki bank sektorunda təcrübəm yox idi. O hədəfə getmək üçün lazım olan təcrübəni yığmalı idim. Bir şirkətdə 9 ay mütəxəssis kimi çalışdım. Bu təcrübə ilə də həmin şirkətlər məni qəbul etmədilər. Elə oldu ki ABŞ bankı “City bank”ın Polşadakı şöbəsindən baş mütəxəssis təklifi gəldi. Dedilər ki, istəsəniz, müraciət edin, dəyərləndirək. Həm maaşı yaxşı idi, həm Varşavada yerləşirdi, həm də “Citygroup” böyük yer idi deyə, dəyərləndirib ora keçid etdim. Şansımı niyə qaçırım ki?
- Burada işləriniz necə getdi, çətin deyildi ki?
- Bu bankda 3 ay işləyəndən sonra ingilis dili biliyim yaxşı olduğu üçün məni “American Market”inə keçirdilər. Orda isə iş Polşa vaxtı ilə saat 4-də başlayırdı, gecə 12-də qurtarırdı. 1 ay elə işlədim. Gördüm gecə 2-3-də yatırsan, səhər 10-11-də oyanırsan, heç nə edə bilmirsən, yenə iş başlayır. 5 günün belə gedir. Mən sosial insan idim. İstər diaspora fəaliyyəti, istər uşaqlara kömək, dostlarla görüşmək və s. O iş rejimi ilə bu cür aktivlik mümkün deyildi. Gecə növbəsi sağlamlığa da öz təsirini göstərirdi. “Goldman Sachs”da Elçin adlı dostum işləyirdi. Ondan məni çalışdığı şirkətə məsləhət görməyini istədim. Məsləhət gördü, 3-4 mərhələli müsahibədən keçirdikdən sonra işə qəbul etdilər. Hazırda istədiyim şirkətdəyəm. Ona görə, daha qısa müddət sonra iş dəyişmək fikrim yoxdur (Gülür).
- “Goldman Sachs”ın işə qəbul prosesi əvvəllər işlədiyiniz şirkətlərin işə qəbulundan nə iləsə fərqlənirdi?
- Hər bir ölkənin, hər bir şirkətin işə qəbul qaydalarında fərqlilik ola bilər. “Goldman Sachs”da da işə qəbul Polşadakı digər böyük şirkətlərlə eynidir. Ona görə, ümumi təcrübəni deyim. Məsələn, Azərbaycanda bizim sahədə işə qəbul olanda, maliyyə ilə bağlı sertifikatlarını aparmağını istəyirlər. Polşada isə sertifikatın özü yox, sertifikatda yazılanları necə bilməyin önəmlidir. Burda hansı universitetdə, hansı ölkədə təhsil almağına yox, təhsil aldığın sahəni nə qədər yaxşı bilməyinə önəm verirlər. Bir də burda işə qəbulda kadrın motivasiyalı olması da önəmli məsələdir. Tutaq ki, iki kadr seçimi var. Biri çox savadlıdır, amma motivasiyalı deyil. Digəri çox savadlı deyil, amma yaxşıdır, üstəlik də motivasiyalıdır. Azərbaycanda çox şirkət daha savadlı olanı seçəcək. 4 il öncə belə görmüşdüm, bəlkə indi dəyişilib. Lakin burda motivasiyalı olana üstünlük verəcəklər. Çox savadlı ola bilərsən, amma motivasiyanı ortaya qoya bilmirsənsə, səni heç vaxt nəzərə almırlar.
- Savadlı, amma qaşqabaqlı adamın orda işə düzəlmək ehtimalı yoxdur?
- (Gülür) Mümkün deyil. Nəzakətli və gülərüz deyilsinizsə, işə qəbul etmirlər. Təsəvvür edin ki Polşadasınız, vakansiya var və ora minlərlə kadr müraciət edib. Hamısının ingilis dili biliyi yaxşıdır, öz ixtisasını yaxşı bilənləri də çoxdur. Onların içərisində seçilmək önəmlidir.
- Bir az da “Goldman Sachs”ın iş mühitindən danışaq.
- Komanda üzvləri arasında münasibət çox yaxşıdır. 5-ci aydır burdayam. Hər şeyi yüzdəyüz bilmirəm. Tez-tez komandadakı şəxslərə suallar verirəm, nələrisə öyrənirəm. Bir-iki dəfə sınamışam ki, bir işçiyə eyni sualı 5 dəfə versəm, görəsən, necə reaksiya verər? 5-ində də eyni şeyi izah edir. Demir ki, bunu sənə izah etmişdim, niyə yadında saxlamamısan? Çünki “Goldman Sachs”ın qoyduğu mədəniyyət odur ki, iş yoldaşlarınla mehriban, gülərüz davranmalısan. Yeni işçidirsə, 5 dəfə soruşsa, hamısında eyni şəkildə izah etməlisən. Əgər iş yoldaşım bunu mənə izah etməsə, kobud danışsa, menecerlərə şikayət etmək hüququm var. Şikayət etdikdən sonra həmin əməkdaşın işinə baxılır. İşçi 10 dəfə də soruşa bilər, kömək etməlisən. Ancaq iş yoldaşlarım köməyi məcburiyyətlə yox, canla-başla edirlər. Vərdiş halına gəlib.
Bir də burda xoşuma gələn bir məqam da var. Biz menecerlərimizi, şirkətin icraçı direktorunu adı ilə çağırırıq. Mister, Miss deyə müraciət edəndə, deyirlər ki, xahiş edirəm adımla çağır. Bu da bizə rahatlıq verir, menecerlərimizlə hər şeyi bölüşə bilirik. Şirkətdə hamı eyni səviyyədədir, heç kim bir-birindən yuxarı deyil. “Goldman Sachs”ın dünya üzrə departament direktorları Polşaya gələndə, bizimlə iş yoldaşlarımız kimi bir yerdə yeyib-içir və səmimi söhbət edir.
- İşinizin başlama və bitmə saatları necədir?
- Polşadakı əvvəlki işlərimdə işə başlama saatı 7-dən 10-a qədər idi. Hansı saatda istəsən, gedirdin, 8 saat sonra işin bitirdi. İndi 10-un yarısı işə başlayıram, 8 saatım bitəndə, qayıdıram.
- İşə gecikməyə yanaşma necədir?
- Burda problem yoxdur, işə gecikə bilərsən.
- Gecikdiyin vaxtı işdən çıxışı saatını uzatmaqla həll etmək təcrübəsi var?
- Yox, menecer deyir ki, gecikmisən, burda problem yoxdur. İstəsən, hər gün gecik, problem deyil. Bir saat gec gəl, problem etməzlər. İşə gec gəlmək, işdən tez çıxmaq, istədiyin bir gün işə getməmək, problem deyil. Tapşırıqlarını vaxtında təhvil ver, qalanına qarışmırlar.
- İşçilərin sağlamlığı, istirahəti üçün yaradılan şərait necədir?
- Səhər tezdən işçilərə təbii şirələr verilir. Səhər yeməyi olur. Hər gün fərqli səhər yeməyi olur. Xüsusi günlərdə günortalar şirniyyat verirlər. Oturmaq, istirahət etmək üçün yer var. Çay, kofeni götürüb istirahət edə bilərsən. Yuxarı mərtəbədə tennis, playstation var. İşçilərin istirahət etməsi üçün hər şəraiti qurublar. Mən Polşada Amerika şirkətlərində çalışmışam, hamısında bu şərait var idi. Avropa şirkətlərində də belədir.
- Bəyəm iş saatlarında tennis, playstation oynamağa vaxt olur?
- Hələ ki, mən gedə bilməmişəm, amma istifadə edən işçilər var.
- Əmək haqqından razısınız?
- Əməkhaqqından çox razıyam (Gülür).
- “Goldman Sachs” dünyada əməkhaqqısı yüksək şirkətlərdən hesab olunur. Polşadakı bölmədə maaşlar necədir?
- Ümumiyyətlə, qlobal şirkətlərin hansı ölkədə ofisləri varsa, həmin ölkənin standartlarına uyğun maaş strategiyası qururlar. Polşa ofisindəki maaşlar ABŞ ofisindəki maaşlarla eyni olmur. Ancaq Polşadakı hər bir böyük şirkət eyni maaşı vermir. Hər şirkətin maaş strategiyası var. “JP Morgan”, “Goldman Sachs” kimi böyük şirkətlərdə maaş strategiyası belə olur ki, işçinin bütün tələblərini ödəyir, bir az da əlavə qalır. Məsələn, özünü inkişaf etdirmək, səyahət etmək və s. Elə bir maaş verirlər ki, əməkdaşları işdən sonra gedib hardasa çalışmasın, şirkətdən aldığı maaşla istədiklərini edə bilsin. Polşadakı şöbələrində də maaş məsələsinə yanaşmaları belədir. Amma burdakı hər şirkətdə də belə deyil. Şirkətin dünyada reputasiyası nə qədər çoxdursa, onun maaş strategiyasına o qədər təsir edə bilir.
- Polşada xərclərlə maaş arasında uyğunluq necədir?
- Məsələn, mən ilk iş yerim olan zavodda saatıma 7 manat alırdım. Gün ərzində 45-50 manat qazanırdım. Həftəlik bazarlığım isə 50 manat olurdu. Şirkətlərin maaşları isə dəyişir. Ən aşağı maaş 1500-1600 manatdan başlayır. Təksənsə, kimlərləsə evi bölüşüb bir otaq götürürsənsə, aylıq 500-600 manatın buna gedəcək. Tək adama 300-400 manat da maksimum aylıq yemək-içmək xərcin çıxır. Rahat 500 manat başqa xərclərin üçün qalır. Ancaq yüksək səviyyəli, qlobal şirkətlərə gəlincə, onlarda maaş daha yüksək olduğu üçün xərclərdən sonra əldə daha çox pul qala bilir.
- İngilis dilindən başqa xarici dilləri bilmək kadrlara Polşada hansısa üstünlükləri qazandırırmı?
- Hazırda çalışdığım Amerikan şirkətidir. Biznes dili ingilis dilidir. Başqa dillərə gəlincə, ispan, portuqal marketi ilə işləyirsənsə, o dili bilsən, daha yaxşı olar. Sənə buna görə əlavə dil bonusu verə bilərlər. Ümumiyyətlə, Polşadakı şirkətlərdə işdən əlavə dil biliyi tələb olunursa, bunun üçün ayrıca dil bonusu verirlər.
- Dil bonusunun məbləği nə qədər olur?
- Məslən, “Amazon” şirkəti il ərzində maaşdan əlavə illlik 10 min zlot dil bonusu verir. Təxminən 4000 AZN edir.
- Polşada hazırda hansı sahə üzrə iş imkanları çoxdur?
- Polşanın iqtisadiyyatı indi irəliləyişin pik nöqtəsindədir, yüksələ-yüksələ gedir. Əl əməyindən tutmuş, maliyyə institutlarına qədər iş var. Maliyyəyə aid iş tapmaq çox rahatdır. Bank sektorunda da işçi tələbi çoxdur, amma istədikləri kadrları tapa bilmirlər. Zavod fabriklərdə, tikintidə işçiyə tələb çoxdur. Tikintidə bəzən işçi tapa bilmirlər. Bütün sektorlarda işçi tələb olunur. Müəyyən işlər var ki, orda çalışmaq üçün Polşanın yerli dilini bilmək məcburiyyəti ola bilər, məsələn, jurnalistika. Ancaq dil tələbi olmayan sektorlarda rahatlıqla iş tapmaq olar.
- Polşada kimlərin şirkətlərdə işə qəbul cəhdləri uğursuzluqla nəticələnir?
- Birincisi, CV-sində problem olanlardır. Bəzən CV-də 11-ci sinifdən nə işlərdə çalışıblarsa, hamısını yazırlar. Amma onlara ehtiyac yoxdur. İşlədiyin bir neçə yaxşı yeri yazsan, kifayətdir. Yəni CV-ni düzgün hazırlamaq önəmlidir.
İkincisi, müsahibədə özlərini sata bilməyənlər. CV-si yaxşıdır, bu mərhələni keçirlər, amma müsahibədə normal cavablar verə, özünü sata bilmir. İxtisası üzrə çox bilikli, yüksək ingilis dili səviyyəsi olsa da, müsahibədən keçə bilməyənlər də olur. Özünü satmaq, inandırmaq, motivasiyanı göstərmək qabiliyyətin olmalıdır. Bəzən təlaşlanır, özünü ifadə edə bilmir, yaxud bilir, amma onu göstərmək bacarığına malik deyil, yaxud gülər üzü yoxdur və s. Müsahibəyə hazırlıqsız getmək də burda önəmli paya malikdir. CV-ni atıb, şirkət müsahibəyə çağırıb, amma hazırlıqsız filan durub gedir ki görüm nə deyəcəklər? Ancaq müsahibəyə hazırlıq lazımdır.
- Qeyd etdiniz ki, Polşada iş tapmaq problem deyil. Bəs orda iş problemi yaşayan azərbaycanlılar olur?
- Bir dəfə yemək daşıma işində çalışan hardasa 10 nəfər azərbaycanlı gördüm. Təhsilləri, peşələri və s. haqqında soruşdum. Məlum oldu ki, İqtisad Universitetində maliyyə kimi ixtisaslar üzrə təhsilləri var, dil bilikləri yaxşıdır. Dedim niyə ixtisas işlərə müraciət etmirsiz? Dedilər ki, Polşada bizi işə götürən kimdir? Dedim ki, niyə elə düşünürsünüz? Üzərinizdə işləyin, götürəcəklər. Proseslə bağlı məlumat verdik, hamısı üzərində işlədi, CV-lərini düzəltdilər və hamısı da şirkətlərdə işə qəbul edildilər.
- Bəs maliyyə sahəsində iş tapmayanlar hansı sahələrdə işləyirlər?
- Müəyyən sahə üzrə mütəxəssis olan bəzi şəxslər məlumatsızlıq səbəbindən gəlib burda taksi kimi işlərdə çalışırlar, əl əməyi tələb olunan işlərə gedirlər, düşünürlər ki, şirkətlərdə iş tapmaları mümkün deyil və s. Burda azərbaycanlı gənclər var idi, onlara deyiblər ki, Azərbaycanda iş tapa bilmirsənsə, Polşada iş tapacaqsan? İngilis dilin yüksək səviyyədə deyil və s. Dedim ki elə deyil, mən sizə iş tapmaqda köməklik edərəm. Bura gələn azərbaycanlıların çoxu işi necə tapacağı, burdakı şirkətlərin kriteriyaları və s. barədə məlumatsız olurlar.
- Belə vəziyyətdə olan azərbaycanlılara kömək edə bilirsiniz?
- Sırf bu problemləri gördüyüm üçün Polşada işləyən azərbaycanlılardan ibarət “Whatsapp” qrupu yaratdım. İşə ehtiyacı olan kimsə olanda, CV-sini ora atıram, həmin şəxslər onu öz şirkətlərinə məsləhət görürlər. Burdan dəstək olan üzvlərimizə də öz təşəkkürümü bildirirəm ki vaxt ayırıb köməkçi olmağa çalışırlar! Beləliklə, iş tapmaları asanlaşır. İstəmirəm ki savadlı, yaxşı dil biliyi olan azərbaycanlılar gəlib burda taksi sürsünlər.
- Polşaya gələn azərbaycanlılara dəstək olmaq üçün azərbaycanalılardan ibarət bir komanda yaratmısınız?
- Polşanın Poznan, Qdansk, Varşava şəhərlərində yaşamışam. Hər birində də azərbaycanlılardan ibarət icma kimi qruplar yaratmışam. Krakovda yaşamamışam, amma orda yaşayan azərbaycanlılarla bağlı da qrupum var. “Whatsapp” qrupları olaraq, Polşaya yeni gələn azərbaycanlılar da ora üzv olurlar. Kiməsə təhsil, oturum, yaxud iş məsləhəti və s. lazım olursa, qruplarda sual verirlər, biz də maksimum şəkildə onlara dəstək olmağa çalışırıq. Biz diaspora şəklində deyilik, bu işlə həvəskar şəklində məşğuluq. Təcrübəli şəxslərdən ibarət üzvlərimiz yeni gəlmişlərə məsləhət, dəstək göstərir. Tam pulsuz şəkildə olur. Dəstək və ya məsləhət verməyəcək adamları qruplarımıza əlavə etmirik. Eləcə də görüşlər keçirir, birgə gəzintilər təşkil edirik. Bu qrupların yaradılmasında məqsəd Polşada yaşayan azərbaycanlılar arasında birliyin, mehriban münasibətin qorunmasıdır.
Aygün Asimqızı
Xüsusi olaraq FED.az üçün