Sobanın qarşısında dayanan qızlarına göstərişlərini verir, bir azdan şirniyyat almağa gələcək müştəri ilə telefon danışığını bitirib kompüterin qarşısına keçir – indi Avropalı ekspertlərlə kiçik biznesə həsr olunmuş onlayn görüş başlayacaq.
Şəmkir sakini Kəmalə Qədimova Azərbaycanın Qərb bölgəsində öz əl qabiliyyətini kiçik biznesə çevirmiş azsaylı qadınlardan biridir. Rayon mərkəzindəki fərdi evinin bir hissəsini şirniyyat sexinə çevirən Kəmalə biznesə başlaması çoxdan planlaşdırsa da, buna ötən il nail olub.
«Mənim əvvəldən şirniyat bişirməyə marağım olub, dadlı şeylər bişirirəm, 4 il olar ki, bu işlə məşğulam, sifarişlə şirniyyatlar bişirirdim və öz işimi qurmağa çalışırdım, bir il əvvəl bunu biznesə çevirə bildim»-deyə bildirir. Kəmalə Qədimova ixtisasca tibb bacısı olsa da, 25 il mühasibatlıqda çalışıb, dost tanışlara sifarişlə şirniyyat bişirsə də, buna ciddi biznes kimi baxmayıb. 4 il bundan əvvəl ailə büdcəsində yaranan çətinlik onu qərar verməyə məcbur edib: «fikirləşdim ki, niyə də əl qabiliyyətimdən istifadə etməyim, qərar olaraq qarşıma
qoydum ki, bu işə başlayım».
Biznesə başlamaq üçün sex açmaq lazım idi, amma məlum olur ki, ailənin buna maddi imkanı çatmır. «Böyük bir yer açmağa çalışdım, alınmadı, evdə işləməyə qərar verdim, Evin bir tərəfini bu işə ayırdıq, bilirsiniz də rayon evlərində otaqlar böyük olur, amma avadanlıqlar üçün pulumuz çatmırdı».
Elə bu dövrdə Kəmalə Qədimova Gəncədəki Gənclər evində qızlarının müəllimi Sona Məmmədova ilə tanış olur. S.Məmmədova öz işinə başlamaq istəyən xanıma ADSMIRRA layihəsinə müraciət etməyi məsləhət görür. Qeyd edək ki, Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən icra olunan və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMIRRA) layihənin əsas məqsədi də regionlarda iş yerləri və gəlirgətirən fəaliyyətlərin yaradılmasıdır.
«Müraciət etdim, təlimlərdə iştirak etdim, biznes plan yazdıq, gəlib təsərrüfata baxdılar, yoxladılar, gördülər ki, iş gedir, dəstək verdilər, məsləhət gördülər ki, işimizi böyüdək». Layihənin ayırdığı qrant hesabına K.Qəlimova öz şirniyyat sexi üçün 3500 manata daha böyük soba və başqa avadanlıqlar alıb: «Bu mənim biznesimin irəliləyişi üçün yaxşı, çox gözəl fürsət oldu. Böyük maddi dəstək oldular»-deyə K.Qədimova bildirir.
Şəmkirli xanım Azərbaycan şirniyyatları ilə yanaşı, italyan və fransız dadlıları da hazırlayır: «Məsələn, bir fransız bulkam var, kəsmiklə bişirirəm, çox dadlı olur, hətta reseptini istəyirlər məndən». Onların əksəriyyətini müştəriləri heç tanımırlar: «Bəzilərini birlikdə çalışdığım türk ustalarından öyrənmişəm, özüm də araşdırmalar edib reseptləri dəyişmişəm, yaxşı nəticələri olub. 300-ə yaxın şirniyat
bişirə bilirəm, əksəriyyətini müştərilərim heç görməyiblər. Rayon yerində adamlar daha az çeşid, adətən milli şirniyyatlar alırlar».
Kəmalə xanım 25 il mühasib işləsə də deyir ki, ona pulları düzgün idarə etməyi son bir ildə ADSMIRRA layihəsi öyrədib: «Burada konfrans və seminarlara qoşulduq, bizə biznes dərsləri və təlimləri keçdilər. Biznesi necə qurmaq, necə genişləndirmək lazımdır, bilmədiyimiz çox şeyi bu layihədən öyrəndik».
Yeri gəlmişkən, ümumilikdə layihə çərçivəsində 300-ü qadın, 200-ü kişi olmaqla təqribən 500 sahibkara “Maliyyə Savadlıılığı” təlimi keçilib. 160 nəfər (90 qadın və 70 kişi) isə “Öz biznesinə başla və onu inkişaf etdir” təlimlərində biznesini idarə etməyi öyrənib.
İş qadını bildirir ki, layihədə aldığı əsas dərs – biznesi bank və kredit olmadan, öz pulu ilə inkişaf etdirmək olub: «Öz pulumdan səmərəli istifadə etməyi, kimsəyə möhtac olmadan, faizə girmədən biznesi inkişaf etdirməyi, işləməyi öyrətdilər». Bundan başqa, layihə çərçivəsində iş adamlarına birgə işləməyi, kooperativ yaratmağın üstünlüklərini izah ediblər: «Biz elə bilirdik ki, tək işləsək daha yaxşı
olar, amma məlum oldu ki, kiminləsə köməkli kooperativ şəkildə işləmək daha sərfəli və məsləhətlidir».
Amma 2020-ci ilin əvvəlində qəflətən başlayan koronavirus pandemiyası Kəmalə xanımın biznesinin inkişafını dayandırıb. Kütləvi tədbirlərə qoyulan qadağa sexi faktiki olaraq müştərisiz qoyub: «Pandemiya dövründə bizim üçün iş həqiqətən dayandı. Alıcı olmadı, heç kim evdən kənara çıxmırdı. Bizim əsas müştərilər mərasimlər – toy-nişan, və yas məclisləri idi. Bunların dayanması ilə müşərilər də az qala sıfıra endi».
Amma hətta panemiya da biznesi inkişafı üçün stimula çevrilib. Biznesin bütün ağırlığını özü və 2 qızı daşıyan iş adamı bildirir ki, belə vəziyyətdə sifarişlərin telefonla, hətta onlayn qəbuluna başlayıblar. Kəmalə xanımın şəxsi Facebook və İnstagram səhifələri də şirniyyat sifarişi qəbuluna başlayıb: «Pandemiya dövründə internetdə də sifarişlər artdı. Pandemiya bizi elə sıxdı ki, nəsə etməyə çalışdıq, işi dayanmağa qoymadıq».
Pandemiya kiçik biznesə hər qəpiyinin qədrini bilməyi də öyrədib, Kəmalə xanımın təcrübəsi getdikcə artıb: «İndi sexi əvvəlki vaxtla müqayisədə daha yaxşı idarə edirik, əvvəllər mağazadan kilo ilə aldığımız xammalı indi müqavilə bağlamışıq, firmalar evə gətirir, bu da daha ucuz başa gəlir».
Qənaətə görə, Kəmalə Qədimova məhsulunu yerli marketlərdə satmaq fikrindən də daşınıb: «Fikirləşdik, bəlkə yerli mağazalarda və ya marketlərdə bir rəf icarəyə götürüm, amma gördük bu ayda 150-200 manata başa gələcək. Bu mənim üçün səfəli deyil - çünki bu variantda yalnız market qazanır mən yox». Yeri gəlmişkən, bu - kiçik sahibkarların üzləşdiyi ənənəvi problemlərdən biridir.
Kəmalə xanım ADSMIRRA layihəsinə qoşulmağı bütün rəfiqələrinə tövsiyə edir: «Bu layihə bizə özümüzə inamlı olmağı öyrətdi. Yəni nəyisə bacarırıqsa, onu inkişaf etdirməliyik, özümüzə məhdudiyyət qoymamalıyıq. Bizim ailə başçımız olmadığına görə, özüm ayaqda qalmağa çalışdım və buna nail oldum».
Bir neçə gün əvvəl keçirilən onlayn təqdimat və burada uğurlu qadınların mükafat alması Kəmalə xanımı daha da həvəsləndirib, «Bizimlə işləyən nə qədər maraqlı adamlar varmış, qərara aldım ki, rəqabət aparıb mən də o mükafatı almalıyam».
“Azərbaycan Regionlarında Dayanıqlı Mikrosahibkarlığın İnkişafının Sürətləndirilməsi” (ADSMİRRA) Layihəsi AMFA tərəfindən 2018-2021-ci illərdə Avropa İttifaqının maliyyə dəstəyi ilə Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala və Aran iqtisadi rayonlarında həyata keçirilmişdir. Layihə regionlarda mikro və kiçik sahibkarların potensialını gücləndirmək məqsədini daşıyaraq, maliyyə savadlılığı, biznes
planlaşdırması və kooperativlər üçün təlimləri, mentorluq xidmətlərini, biznes qurmaq və ya genişləndirmək üçün sərmayə kapitalının verilməsini və s. komponentləri özündə cəmləşdirmişdir.
Ümumiyyətlə, pandemiyanın yaratdığı çətinliklərə rəğmən, layihə 37 startapın başlanmasına, 76 mikro biznesin genişdirilməsinə və əlavə olaraq 125 yeni iş yerinin yaradılmasına nail olmuşdur.