Fərqanə Əsədova ixtisasca müəllimə olsa da, təqribən 10 il əvvəl həyatını kosmetologiya ilə bağlamağı və şəxsi biznesini qurmağı qərara alıb, nəticəsindən çox razıdır.
Bu işdə ona işgüzarlığı ilə yanaşı, Azərbaycanda AMFA tərəfindən kiçik sahibkarlar üçün həyata keçirilən olduqca faydalı ADSMİRRA layihəsi də dəstək olub.
Azərbaycanda son illər sürətlə inkişaf edən sahələrdən biri də kosmetologiyadır. Qadınların öz görünüşlərinə daha diqqətli olması ilə bağlı olan bu sektorda biznes qurmaq üçün yaxşı imkanlar var.
Amma Tovuz sakini Fərqanə Əsədova kosmetologiyanı təkcə bu imkanlara görə seçməyib: «Bu bizdə necə deyərlər, irsidir, ailəmizdə demək olar, hamı həkimdir, mənim də bu sahəyə marağım vardı. İxtisasım başqa olsa da, özümü burada görürdüm və bunu biznesə çevirməyi qərara aldım».
Ailəli və iki övlad anası olan Fərqanənin biznes qərarına həyat yoldaşı da dəstək olub: «Sənə güvənirəm» deyərək mənə hər şeydə kömək etdi».
2011-ci ildə biznes qurmağı qərara alan F.Əsədova, bunun üçün kosmetologiya kursları keçib, kosmetik xidmət sertifikatı alaraq fəaliyyətə başlayıb: «Rayonda bu xidməti göstərənlər azdır. Mən isə həmişə işimlə seçilməyi istəyən adamam, ona görə də işə məsuliyyətlə yanaşıram və bu sahəni ciddi öyrənmişəm».
Kursları bitirdikdən sonra kiçik bir yer kirayələyib, azsaylı avadanlıqlarla, bir neçə xidmət göstərməklə işə başlayıb.
Bir neçə il belə fəaliyyət göstərən biznesə geninşlənmək və inkişaf üçün təkan tələb olunurdu. Bu dəstək iki il əvvəl kiçik sahibkarlar üçün reallaşan layihədən gəlib. F.Əsədovanın yaxın rəfiqəsi onu kiçik sahibkarlara dəstək üçün maraqlı yeniliklə tanış edir. Bu - Azərbaycan MikromaliyyələAssosiasiyasının (AMFA) icra etdiyi «Azərbaycan Regionlarında Dayanıqlı Mikrosahibkarlığın İnkişafının Sürətləndirilməsi» (ADSMİRRA) layihəsi idi.
Qeyd edək ki, 2018-ci ilin noyabrından başlayan ADSMİRRA layihəsində regionlardakı mikro sahibkarlara və öz biznesini qurmaq istəyənlərə bir neçə istiqamətdə dəstək verilir. Bura müxtəlif mövzularda keçirilən çoxsaylı təlimlər və biznesə dəstək üçün sərmayə kapitalının verilməsi aiddir.
Layihənin özəllikləri ilə tanış olan işgüzar xanım oraya müraciət edir və müxtəlif təlim proqramları uğurla bitirdikdən sonra onun biznesi üçün 1200 manat kapital ayrılır: «Biz bu layihəyə öz inkişafımız və praktika üçün qoşulduq, gözləntilərimiz tamamilə özünü doğrultdu. Yeni biliklər öyrəndik, yeni insanlarla tanış olduq və şəbəkələşdik».
Fərqanə Əsədova bildirir ki, layihədə iştirak onun və xüsusilə digər xanım iştirakçıların özünə inamını artırıb: «Layihə ilk növbədə ilk növbədə özümüzə güvən yaratdı. Əvvəllər biz ideyalarımız barədə danışmağa çəkinirdik, inamsız idik, indi isə çəkinmirik, bilirik ki, çətinlik olsa da, həlli yolunu tapıb irəliləməliyik».
Kosmetologiya - Azərbaycanda yeni yaranan, amma sürətlə inkişaf edən sahədir. Xüsusilə son 10 ildə bu sahədə çoxsaylı yeniliklər var, həm xidmətlərin sayı və çeşidi, həm də müştərilərin əhatəsi artmaqdadır: «Əvvəllər cəmi 4-5 əsas prosedur mövcud idi, indi isə prosedurların sayı 15-dən artıqdır. Kosmetoloji prosedurlara maraq göstərən, ondan istifadə edən qadınların sayı da artmaqdadır».
Əvvəllər hər 100 qadından 5-i kosmetoloji prosedurlar üçün müraciət edirdisə, indi belələri hər 100 nəfərdən 70-dir. Əvvəllər müraciət edən qadınların yaşı 35-dən başlayırdısa, indi 20-25-dən başlayaraq 60-65 yaşa qədər qadınlar da kosmetoloji prosedurlar üçün müraciət edirlər: «İndi qadınlar öz xarici görünüşlərinə daha ciddi yanaşırlar. Həm də internetin daha geniş yayılması ilə insanlar fərqli prosedurların olduğunu görüb, maraq göstərirlər».
F.Əsədovanın sözlərinə görə, müştəri sayının və ehtiyaclarının artması biznesin daha yaxşı və səmərəli idarə olunmasını tələb edirdi. Bu baxımdan layihə çərçivəsində verilən təlimlərin böyük faydası olub.
«Təlimlərin bütün sahələrdə faydası oldu, o cümlədən pulların idarə olunmasında. Bizə pulları xərcləməyi, büdcəni idarə etməyi öyrədirdilər. Əvvəllər qazandığımız pulu səmərəli xərcləməyi bacarmırdıq, indi isə məbləğin müəyyən hissəsini kənara qoyuruq ki, avadanlıq xarab olanda dərhal təmir etdirə bilək və sair».
ADSMİRRA layihəsi üzrə təşkil edilən təlimlər maliyyə savadlılığına, yeni biznes qurmaq və ya biznesi inkişaf etdirməyə, mentorluq proqramına və kooperativlərin yaradılmasına həsr olunub. Bu təlimlər kənd ərazilərində yaşayan qadın və kişılərə öz bizneslərini inkişafı etdirməyə dəstək verib.
Ötən ilin əvvəlindən başlayan koronavirus pandemiyası Fərqanə Əsədovanın kiçik biznesinə də təsirini göstərib: «İşimizin yarıdan çoxu çoxu toylarla bağlı idi. Toyların keçirilməsinə qadağa qoyulduğuna görə, toy-nişan olmadı, iş də kəskin azaldı, salonlar bağlı qaldı».
İş qadını bildirir ki, ADSMİRRA layihəsi çərçivəsində keçirilən təlimlər təkcə biznesin deyil, ailənin xərcləmələrinə də təsir edib: «Artıq pulumuzu planlı xərcləyirik, məsələn, xərcləri tutanda planlaşdırırıq ki, bu ay yalnız bu işləri edə biləcəm, qalan işlər isə gələn aya qalacaq və sair».
Fərqanə Əsədova layihəni digərlərinə də nəinki tövsiyə edir, hətta bir neçə işgüzar xanımın buraya qoşulmasına dəstək verib: «Onlar da layihəyə qoşulub və çox məmnundurlar».
Qeyd edək ki, “Azərbaycan Regionlarında Dayanıqlı Mikrosahibkarlığın İnkişafının Sürətləndirilməsi” (ADSMİRRA) Layihəsi AMFA tərəfindən 2018-2021-ci illərdə Avropa İttifaqının maliyyə dəstəyi ilə Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala və Aran iqtisadi rayonlarında həyata keçirilmişdir. Layihə regionlarda mikro və kiçik sahibkarların potensialını gücləndirmək məqsədini daşıyaraq, maliyyə savadlılığı, biznes planlaşdırması və kooperativlər üçün təlimləri, mentorluq xidmətlərini, biznes qurmaq və ya genişləndirmək üçün sərmayə kapitalının verilməsini və s. komponentləri özündə cəmləşdirmişdir. Ümumiyyətlə, pandemiyanın yaratdığı çətinliklərə rəğmən, layihə 37 startapın başlanmasına, 76 mikro biznesin genişdirilməsinə və əlavə olaraq 125 yeni iş yerinin yaradılmasına nail olmuşdur.