Koronavirus pandemiyası bəzi insanlarda qorxu, təcrid rejimi hissini yaratdı. Bəzi şirkətlər iqtisadi zərbələrin təsirinə görə durğunluqla üz- üzə qaldı.
Lakin belə vəziyətdən yeni ideyalarla çıxanlar da olub. Uzun illərin rəfiqələri olan Leyli Zalova və Aynur Xəlilova pandemiyanın yaratdığı sakitlikdə əvvəlcə butik açmağı düşünüblər, sonra fikirlərini dəyişib yerli geyim brendi yaradıblar.
FED.az Azərbaycanın yerli geyim brendi – «Dably»nin istehsal və satış mərkəzində olub. «Dably»nin – iki mənası var – dəbli və ikiqat.
«Hər şey günorta yeməyilə başladı»
«Həmin gün çox mövzulardan danışdıq, birgə iş qurmaq barədə söhbət etdik. Bu da nəticə»-deyə Leyli Zalova işəiləri və hazır geyimləri göstərir. Geyim dizaynını fikirləşmək üçün kənardan mütəxəssis axtarmaq lazım olmayıb – dizaynı xanımlar özləri yaradırlar.
Aynur Xəlilova deyir ki, şərikli işlər heç də həmişə uğurlu olmur, lakin onlar bu stereotipi sındıra biliblər: «İşi kənara qoyub, eqonu düşünəndə şəriklik itir. Lakin biz söz verdik ki, eqomuzu sıfırlayıb işə başlayacağıq. Belə də davam edirik, lazım gələndə mən arxaya çəkilirəm, Leyli önə gedir, elə məqamlar da olur ki, əksinə, o geri çəkilir, mən oynayıram».
Məsələnin biznes tərəfi də var: «İş böyüdükcə qərarlar da böyüyür deyə orada məsuliyyəti tək götürmək heç kimə komfortlu gəlmir. Ona görə də biz lap az gəlir olsa belə, daim uğurlu qazanmağın tərəfdarıyıq. Buna görə də işimiz uğurlu alındı».
Əvvəl bu biznesi butik kimi düşünsələr də sonra işi böyütmək qərara alınıb. «İstehsalatı bildiyimizə görə (anası və qardaşı tekstil sahəsində çalışdıqları üçün) düşündüm ki, niyə biz bunu yerli istehsal brendi etməyək? Beləcə istehsala başladıq, həm istehsalımız, həm də satışlarımız alındı».- deyə Leyli Zalova biznesin başlanğıcını xatırlayır.
Leyli Zalova: «Sərmayə üçün konkret məbləğ düşünməmişik. Nə həyat yoldaşımız, nə də ailə üzvlərimizdən kimsə bizə maddi dəstək olub. Özümüz cüzi məbləğlə yavaş - yavaş davam etdik».
Aynur Xəlilova: «Leylinin istehsalatı var idi və həmin istehsalat dəyərləndirildi. Biz çox az maliyyə ilə başlamışıq, amma qazandığımızı «Dably»ya yatırdıq». Ümumilikdə, eqolarına hakim olan rəfiqələr müəssisəyə hər gün yatırım edirlər, indiyə kimi brendə təqribən 50 min manat yatırıblar.
İşlərə 2020-ci ilin əvvəlindən, demək olar ki, pandemiya ilə bir vaxtda başlanılıb: 2 ay sonra ölkədə karantin elan edildi: «Biz artıq pul yatırtmışdıq, makinalar almışdıq, işçilər vardı, işə davam etdik. «Dably»nin tərifi olsa, belə verərik: Pandamiyada yaranmış, 3 dəfə karantin, 1 dəfə müharibə görmüş, buna baxmayaraq ayağa qalxıb uğur qazanan dözümlü koorporativdir. Pandemiyada bir işçini belə işdən çıxartmadıq. İşimizi onlayn formada davam edərək qanunla da vergimizi verdik».
Şirkət Türkiyədən aldığı parçalardan yerli məhsullar istehsal edib satır: «Məhsullarımız özünü gənc və dəbli hesab edən hər bir xanım üçündür – bu 17-18 yaşdan tutmuş 60-65 yaşa qədər hər kəs ola bilər. Dizayn, model, PR, satış məsələlərini də özümüz edirik. Yəni hər şey bizim əlimizdən keçir. Toplu geyim sahəsində bu qiymətə yerli istehsalçı məhsulu təqdim edən bizik».
Son vaxtlar Azərbaycanda hazır geyim istehsalı tədricən artsa da, xanımlar həmin müəssisələri özlərinə rəqib görmür, ümumiyyətlə rəqabət barədə düşünmürlər, buna sadəcə vaxt yoxdur: «Rəqib görməməyimizin eqo ilə əlaqəsi yoxdur. Kimisə rəqib görüb beynimizi yormuruq, bundansa yaradanın verdiyi enerjini özümüzə sərf edirik. Bu enerji bizim yatırımımızdır. İrəliyə fokuslanırıq.
Yeni başlayanda bizə yerli dizaynerlər çox irad bildirdi, biz bunu sevgi ilə qarşıladıq, amma onların dediklərini etmədik. Biz yeni müştəri axtarışına fokuslanmırıq, daimi müştəri əldə saxlamağa çalışırıq. Çünki bir dəfə yox, daimi pul qazanmaq istəyirik».
Azərbaycanda yerli brendə inam-etibar hələ də aşağı olduğuna görə, ilk iş bu inamı yaratmaq olub: «Bunun üçün də nə qədər qazanırıqsa, «Dably»ə yatırırıq». Şirkət qadınlar üçün ofis geyimlərindən tutmuş hicablı xanımlara qədər bütün geyimlər istehsal edir: «Bizim brendimizin əsasını gündəlik geyimlər təşkil edir. Elə geyim dizaynları hazırlayırıq ki, bu, həmişə geyinilsin».
Bundan başqa, hər hansı geyimi görən xanım, onun özünə uyğunlaşdırılmış variantını da sifariş verə bilər: «Nə qədər tələbatı ödəsək də gələn tələbata kənardan olan təsirlər - fors - major hallarında (pandemiya, müharibə) heç kim yeni geyimlər almaq ruhunda olmur. Ona görə çox çətinliklər yaşadıq»-deyir Leyli Zalova.
Şirkət keyfiyyəti təmin etmək üçün parçaları Türkiyədən məxsusi olaraq alıb gətirir: «Sərgiyə, ya da hansısa tekstil şirkətinə gedib bazara çıxmayan parçaları alırıq və bu bizim patentimiz olur».
«Gənc sahibkar olaraq dəstək – güzəştli kredit istəyirik»
«Dably» brendinin sahibləri hələlik kiçik sahibkar seqmentindədirlər və dövlət qurumlarından müəyyən dəstək gözləyirlər. İş xanımları əsasən biznesi genişləndirmək üçün güzəştli kredit götürmək istəyirlər: «Banklardakı kredit faizləri çox yüksəkdir. Bundan başqa, bu kreditlər üçün böyük də girov tələb olunur».