Azərbaycanın qərbindəki Samux rayonu çoxsaylı heyvandarlıq təsərrüfatları ilə tanınır. Burada, xüsusilə kəndlərlə yaşayan əksər ailələrin əsas gəlir mənbəyi heyvandarlıqdan əldə edilən gəlirlərdir.
Eləcə də bax: «Həmişə kiminsə işçisi olmuşam, bu dəstəklə öz istixanamı qurdum» - SAMUXLU SAHİBKAR
FED.az xəbər verir ki, bunlardan biri rayonun Kolayır kəndində yaşayan Hüseyn Mirzəyevin ailəsidir. Amma digərlərindən fərqli olaraq Hüseyngilin heyvandarlıq təsərrüfatı Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən həyata keçirilən “Azərbaycan Regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMİRRA) layihəsi hesabına qurulub.
«Bu layihəyə qoşulmağım mənim həyatımı dəyişdi. İnsana yaxınlarının göstərə bilmədiyi dəstəyi bu layihədə hiss etdim» - deyə Hüseyn Mirzəyev öz tarixçəsini FED.az-a danışır.
Əslində bir neçə il əvvəl Mirzəyevlər ailəsinin ailə təsərrüfatı vardı, burada 6-7 baş mal-qara ailənin dolanışığını təmin edirdi. İxtisasca idman müəllimi olan Hüseyn isə burada çalışırdı. Amma sonradan qəflətən baş verən hadisə – Hüseynin qəzaya düşməsi vəziyyəti dəyişib. Ailə qəflətən yaranan xərcləri qarşılamaq üçün bütün heyvanlarını satmalı olub, borca düşüb. Bundan sonra nə qədər çalışsalar da, təsərrüfatı bərpa edə bilməyiblər: «Mən faktiki olaraq 6-7 il işsiz qaldım, heç bir qazancım yox idi. Təsərrüfatımız da artıq yox idi, ailəmiz maddi cəhətdən çətinliklərlə üz-üzə idi».
AMFA-nın kiçik sahibkarlar üçün layihəsi ailəni bu çətin vəziyyətdən çıxarır, Hüseyn isə onun sayəsində sahibkara çevrilir.
Qeyd edək ki, Azərbaycanda yerli sahibkarlara dəstək üçün nəzərdə tutulan ADSMİRRA layihəsi 2018-ci ilin noyabr ayından fəaliyyətə başlamışdır. Layihə çərçivəsində regionlardakı mikro sahibkarlara və öz biznesini qurmaq istəyənlərə bir neçə istiqamətdə dəstək verilir. Bura müxtəlif mövzularda keçirilən çoxsaylı, olduqca maraqlı təlimlər və biznesə dəstək üçün sərmayə kapitalının verilməsi aiddir.
Hüseyn bu layihə ilə 2019-cu ildə yaxınlarından birinin vasitəsi ilə tanış olur: «Dedilər belə bir layihə var, adınızı yazdıraq, bəlkə sizdə biznes qurmaq alındı. Layihəyə müraciət etdikdən sonra tezliklə məni təlimlərə dəvət etdilər».
Layihə çərçivəsində sahibkar 3 təlimdə iştirak edib, ilk təlim Zaqatalada, sonra Gəncə və Şəmkirdə olub. Burada o indiyədək məlumatı olmadığı biliklər alıb, yeni insanlarla, onun kimi öz biznesini qurmaq istəyənlərlə tanış olub.
Qeyd edək ki, ADSMİRRA layihəsi üzrə təşkil edilən təlimlər maliyyə savadlılığına, yeni biznes qurmaq və ya biznesi inkişaf etdirməyə və kooperativlərin yaradılmasına həsr olunub. Bu təlimlər kənd ərazilərində yaşayan qadın və kişılərə öz bizneslərini inkişafı etdirməyə dəstək verib. Bununla yanaşı, Hüseyn layihə çərçivəsində həyata keçirilən mentorluq proqramından da yararlanıb.
«Təlimlərdə çox şey öyrətdilər – şərikli biznes qurmağı, biznesi inkişaf etdirməyin yollarını. Məsələn, dedilər ki, şəriklə işləmək elə də çətin deyil, amma bunun üçün bütün məsələləri rəsmiləşdirmək lazımdır. Şifahi razılışmada bəzən narazılıq olur, sənədlə olanda isə hər iki tərəfin məsuliyyəti və işi dəqiqləşir».
Hüseyn layihədə aktiv iştiakı ilə seçilib və kənd yerində öz təsərrüfatında xırda buynuzlu heyvan saxlanması barədə biznes plan hazırlayaraq onu təşkilatçılara təqdim edib. Ona bu işə başlamaq üçün 2 min manat həcmində ilkin maliyyə ayrılır. Hüseyn layihədən aldığı qrant hesabına 8 baş xırdabuynuzlu heyvan – qoyun-quzu alıb. İndiyədək onların sayını 19-a çatdırıb, əlavə bir neçə iribuynuzlu heyvanlar da alıb: «Həyatımda çox şey dəyişib, indi təsərrüfatımızdakı heyvanların sayını artırmaqla məşğuluq. 6-7 il işsiz qaldım, məni vəziyyətdən bu layihə çıxardı. Bu layihə məni işsizlikdən xilas etdi, ailəmə qazanc gətirdi».
Ailə təsərrüfatı heyvan və süd satışı ilə qazanc əldə edir, bu gəlirlər ailənin dolanışığına ciddi təsir edib. Bir neçə il əvvəl dolanmaqda çətinlikləri olan ailə, indi gələcəkdə biznesin genişlənməsi barədə planlar qurur: «Fikirləşirik ki, təsərrüfatı genişləndirək, heyvanların sayını 50-yə çatdıraq, bu bir-iki ilə baş verəcək. Bu pulla imkan olarsa mağaza da açmaq istəyirik. Burada öz məhsullarımızı da sata bilərik».
ADSMİRRA layihəsi üzrə təşkil edilən təlimlər sahibkarları pullarını səmərəli xərcləməyə həvəsləndirib: «Təlimlərdə öyrətdilər ki, vəsaiti ehtiyatla idarə etmək lazımdır. Məsələn, gündə 20 manat qazanc varsa, onun 10 manatını kənara qoymaq, israfçılıq etməmək, dərhal xərcləyib qurtarmaqdansa, yenidən biznesə yatırmaq lazımdır».
Biliklər təkcə biznesdə yox, həm də dünya görüşünü və təcrübəsini də artırıb: «Bu layihə vasitəsilə geniş əlaqələrim yarandı, yeni insanlarla tanış oldum. Əvvəllər hər işə girişmək istəyirdim, indi isə dərhal hesablayıram ki, bu sərfəlidirmi, xərci, gəliri nə olacaq və sair».
Hüseynin çətinliklərinin aradan qalxdığını və artıq ciddi işlə məşğul olduğunu görən yaşıdları və kənd sakinləri bununla maraqlananda gənc iş adamı onlara layihə haqqında məlumat verib. Layihəyə qoşulmağı tövsiyə edib: «Onlara dedim ki, bu layihəyə qoşulun, çox faydalıdır, indi heç qardaş qardaşa belə dəstək vermir. Bizə həm biznes qurmağı öyrətdi, həm də pul verir ki, biznes qurasan. Mən çətin vəziyyətdən məhz bu layihənin köməyi ilə çıxdım. Təsərrüfatımı yaratdım».
Həmkəndliləri Hüseyndən onları da bu layihə ilə əlaqələndirməyi xahiş ediblər. Onlar heyvandarlıq təsərrüfatı yaratmaq, əkinlə məşğul olmaq istəyirlər.
Qeyd edək ki, “Azərbaycan Regionlarında Dayanıqlı Mikrosahibkarlığın İnkişafının Sürətləndirilməsi” (ADSMİRRA) Layihəsi AMFA tərəfindən 2018-2021-ci illərdə Avropa İttifaqının maliyyə dəstəyi ilə Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala və Aran iqtisadi rayonlarında həyata keçirilmişdir. Layihə regionlarda mikro və kiçik sahibkarların potensialını gücləndirmək məqsədini daşıyaraq, maliyyə savadlılığı, biznes planlaşdırması və kooperativlər üçün təlimləri, mentorluq xidmətlərini, biznes qurmaq və ya genişləndirmək üçün sərmayə kapitalının verilməsini və s. komponentləri özündə cəmləşdirmişdir. Ümumiyyətlə, pandemiyanın yaratdığı çətinliklərə rəğmən, layihə 37 startapın başlanmasına, 76 mikro biznesin genişdirilməsinə və əlavə olaraq 125 yeni iş yerinin yaradılmasına nail olmuşdur.