17 sentyabr 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov, energetika naziri Şerzod Xocayev ilə görüşüb.
FED.az xəbər verir ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin siyasi iradəsi nəticəsində ölkələrimiz arasında münasibətlərin “Əbədi dostluq” səviyyəsinə yüksəldiyi qeyd olunub. Bu xüsusda, iki ölkə arasında iqtisadi əlaqələrin, o cümlədən enerji sahəsində tərəfdaşlığın dinamik inkişaf etdiyi bildirilib.
Söhbət zamanı Özbəkistanda SOCAR brendi altında yeni yanacaqdoldurma məntəqələrinin tikintisi layihəsi, həmçinin “Üstyurt” investisiya blokları üzrə görülən işlər nəzərdən keçirilib. Bu layihələrin ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın inkişafına töhfə verəcəyi vurğulanıb.
Görüşdə SOCAR ilə Özbəkistan şirkətləri arasında əlaqələrin genişləndirilməsi, birgə investisiya layihələrinin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
















