Azərbaycan 2023-cü ilin yanvar-avqust aylarında Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 7 milyard 1,88 milyon kubmetr qaz ixrac edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 22,9% çoxdur.
“Azərbaycan qazına Avropada heç vaxt olmadığı qədər daha çox ehtiyac var”
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatında deyilir.
2023-cü ilin avqust ayında Azərbaycandan Türkiyəyə 937,7 milyon kubmetr qaz ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 74,04% çoxdur. Bu dövrdə Türkiyəyə qaz ixracının ümumi həcminin 25,5%-i və boru kəməri ilə nəql olunan qazın 28,6%-i Azərbaycanın payına düşüb.
Azərbaycan avqustda Türkiyəyə qaz ixracının həcminə görə ikinci pillədə qərarlaşıb. Birinci pillədə 61,7%-lə Rusiya, üçüncü pillədə 10,9%-lə Əlcəzair yer alıb. Avqustda Türkiyəyə qaz ixracı 4 ölkədən (Azərbaycan, Rusiya (boru kəmərləri ilə), Əlcəzair - LPG) həyata keçirilib.
Avqustda Türkiyəyə 3 milyard 681,35 milyon kubmetr qaz (2022-ci ilin avqust ayı ilə müqayisədə azalma 4,45%) ixrac edilib. 3 milyard 281,52 milyon kubmetr boru kəməri qazının (bütün ixracın 89,14%-i, azalma 7,74%), 399,84 milyon kubmetr (bütün ixracın 10,86%-i, artım 35,02%) isə LNG-nin payına düşüb.
Türkiyəyə “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” və “Mərhələ-2” çərçivəsində hasil olunan Azərbaycan qazı ixrac edilir.
2021-ci ilin III rübündə Azərbaycan və Türkiyə arasında Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəql ediləcək 11 milyard kubmetr təbii qazın alqı-satqısı haqqında yeni müqavilə imzalanıb. Müqavilə 2024-cü ilin sonunadək (2021-ci ilin IV rübü – 2024-cü il) “Mərhələ-1” çərçivəsində ildə 3,5 milyard kubmetr qazın nəqlini nəzərdə tutur. Müqavilə çərçivəsində nəql 2021-ci il oktyabrın 1-dən həyata keçirilir.
Azərbaycan 2022-ci ildə Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 8 milyard 709,98 milyon kubmetr qaz ixrac edib ki, bu da 2021-ci ilin göstəricisindən 1,3% azdır.
2023-cü ildə Türkiyəyə 10,2 milyard kubmetr Azərbaycan qazının ixracı planlaşdırılır.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. Müqavilə üzrə tərəflərin iştirak payı aşağıdakı kimidir: BP (operator – 29,99%), “Cənub Qaz Dəhlizi” QSC (21,02%), LUKOIL (19,99%), NICO (10%), TPAO (19%). (İnterfaks-Azərbaycan)