Polietilen torbalar ətraf mühiti çirkləndirən əsas faktorlardan biridir.
FED.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.
Onun sözlərinə görə, bu torbalar təbii yolla çürüyüb parçalanmır, torpağa qarışmır və uzun müddət tullantı kimi qalaraq ətraf mühiti çirkləndirir:
ELƏCƏ DƏ BAX: Şpris zavodu fəaliyyətə başlayacaq – AÇIQLAMA
"Marketlərdə polietilen torbaların pulla satılmasının tərəfdarıyıq, lakin qiymət məsələsini biz müəyyən etmirik".
İ.İbrahimova bildirir ki, marketlərdə sellofan torbaların pulsuz verilməsi ilk baxışdan yaxşı bir təşəbbüs kimi görünür:
"Alıcılar da pulsuzdur deyə, bundan məmnuniyyətlə istifadə edirlər. Ancaq bilmirlər ki, bu torbaların ətraf mühitə, flora və faunaya mənfi təsirləri hesaba gəlməyəcək dərəcədə böyükdür. Ona görə də sellofan torbalardan istifadə tədricən məhdudlaşdırılmalıdır. Mənimlə, yəqin razılaşarsınız ki, bu torbalar qısa müddət istifadə edildikdən sonra atılır və yol kənarında, ətraf ərazilərdə xoşagəlməz mənzərə yaradır".
Nazirlik rəsmisi qeyd edib ki, ETSN bir müddət əvvəl polietilen torbaların tədricən azaldılması və məhdudlaşdırılması təşəbbüsünü irəli sürüb və bununla bağlı KİV nümayəndələrinin iştirakı ilə aksiyalar keçirilib, ictimaiyyət arasında sorğular aparılıb:
"Plastik və polietilen tullantıların ətraf mühitə mənfi təsirlərinin azaldılması məqsədilə nazirlik tərəfindən kompleks tədbirlər planı hazırlanıb və qərar verilməsi üçün aidiyyəti qurumlara təqdim edilib. Hazırda polietilen torbaların pullu olması, plastik qablaşdırma materiallarından istifadənin məhdudlaşdırılması, alternativ qablaşdırma materiallarından istifadə üçün şəraitin yaradılması və bu kimi digər məsələlərlə bağlı təkliflər paketi razılaşdırma mərhələsindədir.
ETSN vətəndaşlarımızı təmiz ətraf mühit üçün polietilen torbalardan imtina etməyə, alış-verişlərdə parça torbalardan və həsir zənbillərdən istifadə edərək ətraf mühitin qorunmasına töhfə verməyə çağırır".
Nazirlikdən polietilen torbaların pulla satılması təklifinə - MÜNASİBƏT
21:32
29 Yan 2019