“Baxın, indi Azərbaycana xaricdən nə qədər investisiyalar qoyulur. Bunun əsas amili daxili sabitlikdir. “Doing Business” proqramında, biz yaxşı yerlərdəyik. İndi bizim yerimizi də artırıblar və qabaqcıl ölkələr sırasındayıq”.
Eləcə də bax: "Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları kənara qoymalıyıq"
FED.az xəbər verir ki, bu fikirləri Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında söyləyib.
Dövlət başçısı deyib: “Ermənistana bir manat qoyan var? Yox. Adam gərək dəli olsun oraya pul qoysun. Heç xaricdə yaşayan ermənilər də pul qoymurlar. Nə üçün? Çünki hərc-mərclik var, aləm qarışıb, sabitlik yoxdur, lider yoxdur, etibar edə biləcəyi bir şəxs yoxdur ki, investor gəlsin desin, bəli, mən inanıram bu dövlətə, bu dövlət başçısına, mən vəsait qoyuram. Biz bu il təqribən 400-500 milyon dollarlıq ancaq xarici investisiyaları bərpa olunan enerji növlərinə gətirmişik. Artıq bir müqavilə bağlanıb, bir müqavilə də bu ay, ya gələn ay bağlanacaq. Onlar özləri bunu təklif etmişdilər. Yeddi aparıcı şirkət bu layihələr uğrunda mübarizə aparırdı. Onlardan ikisi bizə ən sərf edən təkliflər irəli sürdü. Onlar 440 meqavat gücündə günəş və külək elektrik stansiyalarını öz vəsaiti hesabına inşa edəcək. Azərbaycanlılar həm inşaat dövründə orada işləyəcək, həm də istismar dövründə və bizə nə qədər xeyir gətirəcək. Azad edilmiş torpaqlara indi nə qədər təkliflər var? Biz indi onları cəmləşdiririk. Biz gərək onların arasında ən yaxşılarını seçək. İndi vəziyyət elə deyil ki, biz gedib kiminsə qapısını döyək, yaxud da, hansısa bankdan kredit istəyək. Mən, ümumiyyətlə, hökumətə xarici kreditləri götürməyi qadağan etmişəm. Biz ancaq yüksək texnoloji layihələrə kredit götürməliyik ki, oraya texnologiyalar gətiririk. Yoxsa yol çəkirik, asfalt bizim, bitum bizim, çınqıl bizim, niyə biz xarici kredit götürməliyik? Yaxud da ki, buna oxşar layihələr. Bu proses davam etdirilir”.
Prezident İlham Əliyev bildirib ki, daxili sabitlik əsas amildir: Azərbaycanda bu, var. Amma baxın görün, bizim bölgəmizdə bir çox yerlərdə bu varmı? Xeyr. Baxın görün, hansı proseslər gedir, hansı ixtilaflar cərəyan edir. Xaricdən gələnlər gəlirlər bəzilərini barışdırmağa. Bəs onda ölkədaxili proseslər nəyə lazımdır, əgər kimsə xaricdən gəlir kimisə barışdırmağa? Yaxud da ki, baxın Ermənistana, indi xaricdən yardım olmasa, birdəfəlik batacaq, birdəfəlik! Heç ümid yeri də yoxdur. İnkişaf üçün heç bir əsas yoxdur. Daxili sabitlik üçün heç bir əsas yoxdur. Bunlar heç dövlət çevrilişi də edə bilmirlər. Gah bunu ediblər, gah etməyiblər, heç özləri də bilmirlər. İndi ordu hakimiyyətə tabe olmur. Prezident deyir ki, mən siyasətlə məşğul olmuram, məni bu işlərə qatmayın, qoyun sakit oturum. Belə də biabırçılıq olar? Baş nazir, mən onun haqqında daha bir şey demək istəmirəm. Ona görə başqa yerlərə də baxın, mən postsovet məkanını deyirəm, başqa yerlərə. Ona görə daxili sabitlik olmalı idi. Nəyin hesabına? Siyasət hesabına, xalq-iqtidar birliyi hesabına. Zor gücü hesabına yox. Buna da biz nail olduq. Eyni zamanda, bu sahədə sosial təminat, sosial ədalət məsələləri önəmli rol oynamışdır”.