“Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) ünvanına hüquq və azadlıqların inzibati və məhkəmə təminatı ilə bağlı 1 442 müraciət daxil olub”.
FED.az xəbər verir ki, bu barədə Ombudsman Elmira Süleymanovanın 2018-ci il üzrə illik məruzəsində bildirilib.
Sənəddə qeyd olunub ki, bu müraciətlərdə əsasən, prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq tərəflərin məlumatlandırılmaması, o cümlədən məhkəmədə işə baxılma vaxtı və yeri haqqında məhkəmə prosesinin iştirakçılarına müvafiq bildirişin vaxtında göndərilməməsi, məhkəmə qərarlarının surətinin vaxtında verilməməsi, məhkəmə qərarlarının icraya yönəldilməməsi, müraciətlərin cavablandırılmaması kimi hallar öz əksini tapıb: “Bəzi hallarda məhkəmənin qərarı işdə iştirak edən şəxslərə vaxtında göndərilməyib, bu da həmin qərardan yuxarı instansiya məhkəməsinə müraciət etmək hüququnun pozulması ilə nəticələnib. Birinci instansiya məhkəməsinin qərarından verilən şikayətin apellyasiya instansiyasına göndərilməməsi ilə bağlı vətəndaşlara məlumatın verilməməsi və ya vaxtında verilməməsi də şikayətlərə səbəb olub. Təhlillər onu deməyə əsas verir ki, hakimlər tərəfindən yol verilən nöqsanların aşkar edilməsi və qarşısının alınması üzrə tədbirlər ardıcıl olaraq davam etməlidir”.