Moldovada keçirilən prezident seçkilərində dövlət başçısı dəyişib. FED.az xəbər verir ki, seçkilərin noyabrın 15-də keçirilən 2-ci rübündə müxalifətin namizədi, Qərb yönümlü olan keçmiş Baş nazir, "Fəaliyyət və Həmrəylik" Partiyasının lideri Maia Sandu səslərin 55%-ni toplayaraq qalib gəlib.
Artıq Moldova seçki komissiyası protokolların 100%-ni sayıb, bitirib.
Sandunun rəqəbi isə Moldovanın indiki prezidenti Rusiya yönümlü namizəd olan İqor Dodon idi və o səslərin yalnız 45%-ni toplayıb.
Namizədlərin topladığı səslər arasında 115 min fərq var. Sandu 800 min, Dodon isə 685 min səs toplayıb.
Ölkə xaricindəki moldovalılar seçkidə çox böyük fəallıq göstəriblər. Ümumilikdə 260 mindən çox diaspora mənsubu və miqrant səs verib, Sandu 70%-dən artıq səs alıb. Paytaxt Kişinyovda isə Sandu 60% səs qazanıb.
Separatçı Dnestr regionu seçicilərinin 85%-i Dodona səs verib.
1972-ci il təvəllüdlü Maya Sandu Harvardda oxuyub, Vaşinqtonda Dünya Bankının icraçı direktorunun müşaviri olub. Vətənində təhsil naziri (3 il) və baş nazir (5 ay) vəzifələrində çalışıb.
Qeyd edək ki, hazırda Moldova ağır iqtisadi problemlərlə üz-üzədir, ölkənin uzun müddətdir həll olunmayan ərazi münaqişəsi problemi də var. Bu - Rusiya sülhməramlılarının təqribən 30 ildir məskən saldığı tanınmamış Dnestryanı respublika ilə münaqişədir.
Problemlərə baxmayaraq ölkənin seçki sistemi normal fəaliyyət göstərə, və seçkiləri obyektiv keçirə bilir.