“Şərq Bazarı”nın yenidən qurulmasında əsas şirkətlərdən olan “6-cı Mərtəbə” şirkətinin subpodratçıların pulunu ödəmədiyi iddia olunur.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə bazarın bərpasında iştirak etmiş subpodratçı şirkətlər - “MV Group” MMC, “MECC” MMC və “İdea Yapı” MMC tərəfindən keçirilən mətbuat konfransında bildirilib.
«Bolmart»da və «Şərq Bazarı»nda sahibkarın - İCARƏ PULUNU DÖVLƏT ÖDƏYİR – YENİLİK BAŞLANDI - ŞƏRTLƏR
Qeyd edilib ki, “6-cı Mərtəbə” şirkətinin rəhbəri Yunis Nəbiyev və şirkətin sahibi Atəş Təhməzov bazarın açılışından 11 ay keçməsinə baxmayaraq, müqavilə öhdəliklərini yerinə yetirmir.
“MV Group”un layihə rəhbəri Fatih Turan konfransda bildirib ki, qarşı tərəflə 30 dəfə görüşsələr də, ortaq məxrəcə gələ bilməyiblər: “Layihədə ciddi gecikmələr oldu. Metal konstruksiya işlərini görən digər şirkət və “6-cı Mərtəbə” şirkətindən qaynaqlanan problemə görə 9 ay sürüşmə yarandı. Nəticədə biz də ödənişlərimiz ala bilmədik. Müqavilə müddətinin bitməsindən 2 ay keçəndən sonra hələ avans məbləğini bizə vermişdilər. 9 ay müddətində doğru-düzgün iş görülmədiyi halda hər kəs bu şirkət tərəfindən məcburi iş yerində gözlədilirdi. Kadrlara görə əlavə pul alırdı deyə bizim işçiləri də öz kadrı kimi göstərirdi.
Bir müddət 24 saatlıq iş rejimində çalışdıq. 7 ay ərzində görülməli olan işi 3 aya gördük. Təsəvvür edin ki, eyni vaxtda görülməsi mümkün olmayan işlər bərabər aparılırdı. Məsələn, dam örtüyü vurulmamış yerdə malyar, mexaniki-elektrik işləri görülürdü. Yağış yağırdı və yenidən biz eyni işləri görürdük. “6-cı Mərtəbə” şirkətinin rəhbəri Atəş Təhməzli isə bunların qarşılığının olacağını deyirdi. Sifarişçidən tələb edəcəyini bildirirdi. Sifarişçi nəzərə alıb onlara pul ödəsə də, bizə heç nə çatmadı.
Borclarımızı ödəmək üçün güzəştə də getdik. Bütün bunlara baxmayaraq, tələblərimiz qəbul edilmədi. Problem bizdə olmadığı halda günahkar çıxarmaq istəyirlər. Haqqımızı tələb edirik. Məhkəməyə də gedəcəyik. Hazırda bizə 760 min manat borcları var”.
“MECC” MMC-nin direktor köməkçisi Salman Salmanzadə isə bildirib ki, “Şərq Bazarı” layihəsi üçün aldıqları inşaat mallarına görə bazarda böyük məbləğdə borcları yaranıb:
“Birinci müqavilə üzrə 138 min 891 manat, əlavə görülmüş işlər görə isə 43 min 533 manat borcu var. Həmçinin, işin yubadılmasına görə şirkətimizə 215 min 727 manat, işin yubadıldığı 8 ay ərzində bazarda yaranan qiymət artımı nəticəsində isə şirkətimizə 190 min manat zərər dəyib. İkinci müqavilə üzrə görülmüş işlərə görə “6-cı Mərtəbə” Müstəqil Şirkətinin “MECC” MMC-yə 642 min 709 manat borcu var. Ödənişlər zamanında edilmədiyi üçün bankdan kredit götürüb layihə üzrə öhdəliyimizə əsasən işimizi davam etdirdik. Şirkət bizə olan borcu ödəmədiyi üçün bizim banklara olan borcumuzun kredit faizi 50 min manatdan çox artdı. İki müqavilə üzrə yekun borc 1 milyon 429 min manatdır”.
“İdea Yapı” MMC-nin direktor köməkçisi Hüseyn Dəmircan isə bildirib ki, “6-cı Mərtəbə” şirkətilə təmsilçisi olduğu şirkət arasında 2020-ci ildə məhəccər, qapı, pəncərə, vitraj və dam örtükləri üçün 2 milyon 702 min 689 manat dəyərində müqavilə bağlanıb: “10 ay ərzində avans ödəmələri edilməyib. Borc hazırda 3 milyon 189 min 173 manatdır. İnşaat sahəsində işlərin görülməsi gecikdirilib Gecikmə nəticəsində malların qiymətləri artıb, layihənin yenidən işlənməsi ilə əlaqədar gözlənilən zamanda işçilərin əmək haqqı və yemək xərcləri, gücləndirilmiş iş şərtlərinə görə işçilərin xərcləri qarşılanmır. Gecikmələrə görə ödənişləri ödəməkdən imtina edirlər. “6-cı Mərtəbə” şirkəti müqavilə şərtlərini vaxtında yerinə yetirmədiyi üçün “İdeya Yapı” MMC-yə 1 milyon 278 min 929 manat zərər dəyib”.
Şikayətçilər onlara dəymiş zərərin ödənilməsi üçün müvafiq qurumlara müraciət etdiklərini, məhkəmədə iddia qaldıracaqlarını bildiriblər: "Dəfələrlə Atəş Təhməzovla görüşüb borcun və bizə dəymiş zərərin qaytarılmasını tələb etmişik. Bazar 11 ay öncə təhvil verilsə də, bizə hələ də ödəniş edilməyib. Hüquqlarımızın bərpası üçün öncə Mediasiya Şurasına müraciət etdik. Qarşı tərəf bu təşkilatın sorğularına cavab vermədi, görüşə gəlmədi. Mediasiya Şurası da bizə məhkəməyə müraciət etmək hüququmuzu xatırlatdı. Biz də müraciət edəcəyik və problemi mütəmadi olaraq mediada ictimailəşdirəcəyik”, - deyə rəhbərlər qeyd edib.