İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin iyun ayı üçün buraxılışı təqdim olunub. FED.az xəbər verir ki, icmalın bu sayında göstərilir ki, 2018-ci ilin yanvar-may ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 667,5 milyon ABŞ dolları təşkil edib. 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-may aylarında qeyri-neft sektoru üzrə ixrac 112 milyon ABŞ dolları və ya 20 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin ilk 5 ayı ərzində Rusiyaya 223,2 milyon, Türkiyəyə 154,3 milyon, Gürcüstana 69,9 milyon, İsveçrəyə 56,5 milyon və Çinə 19,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
2018-ci ilin yanvar-may ayları ərzində ən çox ixrac edilən qeyri-neft sektoruna aid məhsul isə 96,8 milyon ABŞ dollarlıq dəyərlə tomat (pomidor) olub. 2017-ci illə müqayisədə bu ilin 5 ayında pomidor ixracı dəyər baxımından 21 faiz, həcm baxımından isə 15 faiz artıb. Həmçinin cari ilin yanvar-may ayları ərzində ən çox ixrac edilən qeyri-neft sektoruna aid mallar siyahısında ikinci yeri elektrik enerjisi (53,3 milyon ABŞ dolları) və üçüncü yeri qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 48,4 milyon ABŞ dolları) tutub.
Ümumiyyətlə isə yanvar-may ayları ərzində meyvə-tərəvəz ixracı 189,8 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 59 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 58 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 28 milyon, kimya sənayesi məhsullarının ixracı 23,7 milyon, pambıq ipliyi ixracı 7,6 milyon ABŞ dolları təşkil edib.
2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin ilk 5 ayında elektrik enerjisinin ixracı 3,2 dəfə, meyvə-tərəvəzin ixracı 23,3 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 20,4 faiz, pambıq ipliyi ixracı 15 faiz, kimya sənayesi məhsullarının ixracı 11,4 faiz artıb.
Cari ilin may ayında isə qeyri-neft sektoru üzrə ixrac 182 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin may ayında ən çox qeyri-neft sektoruna aid mal ixrac edilən ölkələrin siyahısında ilk beşlikdə Rusiya (87,8 milyon ABŞ dolları),Türkiyə (27,1 milyon ABŞ dolları), İsveçrə (16,9 milyon ABŞdolları), Gürcüstan (13,5 milyon ABŞ dolları) və Niderland (6,3 milyon ABŞ dolları) qərarlaşıb.
2018-ci ilin may ayında qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor) birinci (54,3 milyon ABŞ dolları), kartof (16,3 milyon ABŞ dolları) ikinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 14,1 milyon ABŞ dolları) isə üçüncü olub. Tomat ixracını aylar üzrə təhlil etdikdə isə aydın olar ki, bu ilin may ayında ixracatçılarımız bu sahədə rekorda nail olublar.
“İxrac İcmalı”nın iyun sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. 2018-ci ilin yanvar-may aylarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "MKT İstehsalat Kommersiya" MMC, "Baku Steel Company" MMC, "Kapitan Fruits" MMC, "Qala meyvə-tərəvəz ixracat idxalat" MMC, “Food Export Şəmkir” MMC, “Azfruittrade” MMC, “Şirin Aqro” QSC, "Sun Food" MMC, "Metalçılar-2" MMC təmsil olunub.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə ARDNŞ-in “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlərin adları var: "Azərenerji" ATSC, "Det-al Alüminium" MMC, "Azergold" QSC, “CTS-Agro” MMC, "Azərbaycan Hava Yolları" QSC, "SOCAR Methanol" MMC, "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC.
“İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb. Göstərilib ki, 2018-ci ilin yanvar-may aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 19 ölkəsinə xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. Cari ilin ilk 5 ayında “Azərkosmos” ASC peyk və telekommunikasiya xidmətlərinin ixracından 11 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib. 2018-ci ilin may ayında isə “Azərkosmos” ASC-nin xidmət ixracın dəyəri 1,6 milyon ABŞ dolları təşkil edib.
“Azərkosmos” ASC-nin 2018-ci ilin ilk 5 ayı ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, BƏƏ, Almaniya, Gürcüstan, Çin, Misir, Qırğızıstan, Kipr, CAR, Birləşmiş Krallıq, Ukrayna və digərləridir.
“İxrac İcmalı”nda məlumat verilib ki, 2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycana dünyanın 184 ölkəsindən 1055,6 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 2018-ci ilin yanvar-may aylarında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə xərcləmələrində artım müşahidə edilib. Cari ilin may ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların 107,3 milyon manat təşkil edib və ötən ilin may ayı ilə müqayisədə 16 faiz artıb.
Ümumiyyətlə, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-may ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 21 faiz artaraq 513,7 milyon manat təşkil edib.
“İxrac İcmalı”nda 2018-ci ilin yanvar-may ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 2018-ci ilin may ayı ərzində Azexport.az portalına 27,7 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub. Ümumilikdə isə 2017-ci ilin yanvar ayından 2018-ci ilin 31 may tarixinə kimi Azexport.az portalına dünyanın 95 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 725,2 milyon ABŞ dolları təşkil edib.
İcmalın son sayında Azexport.az portalı Google şirkətinin yeni istifadəyə verdiyi “Google Market Finder” xidmətinə qoşulması barədə məlumata da yer verilib.
“İxrac İcmalı”nın iyun sayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti barədə də məlumat verilib. Qeyd edilib ki, bu ilin iyun ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən fiziki və hüquqi şəxslərə 400-dən çox sertifikat verilib. Sertifikat verilən məhsullar Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İsveçrə, Qətər, İtaliya, Qazaxıstan, Vyetnam, Malayziya, Almaniya, Serbiya, İran, Yunanıstan, Ukrayna, Çin, Kanada, Hollandiya, Çex Respublikası daxil olmaqla dünyanın müxtəlif ölkələrinə ixrac olunub. Hazırda ölkənin qeyri-neft ixracının 10 faizindən çoxunun sənədləşdirilməsi “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində həyata keçirilir.
İcmalın bu sayında Qida Təhlükəsizliyi Agentliyinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində fəaliyyətə başlaması ilə bağlı də məlumatda əksini tapıb.
Həmçinin “İxrac İcmalı”nın iyun sayında “Ukraynada Azərbaycan Ticarət Evi açılması, İsveçrəyə ixrac missiyası təşkil olunması və s. məsələlər barədə də məlumatlar verilib.
“İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.
“İxrac İcmalı”ı ilə www.iqtisadiislahat.org saytının İcmallar bölümündə tanış olmaq mümkündür.yazi