Dövlətin rəsmi mətbuat orqanı olan "Azərbaycan" qəzetində ölkədəki qiymət bahalılığını sərt tənqid edən məqalə dərc olunub.
FED.az biznes portalı "Od tutub yanan təkcə havalar deyil: İstilər canımıza, qiymətlər cibimizə qənim kəsilib" adlı məqaləni təqdim edir:
Eləcə də bax: Gömrük Komitəsi: «Sahibkarların invoys qiymətlərini açıqlaya bilmərik»
"Həqiqətən, bu gün od tutub yanan təkcə havalar deyil. Amma bir az fərqinə vardıqda, ümumiyyətlə, havalar deyil, yaxud olmamalıdır. Çünki bir cənub ölkəsi və yay, üstəgəl bu fəsildə 35-40 dərəcə istiyə öyrəşmiş bizlər. Niyə şikayətlənməliyik ki?! Bu səbəbdən orta statistik qazanca malik kimdən soruşsaq qiymətlərlə müqayisədə havaların "toya gedəsi” olduğunu deyəcək. Niyə deməsin ki?!
Prezident İlham Əliyev dövlətin həyata keçirdiyi iqtisadi siyasətin, o cümlədən islahatların əsas hədəfinin əhalinin sosial güvənliyinin təminatı olduğunu dəfələrlə sübut etmişdir. Dövlət başçısı seçildiyi 2003-cü ildən bugünəcən elə il olmayıb ki, İlham Əliyev ölkədə büdcədən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqlarını, pensiyaları, müxtəlif təyinatlı sosial müavinətləri, təqaüdləri artırmasın, qaçqın və məcburi köçkünlərin məişət şəraitlərinin yaxşılaşdırılması üçün tədbirlər görməsin, şəhid ailələrinin, müharibə veteranı və əlillərinin qayğılarının qarşılanması üçün sərəncamlar imzalamasın.
Eləcə də bax: Dövlət Gömrük Komitəsi karqo şirkətləri ilə bağlı - MƏLUMAT YAYIB
Bu 16 illik tarixin çox dərinliklərinə baş vurmayıb 2019-cu ilə müraciət edək: məlum olduğu kimi, cari il Prezident iki sosial paket təsdiqləyib. İlin əvvəlində imzalanan sərəncamlarla ölkə üzrə minimum əməkhaqqı 180, minimum pensiya 160 manata qaldırılıb, təxminən 100 min nəfəri əhatə edən tələbə təqaüdləri, Əfqanıstan veteranlarının, əlillərin müavinətləri artırılıb. Ümumiyyətlə, ilk paket adlandırılan həmin sərəncamlar çərçivəsində büdcədən ayrılan 1,5 milyard manat hesabına 3 milyon nəfərdən çox vətəndaşımızın sosial güvənliyi daha da yaxşılaşıb. 17 sərəncamın əhatə etdiyi növbəti paketdənsə 2 milyon nəfər yararlanacaq. Həmin sərəncamlarla sentyabrın 1-dən minimum əməkhaqqı növbəti dəfə artırılaraq 250 manatdan hesablanacaq, dövlət qulluqçularının aylıq maaşları 50, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışıb diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqları 20, hərbi və hüquq-mühafizə orqanları əməkdaşlarının, eləcə də dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda işləyən şəxslərinki 40 faiz artacaq. Oktyabrdansa minimum pensiyanın məbləği 200 manata çatdırılacaq. Nəhayət, dövlət büdcəsinə təxminən 2 milyard manata başa gələcək bu sərəncamlar hesabına əhalinin sosial müdafiəsinin güclənməsini sübut edən iki fakt: tək minimum əməkhaqqının artırılması 950 min nəfəri əhatə edəcək. Təhsil müəssisələrində çalışanlarla bağlı imzalanan sərəncamın nəticəsində isə müəllimlərin orta aylıq maaşları 600 manatdan çox olacaq.
İqtisadçılar, mütəxəssislər Prezidentin bu sərəncamlarını yüksək qiymətləndirirlər. Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyir ki, dövlət başçısının atdığı addımların mərkəzində ölkə vətəndaşı dayanır. Onun qənaətinə görə, dövlət başçısının bu istiqamətdə növbəti mühüm qərarlar verəcəyi də istisna deyil. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı isə bildirir ki, əməkhaqlarının əhəmiyyətli yüksəlməsi əhalinin alıcılıq qabiliyyətini artırmaqla iqtisadi aktivliyin daha da canlanmasına və beləliklə, multiplikator effekti ilə iqtisadiyyatın digər sahələrinə təsir göstərəcək.
Eləcə də bax: «Sayı 3-ü keçsə, müsadirə olunub, anbara vurulacaq» - GÖMRÜKDƏN AÇIQLAMA
İqtisadçılarda, eyni zamanda qiymətlər, daha dəqiq desək, bahalaşma sarıdan bir rahatsızlıq da var və bəri başdan deyək ki, bu ehtimal boş yerdən yaranmayıb. İlk dəfə deyil ki, bizdə əməkhaqlarının, pensiyaların artırılması ilə bağlı imzalanan sərəncamların, necə deyərlər, mürəkkəbi qurumamış qiymətlər bahalaşır, daha doğrusu, bahalaşdırılır. Bahalaşdırılır ona görə ki, istər əvvəlki, istərsə də artıq başlamış indiki qiymət artımının obyektiv səbəblərdən çox subyektiv maraqların təminatına xidmət edən bəhanələri var.
Əvvəl bir neçə kəlmə ilk yanaşmada obyektiv görünən, amma önləyici tədbirlər həyata keçiriləcəyi halda zərərsizləşdirilə bilən səbəblər barədə. Götürək Prezidentin builki sosial paketlərini. Deməli, əhalinin həm sosial müdafiəsinin gücləndirilməsi üçün artırılan əməkhaqları, pensiyalar və müxtəlif istiqamətli ödənişlər, həm də manatın devalvasiyası səbəbindən yaranmış problemli kreditlərin həlli üçün büdcədən ayrılan və ayrılacaq vəsaitin miqdarı 4 milyard manatdan çoxdur. Bu o deməkdir ki, bazara bir o qədər pul kütləsinin daxil olacağı gözlənir. Pul kütləsinin çoxluğunun isə qiymət artımına səbəb olma ehtimalı var, təbii ki, önləyici tədbirlər görülməyəndə. Və əgər bu gün hamı bahalaşmadan şikayətçidirsə, deməli, bizdə həmin tədbirlər ya lazımi səviyyədə, ya da ümumiyyətlə, həyata keçirilmir. Əks halda ilin-günün bu vaxtında mövsüm meyvələrinin, tərəvəzin, eləcə də digər ərzaq məhsullarının qiymətləri cibimizi yandırmazdı. Hələ qeyri-ərzaq məhsullarını, xidmət haqlarını demirik. Belə qəbul edirik ki, onlar gündəlik tələbat malları deyil və bəd ayaqda ərzaqdan fərqli olaraq, onlarsız da keçinmək mümkündür.
Əsassız bahalaşmanın başqa bir tərəfi də var ki, bu da onun dövlətin sosial siyasətinin əleyhinə işləməsidir. Təsəvvür edin, dövlət əhalinin gəlirlərinin artması, yəni güzəranının yaxşılaşması üçün tədbirlər görür, ölkənin istehlak bazarında qiymətlərə nəzarət edən gözəgörünməz qüvvələr isə əsassız bahalaş(dır)ma "siyasət”ilə xalqın cibinə girib halal pulunu əlindən alır. Əslində "gözəgörünməz” adlandırdığımız həmin "qüvvələr”in inhisarçılar olduğunu hamı bilir, tək onlara qarşı həm iqtisadi, həm də inzibati üsullarla mübarizə aparmalı olan qurumlardan savayı.
Fəaliyyət sahəsi ilə bağlı hər gün topdansatış bazar və dükanlardan (marketlərdən) alver edən tanışımız deyir ki, eyni ərzağı iki gün dalbadal eyni qiymətə aldığı vaxt çox az olur: "Qiymətlər qəpiklə də olsa, hər gün bahalaşır. Hətta elə ərzaqlar var ki, onlar bir-iki gün yoxa çıxır, daha doğrusu, çıxarılır. O saat bilirik ki, bu, qiymət qaldırmaq üçündür, özü də az yox, əməlli-başlı. Nə edə bilərik, bütün məhsulların sahibi, yəni inhisarçısı var, qiymətləri də onlar müəyyənləşdirirlər”.
Başqa bir tanışımızsa kənddə yaşayır. Həyətində olmayan meyvə ağacı yoxdur. Dolanışığının bir qismi onlardan çıxır. Söyləyir ki, hər il meyvələrini qapıdan gəlib alırlar, hamısı da alverçilərdir. Ona görə də qiyməti "öldürürlər”: "Bakıda qohum-əqrabamız çoxdur, bazardakı qiymətlərdən xəbərim olur. Məsələn, bu il bizim kənddən təxminən manat yarıma alınan gilasın, əriyin, alçanın paytaxtda 5 manata və hətta daha baha satıldığını eşitmişəm. Belə çıxır ki, aradakı alverçilər meyvə ağaclarının ilboyu əziyyətini, nazını çəkən kəndlidən çox qazanır, özü də təkcə bizim yox, həm də şəhərdəki alıcıların hesabına”.
Düz sözə nə deyəsən. Amma bu yerdə bir məsələyə də toxunmaq istərdik. Söhbət kənd və şəhər rayonlarının bələdiyyələrindən gedir. Bu gün hansı bələdiyyə sədrini, yaxud üzvünü dindirsən, maliyyə azlığından gileylənəcək, fəaliyyətlərindəki bütün çatışmazlıqların günahını maliyyə qıtlığının boynuna qoyacaq. Halbuki axtardıqları vəsait, necə deyərlər, ağızlarının içində, gözlərinin önündədir. Götürək kənd yerlərindəki meyvələrin tədarükünü. Bu işin qazanclı olduğunu bilməyən yoxdur. Elə isə niyə kənd bələdiyyələri paytaxtın, digər iri şəhərlərin rayon bələdiyyələri ilə işbirliyi qurub bu gəlirli bazarı adına "alverçi” dediyimiz ara tədarükçülərinin əllərindən almırlar? Şəhərdəki rayon bələdiyyələri bu işbirliyinə can-başla razılaşarlar, çünki onlar da qazanacaqlar. Məhsul əldən-ələ düşüb bahalaşmayacağından qazanan həm də istehlakçılar olacaqlar.
Bu təklifi yeri gəlmişkən söylədik, ona əməl olub-olunmayacağı bizlik deyil, ən azından bələdiyyəlikdir. Hələliksə, bu cür təşəbbüslər olmadığı üçün hamı gileylidir - bahalıqdan, o üzdən pulun bərəkətsizliyindən, dəyərini aybaay yox, günbəgün itirdiyindən. Niyə də olmasın?! Ət, yağ yaxın durulası deyil, kolbasa, sosis od qiymətinə, çay, şirniyyat "ceyran beli”ndə, gilasa, əriyə yalnız baxmaq olur, kartof, soğan da öz əllərində, istəyəndə bahalaşdırır, istəyəndə ucuzlaşdırırlar. Banan nədir ki, onu da inhisara alıblar. İndi bu sayılmaz tropik meyvənin ən baha satıldığı yer Azərbaycandır. Nəyi deyəsən, hansını yazasan? Sənaye malları, yanacaq ucuzdurmu, xidmət, xüsusən də kommunal tarifləri əhalinin qazancına uyğundurmu? Bir də ki, bu qiymətlər bir-birinə bağlıdırlar axı... Əgər qənd-çay bahalaşırsa, yumurtanın da qiyməti qalxacaq. Çünki şəhərə yumurta satmağa gələn Gülsənəm qarı axşam kəndə dönəndə evinə qənd-çay almalıdır.
Bəla burasındadır ki, sözün həqiqi mənaslnda, dinamik xarakter almış bahalaşma həm yerli, həm də idxal məhsullarını əhatə edir, hər ikisi üzrə də əsassız, səbəbsiz, izahsız! Yerli istehsalçılara dövlətin etdiyi güzəştləri saymaqla qurtaran deyil. Vergilərdən azad edilməkdən tutmuş subsidiyalaracan olan həmin güzəştlərə dünyanın heç bir ölkəsində rast gəlmək mümkün deyil! O üzdən indi bizdə yerli kənd təsərrüfatı məhsullarının qiymətləri hamı - həm istehsalçı, həm də istehlakçı üçün sərfəli olmalı idi. İdxal məhsullarına gəldikdə, onların da bahalaşması üçün bu gün əsas yoxdur. Dünyada qiymətlərə ən çox təsir edən enerji daşıyıcıları birjalarındakı vəziyyətdir ki, orada da vəziyyət sabitdir. Neftin qiymətində kəskin bahalaşma, yaxud ucuzlaşma qeydə alınmır. Üstəlik, neçə vaxtdır manatımızın dəyəri dollara-avroya nisbətdə möhkəmdir, ölkədə iqtisadi artım müşahidə olunur, istehsal artır, qıtlıq yoxdur. Deməli, daxili bazarda həm idxal, həm də yerli məhsulların qiymətlərindəki manipulyasiya tam subyektiv səbəblərdən irəli gəlir!
Tək bu kifayətdir ki, əlaqədar qurumlar vaxt itirmədən ölkənin istehlak bazarında təsirli tədbirlər həyata keçirsinlər, artıq ilkin əlamətləri görünən süni qiymət artımının qarşısını alsınlar, özü də qətiyyətlə!".