Türkiyədə xarici valyutaların məzənnəsinin və işgüzar indekslərin qeyri-sabitliyinin əsas səbəbi türk iş dünyasının qarşıdakı seçkilərlə bağlı narahalığının olmasıdır. Bu barədə FED.az-a maliyyə bazarları üzrə ekspert Cəfər İbrahimli bildirib. Onun sözlərinə görə, hazırda Türkiyənin biznes sektoru iyunun 24-də gözlənilən seçkinin mümkün nəticələrini götür-qoy edir: «Seçimlərin nəticəsi iş dünyası tərəfindən dəqiqləşdirilə bilmir. Güman etmək olardı ki, seçkilərə 2 həftə qalmış artıq sabitləşmə başlasın. Amma qeyri-sabitlik indi də qalır».
Türkiyədə dollar kəskin bahalaşdı – SON MƏZƏNNƏLƏR
Ekspertin sözlərinə görə, iş dünyasınnı seçkilərlə bağlı narahatlığı onun nəticələri və seçkilərdən sonra baş verəcək dəyişikliklərdir: «Yəni iş dünyası hələ seçkinin nəticələrini təqribi də olsa təsəvvür etmir. Amma vəziyyət göstərir ki, hətta indiki hökumət qalib gəlsə belə, planlarnı tam həyata keçirmək üçün yetərli dəstək ala bilməyəcək».
Bundan başqa, iş dünyasına hələ də aydın deyil ki, gələcəkdə planlaşdırılan hökumət dəyişiklikləri və idarə etməyə dəyişikliklər necə baş verəcək və bunun biznes sektorunun tənzimlənməsinə təsiri necə olacaq.
Qeyd edək ki, Türkiyədəki siasi qeyri-sabitlik və növbədənkənar seçkilərin elan edilməsi ölkə iqtisadiyyatına olduqca mənfi təsir edib. Türk lirəsi dollar və digər xarici valyutalar qarşısında ucuzlaşır, İstanbul birjasının indeksi azalır.
Belə ki, Türkiyədə bu il yanvarın sonunda sonunda birja indeksi 120 min olduğu halda, indi bu göstərici 22-24% azalaraq 93 525-ə enib (Maraqlıdır ki, ekspertlə söhbətin gedişində belə indeks öz dəyərinin 1%-ni itirdi – FED.az). C.İbrahimli bildirir ki, birja indeksinin 20%-dən artıq azalması artıq bazarın boşalması göstəricisidir.