Azərbaycanda kriptovalyuta ilə maraqlananların sayı on minlərlə ölçülür. Ölkə vətəndaşlarının bir hissəsi kriptovalyuta birjalarını mütəmadi ziyarət edir və burada əməliyyatlar aparır.
Eləcə də bax: Azərbaycanda ilk kriptovalyuta birjası yaradıldı - MANATLA BİTKOİN SATILIR
Ölkədə krinptovalyuta və bitkoinə maraqla bağlı FED.az-a şərh edən «Akturklər Teknaloji» MMC-nin Azərbaycan nümayəndəsi, ilk kriptovalytanın yaradıcısı Emil Əliyev bildirib ki, öokədə bitkoinə maraq bir neçə il əvvəldən, bitkoin sürətlə bahalaşanda başlayıb: «Əslində bitkoin 2009-cu ildən etibarən dünya bazarındadır. Amma onun sürətli bahalaşması 2017-ci ilin mart ayının sonlarında başladı. Yanvar ayında 800 dollara olan bitcoin dekabrda 19 970 dollara qədər dəyər qazandı. O dövrdə müəyyən insanlar 7 min dollara aldığı bitcoini dekabrda 19 min dollara satdılar. Və bu bitkoinin populyarlaşan vaxtı idi».
Hazırda bitkoinin qiyməti 7,7 min dollar ətrafındadır və obu qiymətin necə dəyişəcəyi məlum deyil. Amma ümumilikdə dünyada kriptovalyutaların həm sayı, həm də onlara maraq artmaqdadır: «Buna investisiya kimi baxan treyderlər də var, bir də qısa alverə girib xeyir edib çıxanlar da. Azərbaycanda insanların əksəriyyəti burada bir az ziyan edirlər. Amma buna baxmayaraq istər xaricdən, istərsə də daxildən böyük bir kontingent bununla maraqlanır».
E.Əliyev bildirir ki, azərbaycanlılar əsasən ən çox bitkoin və «Ethereum»a maraq göstərirlər. Ölkədə yeni işə düşən kripto birja da əsasən bu koinlərlə əməliyyat aparır: «Azərbaycanda neçə nəfərin kriptovalyutaya nə qədər pul yatırdığını heç kim bilə bilməz. Amma müəyyən saytlar var ki, bazarın giriş-çıxışını izləmək olur. Həmin sayt vasitəsilə ilə görünür ki, dünyanın əsas kriptovalyuta birjası sayılan binance.com-a Azərbaycandan gündə 45 min adam daxil olur».
Bu şəxslərin bir hissəsi həmin birjada və ya başqa resurslarda əməliyyatlar aparır, bitkoin alıb satırlar: «Təbii ki, bu qədər adam həmin birjaya boşuna daxil olmur. Ola bilər ki, bu 45 minin içərisində bitkoinlərə 3-5 milyon dollar yatırandan da var. Bunu dəqiq bilmək mümkün deyil, çünki platforma sirr bildirmir, ad-soyad yoxdur, sadəcə 34 rəqəmli bir kod var».
E.Aliyev bir də xatırladır ki, kriptovalyutalar pul köçürmələri üçün də sərfəli variantdır: «İnsanlar o kodları bir-birinə yollamaqla istənilən həcmdə pulları bir nöqtədən digər nöqtəyə 30 sent və ya 1 manat dəyərində göndərə bilirlər. Bu sistem banklar kimi, insanları böyük komissiyalarla yükləmir».