Bank VTB (Azərbaycan) respublikada yeni tədris ili ərəfəsində “Uşaqların məktəbə hazırlaşmasına kömək edin” kampaniyasının iştirakçısı olub.
FED.az xəbər verir ki, tədbiri Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi təşkil edib. Onun əsas məqsədi aztəminatlı ailələrin uşaqlarına dəstək olmaqdır.
Sentyabrın 1-dən 13-dək Bakı, Gəncə, İsmayıllı, Qəbələ, Balakən, Zaqatala və Astarada keçirilən kampaniya çərçivəsində əsasən aztəminatlı ailələrdən olan 200 nəfər gələcək birinci sinif şagirdi lazımi məktəb ləvazimatları - dəftərlər, rəsm albomları, gündəliklər, qələmqabı, pozan, qələmlər, xətkeş və digər zəruri ləvazimatlarla dolu məktəbli çantası ilə təmin olunub.
“Sosial məsuliyyət VTB mədəniyyətinin əsas elementidir və biz hər zaman uşaqların inkişafına yönəlmiş layihələri dəstəkləməyə hazırıq. Sevinirik ki, bu gün biz birinci sinif şagirdlərini yeni tədris ilinin başlanması münasibətilə şəxsən təbrik edə bildik. Bütün tələbələrə təhsillərində yüksək nailiyyətlər, məktəb həyatının maraqlı və parlaq günlərini arzulayıram”, - deyə VTB (Azərbaycan)-ın İdarə Heyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeni Borodin layihənin başa çatması münasibətilə keçirilən tədbirdə bildirib.