Azərbaycanın aparıcı banklarından olan «Yelo Bank» ASC 2025-ci ilin 2-ci rübünün yekunlarını açıqlayıb.
FED.az xəbər verir ki, yarım ilin nəticələrinə görə, bank mənfəət açıqlayıb, eləcə də "Yelo Bank"ın əsas göstəricilərində, xüsusilə aktivlər, kredit portfeli faiz gəlirlərində artım olub.
Faiz gəlirlərində 10% artım
Hesabat dövründə Bankın cəmi faiz gəlirləri 83,9 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,1 milyon manatlıq (10,6%) artım deməkdir.
Faiz gəlirlərində əsas yeri kredit portfelindən daxilolmalar tutur. 2025-ci ilin ilk 6 ayında müştərilərə verilmiş kreditlərdən əldə edilən faiz gəlirləri təqribən 16 milyon manat və ya 25% artaraq 79,1 milyon manata yüksəlib.
Yarım ildə banklara verilən kreditlər üzrə faiz gəlirləri 498 min manat, banklardakı depozitlər üzrə faiz gəlirləri 4 milyon manat, qiymətli kağızlara yatırımlardan gəlirlər 130 min manat, digər faiz gəlirləri 199 min manat olub. Hesabat dövründə «Yelo Bank» 1,6 milyon manatlıq məqsədli ehtiyatlar yaradıb.
Bankdakı əmanətçilərin qazancları 26 milyon manatı keçib
Faiz gəlirləri ilə yanaşı, «Yelo Bank»ın faiz xərcləri də böyüyüb, faiz xərcləri 3,6 milyon manat və ya 14% artaraq 28,8 milyon manata yüksəlib. Bu məbləğin 26 milyon manatı «Yelo Bank»ın əmanətçilərinə ödədiyi faizlər olub. «Yelo Bank»da əmarəti olanlar ötən illə müqayisədə bu il 3,7 milyon manat və ya 16,2% artın gəlir əldə ediblər.
Daha 2 milyon manat cəlb edilmiş kreditlərə görə faiz ödənişinə sərf edilib. Yekunda, Bankın xalis faiz gəliri 53,5 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 5,1 milyon manat (10,7%) artım deməkdir.
Qeyri-faiz gəlir və xərcləri
2025-ci ilin ilk yarısında «Yelo Bank»ın cəmi qeyri-faiz gəlirləri 8,2 milyon manat təşkil edib. Bundan 5,3 milyon manat bankın göstərdiyi xidmətlərə görə müştərilərin ödədiyi haqq və komissiya gəlirləridir. Xarici valyuta əməliyyatlarından gəlirlər isə 2,4 milyon manat olub.
İlk yarım ildə bankın qeyri-faiz xərcləri 41,8 milyon manat olub. Ötən ilin eyni dövrünə nisbətən qeyri-faiz xərcləri 3,5 milyon manat azalıb.
Maaşlara 22 milyon xərcləyib
Hesabat dövründə «Yelo Bank» əməkdaşlarına təqribən 22 milyon manat əmək haqqı ödəyib, inzibati xərclər isə 4 milyon manata çatıb. Daha 2 milyon manat amortizasiya xərclərinə sərf edilib. Nəticədə ilk yarım ilin sonuna bankın əməliyyat mənfəəti 19,8 milyon manata çatıb.
20 milyon manata yaxın xalis mənfəət
İki ildir ki, bankın kredit portfelinin keyfiyyətinin artması müşahidə edilir, bunun nəticəsi olaraq indiyədək ayrılmış ehtiyatlar mənfəətə qaytarılır. 2025-ci ilin ilk yarım illiyində 2,8 milyon manat vəsait mənfəətə qaytarılıb. 3 milyon manat mənfəət vergisindən sonra isə «Yelo Bank» dövrü 19,7 milyon manat xalis mənfəətlə başa vurub.
«Yelo Bank» sürətlə böyüyür
2025-ci ildə «Yelo Bank» inamla böyüməkdə davam edib. Bankın cəmi aktivləri 44 milyon manat (3,4%) artaraq 1 milyard 324 milyon manata yüksəlib.
Aktivlərin əsasını «Yelo Bank»ın son dövrlər sürətlə böyüyən kredit portfeli təşkil edir. Yarım ilin sonuna kredit portfeli 60 milyon artaraq 995 milyon manata yüksəlib.
Kredit portfeli 1 milyard manata yaxınlaşıb, artım davam edir
Yarım ilin nəticələrinə görə, «Yelo bank»ın kredit portfelinin 611 milyon manatını biznes kreditləri, 292 milyon manat istehlak, 91 milyon manatı isə ipoteka kreditləri təşkil edir. Bu il «Yelo Bank»ın biznes kreditləri 24 milyon manat (4,1%), istehlak kreditləri 29 milyon manat (11,1%), daşınmaz əmlak kreditləri isə 6,5 milyon manat artıb.
Qiymətli kağızlara yatırım 2 dəfə artıb
2025-ci ildə «Yelo Bank» qiymətli kağızlara yatırımları 5,3 milyon və ya 2 dəfə artıraraq 10,4 milyon manata çatdırıb. Bankdakı nağd pul vəsaitləri isə 7 milyon artaraq 237 milyon manatı keçib.
Bundan əlavə «Yelo Bank»ın digər banklarda 33 milyon manat depozitləri, başqa banklara verilmiş 10 milyon manatlıq kreditləri və 21 milyon mianatlıq əmlak və avadanlıqları var.
Öhdəliklər 1,2 milyard manata yaxınlaşıb
2025-ci ilin ilk yarım ilində «Yelo Bank»ın öhdəlikləri daha 25 milyon manat artaraq 1 milyard 160 milyon manata yaxınlaşıb. Bankın depozit portfeli 18 milyon manat artaraq 948 milyon manatı keçib.
Bu dövrdə fiziki şəxslərin əmanətləri 63 milyon manat və ya təqribən 9% artaraq 795 milyon manata yüksəlıb. Bankda şirkətlərin depozitləri isə 154,7 milyon manat təşkil edib.
Əlavə olaraq «Yelo Bank»ın Mərkəzi Bank qarşısında öhəlikləri 123 milyon manat, kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər isə 13,7 milyon manata çatıb.
Kapitalı 20 milyon manat artıb
2025-ci ilin ilk yarısına «Yelo Bank»ın cəmi kapitalı təqribən 20 milyon manat artaraq 163,8 milyon manata yüksəlib. Bankın səhmdar kapitalı 378 milyon manat, əvvəlki illərin yığılmış zərəri 225 milyon manatdır ki, bankın davmlı mənfəətlə işləməsi bu rəqəmi «əritməyə» başlayıb.