Ölkənin bank sektorunun aktiv təmsilçilərindən olan "Unibank" 2025-ci il üzpə maliyyə göstəricilərini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bank ötən ili 25,8 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da ötən illə müqayisədə 5,4 milyon manat və ya 26,4% artım deməkdir.
Yekun mənfəətinin artımına gəlirlərin kəskin artımı səbəb olub. 2025-ci ildə bankın bütün mənbələrdən gəlirləri ilk dəfə 400 milyon manata yaxınlaşaraq 398 milyon manat olub. Bu əvvəlki illə müqayisədə 53 milyon manat və ya 15% artıqdır.
2025-ci ildə «Unibank»ın faiz gəlirlərinin artımı davam edib. Xatırladaq ki, bu göstərici 2022-c ildə 161 milyon manat, 2023-cü ildə 211 milyon manat, 2024-cü ildə isə 232 milyon manat olub. 2025-ci ildə isə bankın faiz gəlirləri 251 milyon manatı keçib.
Faiz gəlirlərinin əsas hissəsi ənənəvi olaraq kredit faizləridir – ötən il 18 milyon manat artaraq 238 milyon manata yüksəlib. Daha 3,5 milyon manat başqa banklardakı depozitlərdən, 3,7 milyon manat isə qiymətli kağızlara yatırımlardan əldə edilib. Digər faiz gəlirləri 5 milyon manat olub.
Ötən il bankın faiz xərcləri də 24 milyon manat artaraq 102 milyon manata çatıb, faiz xərclərinin əsas istiqaməti bankda əmanəti olanlara ödənilən faizlərdir. Son bir ildə bu rəqəm 13 milyon manat və ya 20% artaraq 76 milyon manata yüksəlib. Daha 20 milyon manatı isə «Unibank» cəlb etdiyi kreditlərə görə faiz kimi ödəyib. Nəticədə bankın illik xalis faiz gəliri 143 milyon manat olub.
2025-ci ildə «Unibank» qeyri-faiz gəlirlərni də artırıb, bu gəlir maddəsi 24 milyon manat artımla 146 milyon manata yüksəlib. Qeyri-faiz gəlirlərinin əsas hissəsini -127 milyon manatını «Unibank»ın müştərilərə göstərdiyi xidmətə görə alınan haqq və komissiya gəlirləri təşkil edib. Əvvəlki illə müqayisədə bu rəqəm 22 milyon manat və ya 20% artıb.
Bankın əməliyyat xərclərində də artım müşahidə olunub. Qeyri-faiz xərcləri ümumilikdə 11,9 milyon manat (5,7%) artaraq 219,5 milyon manata çatıb.
Qeyri-faiz xərclərinin 72 milyon manatı əmək haqlarının payına düşüb – bankda əmək haqları son bir ildə 2,3 milyon manat və ya 3,2% artıb.
Ümumi və inzibati xərclər isə, əksinə, 2 milyon manat azalaraq 48 milyon manatlan 46 milyona düşüb. Digər xərclər 9 milyon manat və ya 12 faiz artaraq 88 milyon manata yüksəlib.
Bütün bu gəlir və xərclərin nəticəsində bankın əməliyyat mənfəəti 6,3 milyon manat (10,1%) artaraq 70 milyon manata yüksəlib.
Bank, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün 35,3 milyon manat məqsədli ehtiyat ayırıb ki, bu da təqribən ötən ilki göstərici qədərdir.
Vergi ödənişindən əvvəl 34,6 milyon manat mənfəət əldə edən bank, 8,9 milyon manat mənfəət vergisi ödəyib və ili 25,8 milyon manat mənfəətlə tamamlayıb. Bu 2024-cü ildən 5,4 milyon manat artıqdır. Xatırladaq ki, "Unibank" 2024-cü ili 20,4 milyon manat xalis mənfəətlə yekunlaşdırmışdı.
2025-ci ilin sonunda "Unibank" 2 milyardlıq banklar klubuna keçib – ilin yekunlarına görə (31.12.2025 tarixinə), bankın cəmi aktivləri 2 milyard 133 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 373 milyon manat, yəni 21% artım deməkdir. Bankın ən çox böyüyən aktivi kredit portfeli olub.
Son bir ildə «Unibank»ın kredit portfeli 150 milyon manat artaraq 1,3 milyard manatı adlayıb. Portfelin təxminən yarısı istehlak kreditləridir – bu kreditlər il ərzində 29 milyon manat (4,6%) artaraq 647 milyon manata yüksəlib. Amma biznes kreditləri daha sürətlə artıb – il ərzində biznesə verilən kreditlərin məbləği 118 milyon manat və ya 27% artaraq 555 milyon manata yüksəlib. İpoteka kreditləri isə 103 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 3,8 milyon manat, başqa sözlə (3,8%) artım deməkdir.
2025-ci il «Unibank» üçün istehlak kreditlərinin ümumi kredit portfelində payının yarıdan az olması ilə yadda qaldı. Belə ki, əgər bir il əvvəl «Unibank»ın kredit portfelində istehlak kreditləri 53%, biznes kreditləri isə 38% paya malik idisə, hazırda istehlak kreditlərinin payı 49,6%-ə enib, biznes kreditləri isə 42,5%-ə yüksəlib.
Bankdakı nağd pul vəsaitləri son bir ildə təqribən 150 milyon manat artaraq 235 milyondan 385 milyona yüksəlib. Qiymətli kağızlara yatırılan məbləğ 10,3 milyon manat artaraq 69 milyon manata, digər maliyyə institutlarındakı depozitləri isə 14 milyon manat artaraq 44 milyon manata yüksəlib.
2025-ci ilin yekunlarına görə "Unibank"ın cəmi öhdəlikləri 1 milyard 940 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 347 milyon manat, yəni 21,8% artım deməkdir. Öhdəliklərin artımında əsas pay depozitlərin və digər maliyyə institutları qarşısındakı öhdəliklərin üzərinə düşür.
Bankın depozit portfeli ötən ilə nəzərən 173 milyon manat (14%) artaraq 1 milyard 378 milyon manata çatıb. Bu artım həm fiziki şəxslərin depozitlərinin (133 milyon manat və ya 14% artım), həm də hüquqi şəxslərin depozitlərinin (40,6 milyon manat və 16,4% artım) hesabına baş verib.
Bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısındakı öhdəlikləri isə illik müqayisədə 98 milyon manat (46,7%) artaraq 307 milyon manata yüksəlib.
2025-ci ilin yekunlarına görə "Unibank"ın cəmi kapitalı 192,8 milyon manat təşkil edib.













