Qırmızı Ürəklər Fondu Kapital Bank-ın 150 illik yubileyi münasibətilə başlatdığı “Sıfır Tullantı” marafonu davam edir.
FED.az xəbər verir ki, insanlara ətraf mühitin mühafizəsinə qarşı həssaslığı artırmağa və təbiəti qorumağa hədəfləyən layihə bu dəfə Yevlax rayonunun Varvara kəndində Kür çayının sahilində həyata keçirib. Marafonda bankın “Mərkəzi Aran” iqtisadi rayonunu əhatə edən filial şəbəkəsindən 50-dən çox könüllü iştirak edib.
Tədbir zamanı ərazi 753 kq plastik və zərərli tullantılardan təmizlənib.
Marafon çərçivəsində fikirlərini bildirən Qırmızı Ürəklər Fondunun vitse-prezidenti Nihad Salmanlı bu göstəricilərin ətraf mühitin qorunması və təmizliyinə dəyərli töhfə olduğunu qeyd edib. “Təbiətin mühafizəsi Fond olaraq bizim əsas istiqamətlərimizdən biridir. Bu yolda bizə dəstək olan bütün könüllülərimizə minnətdaram. Biz gələcək nəsillərimizə daha sağlam bir dünya miras qoymaq üçün toplanmışıq. Bunun üçün insanların məlumatlı olmaları, şəxsi məsuliyyətlərini dərk etmələri, təbiəti qorumağa elə öz ətraflarından başlamaları yetərlidir.
Qeyd edək ki, “Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.