Gürcüstan hökumətinin vətəndaşların banklara olan borcunun bir hissəsini siləcəyi ilə bağlı qərarı bu ölkədə gözlənilən prezident seçkiləri ilə bağlıdır. FED.az xəər verir ki, bunu politoloq Şahin Cəfərli qonşu ölkədəki prosesləri şərh edərkən bildirib. Politoloq yazır:
Gürcüstan hökuməti banklara borcunu ödəməkdə çətinlik çəkən 600 mindən çox vətəndaşın problemini həll etdi.
Hökumət əhalinin ümumilikdə 1,5 milyard lari (təxminın 570 milyon dollar) həcmində olan borclarını sildi. Bu məsələnin həllini İvanişvilinin maliyyələşdirdiyi "Kartu" Fondu ilə banklar öz üzərinə götürüb. Təbii ki, çox yaxşı, çox əla addımdır, amma burada konkret siyasi məqsədin güdüldüyü də ortadadır.
Qərar noyabrın 28-də keçiriləcək prezident seçkilərində qələbəni təmin etməyə yönəlib. Bu seçki "Gürcü Arzusu" və şəxsən Bidzina İvanişvili üçün ölüm-qalım məsələsidir. Əslində prezidentin səlahiyyətləri çox məhduddur və prezidentin dəyişməsi ilə hakimiyyət dəyişmir. Lakin hamıya aydındır ki, prezident vəzifəsinə Qriqol Vaşadzenin seçilməsi Vaşadzedən çox, Saakaşvilinin qələbəsi anlamına gələcək və indiki hakimiyyət üçün sonun başlanğıcı olacaq. Bu halda hakim partiyada eroziyanın başlaması və bununla paralel erkən parlament seçkilərinin gündəmə gəlməsi qaçılmazdır. Hətta erkən seçki olmasa belə, növbəti seçkiyə onsuz da az müddət qalır və həm psixoloji, həm də siyasi üstünlüyün müxalifətə keçəcəyi bir şəraitdə iqtidarın toparlanması, reabilitasiyası çox çətin olar.
İvanişvili bunu yaxşı anladığı üçün ilk turun şoku ilə fövqəladə iş rejiminə keçərək bir yox, iki seçki qərargahı yaratdı. Parlamentin sədri İrakli Kobaxidze ölkə miqyaslı qərargahın, Tiflis meri Kaxa Kaladze isə paytaxt üzrə qərargahın rəhbəri təyin olundu. Eyni zamanda, kisənin ağzı açıldı, uşaq pulunun, əlillər üçün müavinətlərin, müəllimlərin, məmur aparatının, güc strukturları əməkdaşlarının maaşlarının ciddi şəkildə artırılacağı bəyan edildi.
Təsəvvür edin ki, prezidentliyə namizəd Salome Zurabişvili ortada görünmür, tamamilə kölgədə qalıb. İvanişvili onun əlavə səs cəlb etmək imkanlarının sıfıra yaxın olduğunu bildiyi üçün 2-ci tur öncəsi elə vəziyyət yaratdı ki, sanki namizəd Zurabişvili yox, elə İvanişvilinin özüdür. Bilbordlardan İvanişvili və Kobaxidze boylanır, Zurabişvilinin qeyri-populyar siması unutdurulur, onun ilk turdakı sloqanı da bir kənara atılıb. Əks-təbliğatda isə Saakaşvili dövründəki problemlər, qanunsuzluqlar qabardılır və "qanlı 9 il" deyə bəhs edilən həmin dövrdən narazılığı olan təbəqələr köhnə komandanın revanşı ilə qorxudularaq onların səsvermə üçün maksimum mobilizasiyasına çalışılır.
Bütün bunların nəticəsində faktiki olaraq, 28 noyabrda seçki yox, referendum olacaq və Gürcüstan vətəndaşları bu suala cavab verəcək: İvanişvili və onun komandası qalsın, yoxsa Saakaşvili və onun komandası qayıtsın?
Seçki ilk turdakı kimi minimal pozuntularla başa çatarsa, kim qalib gəlirsə gəlsin, udan xalq olacaq. Hökuməti bu cür fövqəladə tədbirlər görməyə, səs qazanmaq üçün dəridən-qabıqdan çıxmağa, borcları bağışlamağa sövq edən amil məhz müxalifətin qələbəsinin real olması ilə əlaqədardır. Əhalinin borc problemini Saakaşvili və Vaşadze gündəmə gətirmişdilər, hökumət isə dərhal reallaşdırdı. Bu, onu göstərir ki, demokratikləşmə, xalq qarşısında özünü məsul hiss edən hökumətin mövcud olması xalqın problemlərinin həllinə zəmin yaradır.
Amma onu da qeyd etmək lazımdır ki, İvanişvili bənzər vədləri əvvəllər də verib, sonra isə "unudub."