Dünya Bankı (DB) məşğulluğun dəstəklənməsi layihəsinin həyata keçirilməsi üçün Azərbaycana $100 mln. məbləğində kredit ayıra bilər.
FED.az xəbər verir ki, “Azərbaycan hökuməti belə bir layihə üçün kredit almaq məqsədi ilə Dünya Bankına rəsmi müraciət edib. Kreditin məbləği təxminən $100 mln. təşkil edir”, – deyə vəziyyətlə tanış olan hökumətdəki mənbə “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, layihənin təfsilatları Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və DB nümayəndələri arasında hələ müzakirə ediləcək.
“İnterfaks-Azərbaycan” agentliyinin malik olduğu layihə materiallarına əsasən, DB-nin Direktorlar Şurası bu layihə üçün kreditin ayrılmasını 2020-ci ilin mart ayında təsdiqləyə bilər.
Eləcə də bax: Gürcüstanın keçmiş baş naziri Dünya Bankında - ÇALIŞACAQ
Təklif olunan layihə Azərbaycan əhalisinin iş axtaran həssas qrupları: gənclər, qadınlar, məcburi köçkünlər, əlillər və təhsil səviyyəsi aşağı olan insanlar arasında məşğulluqla bağlı vəziyyətin yaxşılaşdırılmasına yönəldilib.
Layihə üç komponentdən ibarət olacaq: özünüməşğulluq proqramının əhatə dairəsi və səmərəliliyinin artırılması; işlə təmin etmə xidmətlərinin həyata keçirilməsi üçün Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsi; layihənin idarə edilməsi, monitorinq və qiymətləndirmə.
Xəbər verildiyi kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2019-cu ildə özünüməşğulluq tədbirlərinin təşkilinə 56 mln. 41,4 min manat (cari məzənnə ilə $33 mln.) yönəltməyi planlaşdırır.
2018-ci ildə proqram 6 min ailəni əhatə edib, 2019-cu ildə 8-10 min ailəni, 2020-ci ildə 15 minədək ailəni əhatə edəcək. Proqramın məqsədi insanların həyat səviyyəsini yaxşılaşdırmaq, kiçik sahibkarlığın inkişafına təkan verməkdən ibarətdir. Proqram aztəminatlı ailələr üçün nəzərdə tutulub. Belə ailələr kənd təsərrüfatı texnikası, avadanlıq və mal-qara ilə təmin olunur.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Bu günədək bank 54 layihənin həyata keçirilməsi üçün respublikaya ümumilikdə $3,4 mlrd. məbləğində kredit ayırıb.