Azərbaycan Beynəlxalq Bankı və “Azər Türk Bank”ın keçmiş rəhbərləri yəni, köhnə komanda birləşib yeni şirkət təsis ediblər. FED.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, yeni təsisat “Tenco Group” MMC adlanır.
Şirkətin qanuni təmsilçisi Rəşidov Mustafa Süleyman oğludur. MMC-nin müşahidə Şurasının üzvləri isə Məmmədov Elmar Məmməd oğlu, Xudayev Afiq Aslan oğlu və Adıgözəlov Fərhad Əsgər oğludur.
Yeni yaradılan MMC-lərin nizamnamə kapitalı adətən 10 manat olduğu halda, keçmiş bankirlər xəsislik etməyiblər. “Tenco Group” MMC-nin nizamnamə kapitalı 5 000 manat təşkil edir. Şirkət 2017-ci il noyabrın 30-da qeydiyyata alınıb. MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov ev 6, mənzil 2-dir.
Xatırladaq ki, Elmar Məmmədov 2009-2013-cü illərdə "Kapital Bank" ASC-nin, 2014 –2015-ci illərdə "Azər-Türk Bank" ASC-nin İdarə Heyətinin sədri olub. 2015-ci ilin iyulundan 2016-cı ilin dekabrına qədər "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edib. 2016-cı ilin dekabrında E. Məmmədov heç kimin gözləmədiyi halda vəzifəsindən azad ediləndən dərhal sonra hüquq-mühafizə orqanları onu saxlayıb.
Yeni şirkətin Müşahidə Şurasının digər üzvü Afiq Xudayev E.Məmmədovla birgə "Azər-Türk Bank" və "Azərbaycan Beynəlxalq Bankı"nda İdarə Heyətinin sədrinin birinci müavini olub. E.Məmmədov Beynəlxalq Banka gedəndən sonra Azəer-Türk Bankdakı mövqe estafetini Fərhad Adıgözəlova vermişdi. Beləliklə, F.Adıgözəlov “Azər Türk Bank”da İdarə heyətinin sədri vəzifəsində çalışıb. E.Məmmədovla eyni zamanda da bankir postunu tərk edib.
Beynəlxalq Bankın keçmiş sədrindən xəbər var: Yeni şirkət açdı
12:24
10 Yan 2018