Azərbaycanda bankların sahibkarların maliyyə əməliyyatları ilə bağlı məlumatları Vergi Xidmətinə təqdim etməsi qanunvericiliyə əsasən həyata keçirilir.
AMB: Azərbaycanda maaş almaq üçün könüllü bank seçimi 3-4 aya mümkün olacaq
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, qanuna əsasən, banklar VÖEN-i olan şəxslərin məlumatlarını ayda bir dəfə Vergi Xidmətinə təqdim etməlidir:
"Debet kart VÖEN-ə bağlı olduqda həmin məlumatlar avtomatik olaraq vergi orqanlarına ötürülür. Debet kart VÖEN-ə bağlı deyilsə, proses fərqli işləyir. Debet kart VÖEN-ə bağlı deyilsə və bank həmin əməliyyatlarda şübhə görürsə ki, bu sahibkarlıq fəaliyyətidir, onu şübhəli tranzaksiya kimi Maliyyə Monitorinqi Xidmətinə göndərir. Maliyyə Monitorinqi Xidməti həmin məlumatları təhlil edir və vergidən yayınma və ya digər qanun pozuntusu aşkar etdikdə məlumatı Vergi Xidmətinə və ya aidiyyəti qurumlara yönləndirir Bu normal beynəlxalq praktikadır".
Taleh Kazımov bildirib ki, biznes fəaliyyəti ilə bağlı əməliyyatlar sahibkar hesabları üzərindən aparılmalıdır: "Sahibkarlıq fəaliyyəti ilə əməliyyatları sahibkarlıq hesabları üzərindən keçirsinlər, onda onlara heç kim toxunmayacaq".
"Fiziki şəxslərin kartları üzərindən gün ərzində onlarla və ya yüzlərlə köçürmə şübhə yarada bilər və bu halda banklar araşdırma aparır. Hamı "card to card" əməliyyatlarından istifadə edir, amma bunun da ölçüsü var. Gün ərzində 3-5 dəfə bu əməliyyat edilir, amma gündə 50 dəfə olanda şübhə doğurur. Sizin hesabınıza gündə 50 dəfə əməliyyat gəlsə, bu, şübhəlidir. Burada dövriyyələr kifayət qədər yüksəkdir. Məbləğlər boyük olmasa da, gün ərzində bir şəxsə fərqli şəxslərdən yüzlərlə mədaxillər gəlir", - deyə o, əlavə edib.














